13 noyabr – Beynəlxalq Gözdən Əlillər Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında tədbirlər təşkil olunub.
Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Qadir Əliyev bildirib ki, ictimaiyyətin diqqətini gözdən əlillik və zəif görmə problemlərinə cəlb etmək məqsədilə Ümumdünya Səhiyyə Təşkilatının qərarı ilə 13 noyabr Beynəlxalq Gözdən Əlillər Günü kimi təsis edilib. Bu tarix dünyada ilk dəfə gözdən əlillər üçün qabartmalı şriftlər yaradan və görmə məhdudiyyəti olan şəxslərə təlim keçən fransız pedaqoqu Valentin Qayuinin anadan olduğu gündür. Vurğulanıb ki, muxtar respublikada görmə məhdudiyyəti olan şəxslərə göstərilən müxtəlif növ sosial xidmətlərin səviyyəsi getdikcə yüksəlməkdədir. Bu qəbildən olan insanların maddi və mənəvi cəhətdən dəstəklənməsi, cəmiyyətə inteqrasiyası, habelə asudə vaxtlarının səmərəli təşkili məqsədilə müxtəlif tədbirlərin keçirilməsi diqqət mərkəzində saxlanılır.
Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində görmə məhdudiyyəti olan şəxslərin informasiya texnologiyalarının imkanlarından istifadələri üçün hərtərəfli şərait yaradılması həmin şəxslərə dövlət qayğısının ifadəsi kimi dəyərləndirilir. Bu kateqoriyadan olan şəxslər üçün brayl əlifbasının tədrisi üzrə kurslar təşkil olunur, onlara audio kitabxana xidməti göstərilir.
Həmin gün muxtar respublikanın rayon mərkəzlərində də bu münasibətlə keçirilən tədbirlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və müvafiq rayon İcra Hakimiyyətinin nümayəndələri çıxış edərək məhdud fiziki imkanlı şəxslərin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışıblar.
Tədbirdə iştirak edə bilməyən görmə məhdudiyyəti olan şəxslərə evlərində baş çəkilib, onlara sovqat verilib.
Bu tədbirlərdə, ümumilikdə, görmə məhdudiyyəti olan 318 şəxsə sovqat təqdim olunub.
Tədbir iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti