22 Dekabr 2024, Bazar

Sığorta əhəmiyyətli xidmət sahəsidir. İqtisadi ədəbiyyatlarda sığorta nisbətən mürəkkəb bir maliyyə xidməti növü kimi də göstərilir.
Sığorta müasir cəmiyyətin inkişafının tələblərindən biridir. O, mövcud digər iqtisadi münasibətlərə paralel olaraq inkişaf edir, insanların həyat və sağlamlığına, daşınmaz əmlakına, avtomobilinə və ev əmla­kına dəymiş zərərlərin əvəzinin ödənilməsinə imkan yaradır. İnsanlar sığorta müqaviləsi bağlayaraq müqavilədə göstərilən gözlənilməz hadisələr baş verdikdə qanunla müəyyən olunmuş məbləğdə sığorta ödənişləri alırlar ki, bu da dəymiş maddi zərərin bərpa olunmasını təmin edir. Sığortanın inkişafı ilə əldə olunan təcrübə göstərir ki, cəmiyyətdə sı­ğortaya olan münasibət geniş maarifçilik tələb edir. Belə ki, təklif olunan risk üzrə sığorta müqaviləsinin bağlanılıb-bağlanılmaması, baş verən hadisələrin sığorta hadisəsi kimi qiymətləndirilməsi baxımından buna çox ehtiyac vardır. Əslində, baş verən hadisələrdən hansının məhz sığorta hadisəsi olduğu sığorta müqaviləsində dəqiq əks olunsa da, vətəndaşlar tərəfindən bəzi hallarda əsası olmayan yanaşmalar bir çox suallar yaradır.

Cəmiyyətimizdə müasir sığorta fəaliyyəti öyrənilməsi və tətbiq olunması baxımından nisbətən yeni sahədir. Sığortanın dünyada inkişaf tarixinə nəzər saldıqda hələ yüz illər öncəsindən Avropada onun hansı zərurətlər nəticəsində yarandığını görmək olar. İnsanların iqtisadi və sosial fəallıqları, sərbəst sahibkarlıq fəaliyyətləri artdıqca gözlənilməz hadisələrin zərərlərinin də məhz sığorta yolu ilə aradan qaldırılmasının əhəmiyyəti görünür. Bu isə cəmiyyətdə növbəti bir məsələnin – sığorta savadlılığının inkişafını ön plana çəkir. Çünki sığorta münasibətləri zamanı yaranan mübahisələr məhz vətəndaşların qanunun tələblərini bilməməsindən irəli gəlir. Bu sahənin yeni olması, vətəndaşların sığorta haqqında biliklərinin azlığı səbəbindən bir çox hallarda ödənilən sığorta ödənişlərinin təyinatı haqqında düzgün olmayan təsəvvürlər formalaşır. Misal üçün, mülki məsuliyyətini icbari sığortalamış avtomobil sahibi kimi qanunun tələblərini yaxşı bilməyən və yol-nəqliyyat hadisəsi zamanı başqasına deyil, öz avtomobilinə dəymiş zərərin əvəzini tələb edən vətəndaşlara hələ də rast gəlinir. Bu gün sığorta müqaviləsi bağlanılan hər bir vətəndaşa izah olunur ki, bu icbari sığorta üzrə onun günahı ucbatından yalnız üçüncü şəxsin əmlakına vurduğu zərər ödənilir. Bu halda vətəndaşın öz avtomobilinə dəymiş zərərin ödənilməsi üçün onun avtomobilinin tam sığortası müqaviləsinin olması əsas şərtdir. Digər bir misal. Daşınmaz əmlakın icbari sığortası zamanı bağlanan müqavilədə əmlaka hansı hallarda dəyə biləcək zərərlərə təminat verildiyi açıq yazılmışdır. Lakin çox rast gəlinən halların təhlili göstərir ki, bəzi vətəndaşlar sığorta hadisələrindən əlavə köhnəlmə, korroziyaya uğrama kimi müqavilədə göstərilməyən hallara görə sığorta ödənişləri tələb edirlər. Məsələn, daşınmaz əmlak güclü sel və qrunt sularının üzə çıxmasından zərər çəkə bilər. Bu zaman yalnız selin vurduğu zərər sığorta müqaviləsinə əsasən ödənilməlidir. Ona görə də qrunt sularına yaxın yerdə daşınmaz əmlak inşa edərkən, eyni zamanda əgər inşa olunmuşsa onu sığorta etdirərkən əmlak sahibi bu barədə sığortaçıya məlumat verməlidir. Çünki baş vermiş hadisənin sığorta hadisəsi kimi qiymətləndirilərək onun nəticəsində əmlaka dəymiş zərərlərin əvəzinin ödənilməsi qanunla müəyyən olunan sığorta hadisələri üçün tətbiq olunur. Qanunda göstərilməyən hallar üçün sığorta ödənişi verilməsi mümkün deyildir. Daşınmaz əmlakın icbari sığortası üzrə cəmi 0,2 faiz hesabı ilə 40 manat ödənilməklə, 20 min manatlıq sığorta ödənişinə təminat verilməsi sığorta hadisəsi olmayan hallar üçün nəzərdə tutulmamışdır.
Naxçıvan Muxtar Respublikasında sığorta işinin genişləndirilməsi və vətəndaşların bu vacib tələbatının ödənilməsi üçün tətbiq olunan qanunlar və həyata keçirilən tədbirlər bu sahənin işinin davamlı olaraq təkmilləşdirilməsi üçün hərtərəfli imkanlar açır. Sığorta fəaliyyətinin günün tələbləri səviyyəsində yenidən təşkil olunması, sığortanın dünyanın bir çox yerlərində tətbiq olunan forma və növlərinin genişləndirilməsi müasir həyatın real şərtlərindəndir. Məhz buna görə də 30 noyabr 2011-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Muxtar respublikada sığorta fəaliyyəti və qarşıda duran vəzifələr barədə” keçirilən müşavirəni xüsusilə qeyd etmək lazımdır. Müşavirədə muxtar respublikada sığortanın inkişafının mövcud vəziyyəti ətraflı müzakirə olunmuş, sığortanın bütün növlərinin inkişafının təmin edilməsi, hüquqi və fiziki şəxslərin xidmətin bu növündən faydalanması üçün geniş izahat-təbliğat işinin aparılması, aidiyyəti orqanlar tərəfindən qanuna müvafiq tədbirlər görülməsi barədə mühüm tapşırıqlar verilmişdir. Həmin müşavirədən sonra muxtar respublikada sığortanın bütün növlərinin inkişafı üçün yeni mərhələ başlanmışdır.
Sığorta qəfil riskli hadisələr və onların vurduğu maddi zərərlərin ödənilməsi üzərində yaranıb inkişaf edən sahədir. İnsanların riskləri düzgün qiymətləndirməsi onların öz şəxsi can və əmlak təhlükəsizliyi kimi sığortanın da davamlı olmasına mühüm təsir edir. Belə risk doğuran hallar isə həm sığorta agentliyinin mütəxəssisləri, həm də bütün vətəndaşlar tərəfindən düzgün qiymətləndirilməli, qanunlara ciddi əməl olunmalıdır.

Əli Cabbarov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR