Naxçıvan Regional Peşə Tədris Mərkəzində “Əməyin mühafizəsi üzrə təlimatların əhəmiyyəti” mövzusunda kurs təşkil olunub. Kursun təşkilində əsas məqsəd ağır, zərərli və təhlükəli istehsalat müəssisələrinin əməyin mühafizəsi üzrə mütəxəssislərinin biliklərinin artırılmasıdır.
Noyabrın 16-da başlanan kursa “Gəmiqaya Beton Məmulatları Kompleksi”, “Gəmiqaya Yol, Su, Enerji”, “Gəmiqaya Kərpic Kompleksi”,“Gəmiqaya Daş Məhsulları Kompleksi”, “Cahan Beton Məmulatları Kompleksi”, “Dizayn Beton Məmulatları Kompleksi” Məhdud Məsuliyyətli cəmiyyətlərinin, Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsinin beton və asfalt zavodlarının, “Naxavtoyol” Dövlət Şirkətinin asfalt zavodunun və “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin Qarabağlar və Qızılvəng daş karxanalarının, ümumilikdə, 10 mütəxəssisi cəlb edilib.
7 gün davam edəcək kursda Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin mütəxəssisləri tərəfindən “Əməyin mühafizəsi üzrə təlimatlar işçi sağlamlığının təminatıdır”, “Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına dair təlimat jurnallarının hazırlanması”, “Giriş, ilkin, təkrar, növbədənkənar təlimatların əməyin mühafizəsində rolu”, “Hər bir işçinin öz peşəsinə uyğun olaraq təlimatlandırılması”, “İş yerlərində işarəverici və xəbərdaredici lövhələrin asılması” və digər mövzular tədris olunacaq.
Yekunda kurs iştirakçılarının bu sahədə bilikləri yoxlanılacaq.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin mətbuat xidməti