Muxtar respublikada sağlamlıq imkanları məhdud, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunublar. Onların sağlam böyümələri, təhsil almaları, cəmiyyətə inteqrasiyaları, habelə asudə vaxtlarını səmərəli keçirmələri istiqamətində davamlı tədbirlər həyata keçirilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilən “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı”nın icrası bu kateqoriyadan olan uşaqların müasir dövrün tələbləri səviyyəsində təhsil almasına, cəmiyyətə daha fəal inteqrasiyasına imkanlar yaradıb. Dövlət proqramının icrası ilə bağlı Bilik Günü ərəfəsində yuxarıda adıçəkilən kateqoriyalardan olan uşaqlara məktəbli forması, çantası və dərs ləvazimatları təqdim olunub. Həmin tədbirlərin davamı olaraq, bu kateqoriyadan olan uşaqlara qış geyimi verilib.
Bu münasibətlə noyabrın 7-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində təşkil olunan tədbirdə təhsil naziri Piri Nağıyev, əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək bu kateqoriyadan olan uşaqların təhsil almaları, yaradıcılıq potensiallarının inkişafı üçün yaradılan şəraitdən, onların problemlərinin yerindəcə həll olunmasından, habelə asudə vaxtlarının səmərəli təşkilindən bəhs ediblər.
Naxçıvan şəhərində və rayonlarda keçirilən tədbirlərdə sosial müdafiəyə ehtiyacı olan, ümumilikdə, 373 məktəbli uşağa qış geyimi təqdim olunub. Təhsil Nazirliyi hər iki valideynini itirmiş 32, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sağlamlıq imkanları məhdud 261, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi isə aztəminatlı ailələrdən olan, hər iki valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 80 şagirdə qış geyimi verib.
Tədbir iştirakçıları sosial qayğıya ehtiyacı olan uşaqlara göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, distant tədrisə cəlb olunan sağlamlıq imkanları məhdud 22 uşağa da qış geyimi evlərində təqdim olunub.
Xəbərlər şöbəsi