Novruz bayramının yaxınlaşması xaricdən gətirilən tezalışan maddələrə və pirotexniki vasitələrə qarşı mübarizə tədbirlərinin artırılmasını yenidən gündəmə gətirib. İdxal olunan müxtəlif vasitələr hesabına ictimai asayişin pozulması, insanların sağlamlığının, rahatlığının və ətraf mühitin təhlükə altına alınması hallarına qarşı mübarizə məqsədilə muxtar respublika gömrük orqanları gücləndirilmiş iş rejiminə keçib.
Qeyd edək ki, 23 dekabr 2003-cü il tarixli 565 nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən, partlayıcı maddə və qurğuların, eləcə də tezalışan maddələrin və pirotexniki vasitələrin mülki dövriyyəsi tamamilə məhdudlaşdırılıb. Yalnız xüsusi icazə əsasında idxalına yol verilən bu tip qurğu, maddə və məmulatların vətəndaşlar tərəfindən ölkə ərazisinə gətirilməsi, satışı və istifadəsi qanunla qadağan olunub.
Ötən illərlə müqayisədə pirotexniki məmulatların qanunsuz dövriyyəsinə cəhd edənlərin sayında azalma müşahidə olunsa da, bayram ərəfəsində yenə də bir sıra faktlar aşkarlanıb. Əhalidə, xüsusən də uşaqlarda köhnədənqalma “bayram adət-ənənəsi”nə bağlılıqdan istifadə etməklə qazanc əldə etmək istəyənlər yol verdikləri əməlin məsuliyyətinə, insanların sağlamlığına, rahatlığına, ətraf mühitə dəyə biləcək zərər və ziyana məhəl qoymadan müxtəlif üsul və vasitələrə əl atmaqla gömrük nəzarətindən yayınmağa cəhd göstəriblər. Bunun üçün nəqliyyat vasitələrində düzəldilmiş müxtəlif gizli saxlanc yerlərindən istifadə olunub. Pirotexniki vasitələr digər malların arasında, vətəndaşların öz üzərlərində və əl yükləri arasında gizlədilərək gətirilib.
Bu vaxta qədər gömrük orqanları tərəfindən, ümumilikdə, 10 adda 4701 ədəd pirotexniki vasitə saxlanılaraq barəsində müvafiq tədbirlər görülüb. Xeyli sayda pirotexniki vasitə gətirən şəxslərlə bağlı araşdırmalar yekunlaşdırılıb və barələrində inzibati xəta işi açılaraq baxılması üçün məhkəmələrə göndərilib.
Xatırladaq ki, malların gömrük nəzarətindən gizli, eləcə də bəyanetməmə və ya düzgün bəyanetməmə yolu ilə keçirilməsi hallarına qarşı malın dəyərindən asılı olaraq, Azərbaycan Respublikası Cinayət və İnzibati Xətalar məcəllələrində müxtəlif növ cəza və cərimələr nəzərdə tutulub.
Naxçıvan Muxtar Respublikası
Dövlət Gömrük Komitəsinin mətbuat xidməti