22 Dekabr 2024, Bazar

Noyabrın 3-də məhdud fiziki imkanlılar üçün Distant Tədris Mərkəzində quraşdırılan yeni avadan­lıqlara baxış olmuşdur.
Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri Rövşən Məmmədov demişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamına uyğun olaraq, ötən il Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində Distant Tədris Mərkəzi istifadəyə verilmişdir.

Açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov muxtar respublikada distant təhsilə keçid istiqamətində həyata keçirilən tədbirlərin və bu sahədə yeni texnologiyaların tətbiqinin bundan sonra da davam etdirilməsi, eləcə də mərkəzin imkanlarının artırılması barədə tapşırıqlar vermişdir. Ali Məclis Sədrinin tapşırığına uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi Çin Xalq Respublikasının “Huawei” şirkəti ilə birlikdə Distant Tədris Mərkəzində 70 min ABŞ dolları dəyərində yeni avadanlıqlar quraşdırmış, nəticədə, 150 istifadəçi yeri yaradılmışdır. Bu da daha çox şagirdin videobağlantı vasitəsilə məsafədən tədris prosesinə qoşulmasına imkan verəcəkdir.
Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov qeyd etmişdir ki, “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı”na uyğun olaraq, muxtar respublikada məhdud fiziki imkanlı uşaqların təhsilə cəlbi diqqət mərkəzində saxlanılır. Ötən il məhdud fiziki imkanlılar üçün Distant Tədris Mərkəzində yeni tədris sinfi yaradılmış, elektron lövhə, kompüter, smart kamera, monitor və digər texniki avadanlıqlar quraşdırılmışdır. Həmçinin muxtar respublikada bu kateqoriyadan olan uşaqlar məktəbli forması və ləvazimatları ilə təmin olunmuş, onların yaşadığı mənzillərdə asinxron rəqəmsal abunəçi avadanlığı, noutbuk və veb-kameralar qoyulmuşdur. Mərkəzdə çalışan 4 müəllimə, eləcə də uşaqların valideynlərinə sistemdən istifadə qaydalarının öyrədilməsi məqsədilə kurs keçirilmişdir. Bu il quraşdırılan yeni avadanlıqlar mərkəzin imkanlarını genişləndirmiş, yeni qrup yaradılmışdır. Hazırda mərkəzdən 22 məhdud fiziki imkanlı şagird istifadə edir.
“Huawei” şirkətinin nümayəndəsi Zhou Jibo təmsil etdiyi şirkət tərəfindən Naxçıvanda elektron təhsil sahəsində görülən işlərdən danışmış, şirkətin gələcəkdə də bu istiqamətdə həyata keçirilən layihələrdə yaxından iştirak etməyə hazır olduğunu bildirmişdir.
Baxış zamanı qeyd olunmuşdur ki, şagirdlər videobağlantı vasitəsilə keçilən dərsləri dinləmək və müəllimlərlə birbaşa əlaqə saxlamaq imkanına malikdirlər. Tədris sinfindəki interaktiv lövhə elektron dərsliklərdən və digər multimedia tədris avadanlıqlarından istifadəyə imkan verir. Bu da şagirdlərin daha çox biliklərə yiyələnməsi ­baxımından mühüm əhəmiyyət daşıyır.
Valideynlər yaradılan şəraitə görə Ali Məclisin Sədrinə minnətdarlıqlarını bildirmiş, Distant Tədris Mərkəzində yeni avadanlıqların qurulmasını sağlamlıq imkanları məhdud uşaqlara göstərilən növbəti qayğı kimi dəyərləndirmişlər.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR