22 Dekabr 2024, Bazar

Qarşıdan qış mövsümü gəlir. Havaların soyuması ilə əlaqədar olaraq, muxtar respublika ərazisində əhalinin mavi yanacağa olan tələbatı artmağa başlayıb. Ötən illərin təcrübəsi göstərir ki, bəzi hallarda vətəndaşlar tərəfindən qaz cihazlarından təhlükəsizlik qaydalarına uyğun istifadə edilmə­məsi səbəbindən çox vaxt insan itkisi ilə nəticələnən partlayış, yanğın və zəhərlənmə kimi bədbəxt hadisələr baş verir. Sakinlər hələ də təbii qazdan, ümumiyyətlə, qaz cihazlarından istifadə edərkən yanğın təhlükəsizliyi qaydalarına tam əməl etmirlər. Onlar standartlara uyğun olmayan, istehsal mənşəyi bilinməyən qaz cihazlarından istifadə edir, qaz xətlərinin özbaşına çəkilməsi, qaz cihazlarının yerinin dəyişdirilməsi, təmiri və əlavə qaz cihazlarının quraşdırılması kimi hallara yol verirlər. 

Bütün bunları nəzərə alaraq Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi qaz cihazları və qaz təsərrüfatı ilə bağlı təhlükəsizlik qaydalarının tələblərini bir daha istehlakçıların nəzərinə çatdıraraq aşağıdakı yanğın təhlükəsizlik qaydalarına ciddi əməl olunmasını vacib hesab edir.
Qaz təsərrüfatının mövcud olduğu sahələrdə yanğın, partlayış və zəhərlənmə kimi hallardan mühafizə olunmaq üçün mülkiyyət formasından asılı olmayaraq, hər bir təşkilatın, həmçinin hər bir vətəndaşın bir sıra qaydalara, xüsusən də yanğın təhlükəsizliyi qaydalarına əməl etməsi zəruridir.

Qaz təsərrüfatı ilə bağlı yanğın təhlükəsizliyi qaydalarına tikinti və quraşdırma işlərindən başlamaq lazımdır. Təyinatından asılı olmayaraq, bina və qurğulara qaz kəməri çəkilərkən kəmər binanın bünövrəsindən binaya polad qılaf daxilində keçməlidir. Qılafın daxilində qaz kəmərinin birləşmə hissələri olmamalı, torpaqdan çıxdığı yerdə isə zədədən mühafizə edilməlidir. Qaz kəməri binanın üstündən çəkilərsə, kəmərin aşağı hissəsindən bina örtüyünə qədər məsafə ən azı 50 santimetr olmalı, divarboyu çəkildiyi halda isə pəncərə və qapıların qarşısını kəsməməlidir. Qaz kəmərinin balkon və pəncərə altından keçdiyi yerdə birləşmə olmamalı, kəmər elektrik açarına qədər ən azı 50 santimetr məsafədə olmalı, əsas bağlayıcı açar binadan xaricdə quraşdırılmalıdır. Qaz kəməri elə çəkilməlidir ki, o başqa otaqlara deyil, bilavasitə, qaz işlədən qurğunun yerləşdiyi otağa daxil olsun. Bir sıra təhlükəli hallara şərait yaratdığından lift şaxtası, havadəyişmə şaxta və kanalları, eləcə də tüstü boruları ilə qaz kəmərinin çəkilməsi qadağan olunur.
Təhlükəsizliyi təmin etmək üçün yaşayış binalarında digər tələblər də yerinə yetirilməlidir. Birinci növbədə, yaşayış binasının qaz kəməri polad borudan olmalı, suvaq altından deyil, açıq havada çəkilməlidir. Qazın pilətəyə verilməsində rezin şlanqlardan istifadə olunması qəti qadağandır. Qaz pilətəsi qurulan mətbəxin hündürlüyü 2,2 metrdən az olmamalı, mətbəxin pəncərəsi açıq nəfəslik və havadəyişmə kanalı ilə təmin edilməlidir.
Bu qaydaların pozulması ilə yanaşı, bir sıra digər səbəblər də yanğın baş verməsinə şərait yaradır. Məişətdə işlədilən qaz cihazlarından törənən yanğınların əsas səbəbi boru kəmərlərində, birləşmə qovşaqlarında kipliyin pozulması və qaz pilətələrinin odluqlarından qazın sızmasıdır. Təbii qaz, eləcə də mayeləşdirilmiş balon qazı hava ilə birlikdə partlayış təhlükəli qarışıqlar əmələ gətirməyə qadirdir. Elə buna görə də mənzildə və digər yerlərdə qaz qoxusu hiss etdikdə kibrit, alışqan yandırmaq, hər hansı elektrik qurğu və cihazlarından istifadə etmək, o cümlədən onları cərəyana qoşmaq və ayırmaq olmaz. Açıq oddan istifadə etmək, siqaret çəkmək də qaz dolmuş yerlərdə partlayış və yanğına səbəb ola bilər. Qazın sızması müxtəlif səbəblərdən ola bilər. Əgər sızma qaz cihazındakı kranın açıq qalmasından əmələ gəlmişsə, onu bağlamaq, mənzilin havasını dəyişmək üçün qapı və pəncərələri açmaq, hava axını yaratmaq lazımdır. Əgər qazın sızması qaz kəmərinin və ya qaz cihazının zədələnməsindən əmələ gəlmişsə, onda qazdan istifadə etmək olmaz və təcili qəza xidmətinə (104) xəbər vermək lazımdır. Qaz kəmərlərindən, qaz balon və cihazlarından qazın sızmasını yoxlamaq üçün açıq oddan istifadə etmək qəti qadağandır.
Qazdan istifadəni dayandırarkən odluğu üfürməklə söndürmək olmaz. Belə hallarda od sönə bilər, lakin odluqdan qaz çıxmaqda davam edəcəkdir. Bunun nəticəsində otaqda partlayış təhlükəli qaz-hava qatışığı toplaşa bilər.
Qaz cihaz və qurğularının yerinin dəyişdirilməsi yalnız bu sahə üzrə mütəxəssislər tərəfindən həyata keçirilməlidir.
Zəhərlənməyə səbəb olan amillərdən biri də əhali tərəfindən yaşayış sahələrində kustar qaydada hazırlanmış qeyri-standart qızdırıcı qaz cihazlarından və su qızdırıcılarından istifadə olunmasıdır. Belə ki, bu cihazların aidiyyəti dövlət nəzarət orqanlarının icazəsi olmadan müəyyən sexlərdə istehsal edilməsi, satışa buraxılması, əksər hallarda qüvvədə olan norma və qaydaların tələblərinə zidd olaraq istifadəsi, qadağan olunmuş yerlərdə quraşdırılması qəzaların başvermə ehtimalını daha da artırır. Buna görə də satış məntəqələrindən, əsasən, zavodda istehsal edilmiş qaz cihazlarını əldə etmək məsləhət görülür. Qeyri-standart qaz cihazlarından istifadə edilməsinə, ümumiyyətlə, yol verilməməlidir.
Qaz cihazları alan zaman onun uyğunluq sertifikatını və texniki pasportunu satışı həyata keçirən mağaza sahiblərindən tələb etmək vacibdir. Cihaz quraşdırıldıqdan sonra onun istifadə qaydaları ilə tanış olmaq lazımdır. Çünki partlayış, yanğın və dəm qazı ilə zəhərlənmə kimi qəza hadisələrinin əksəriyyəti bu qaydaları bilməməkdən və ya onlara riayət edilməməsi səbəbindən baş verir. Bunun üçün cihazın istismarı qaydaları, avtomatik təhlükəsizlik qurğusu ilə təchiz olunub-olunmamasını, tüstü borusunun düzgün quraşdırılmasını, ən vacibi isə hansı şəraitdə normal rejimdə işləməsi məsələlərini dəqiq bilmək və yadda saxlamaq lazımdır.
Qazla əlaqədar təhlükəsizlik qaydalarını hamı bilməli, ona hər bir vətəndaş ciddi əməl etməlidir. Bu qaydalara əməl etməklə biz zəhərlənmə, yanğın, partlayış təhlükəsini aradan qaldıra, özümüzü, ailə üzvlərimizi, ətrafdakı insanları bədbəxt hadisələrə düçar olmaqdan qurtara bilərik.
Qaz cihazları ilə bağlı hər hansı təhlükə ilə üzləşdikdə dərhal Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə və ya Dövlət Yanğın Təhlükəsizliyi şöbələrinin “101” xidmətinə məlumat verilməlidir.

Mirtaleh SEYİDOV
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşı

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR