“Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il 15 iyul tarixli Fərmanının icrası ilə əlaqədar olaraq, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) internet səhifəsi yaradılmışdır. Bu, məcburi dövlət sosial sığortahaqqı ödəyicilərinin məcburi dövlət sosial sığorta haqlarını plastik bankomat kartları vasitəsilə və ya banklarda nağd qaydada onlayn ödəməsinə, vətəndaşların fonda elektron müraciət etmələrinə və elektron xidmətlərin göstərilməsinə geniş imkanlar açmışdır.
Naxçıvan Muxtar Respublikasının Elektron Hökumət Portalına və Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun internet səhifəsinə təqdim olunmuş 20 elektron xidmətin sayı 15-ə çatdırılmışdır.
Bu ay aktivləşdirilən “Ailə-kəndli təsərrüfatının onlayn uçota alınması” və “Kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxsin onlayn uçota alınması” elektron xidmətləri vasitəsilə ailə-kəndli təsərrüfatları və mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslər fonda gəlmədən, heç bir sənəd təqdim etmədən fərdi qaydada onlayn şəkildə sığortaedən kimi uçota alınacaq, onlara “Sığortaedənin uçot nömrəsi” veriləcəkdir.
Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqlardan istifadə edən torpaq mülkiyyətçiləri əvvəllər Dövlət Sosial Müdadiə Fondunun şəhər və ya rayon şöbələrində uçota durmaq üçün ərizə, torpağa mülkiyyət hüququnu təsdiq edən sənədin notarial qaydada təsdiq olunmuş surətini, ailə üzvlərinin tərkibi və onların məşğulluğuna dair müvafiq qaydada təsdiq olunmuş sənədləri, ailə-kəndli təsərrüfatları isə fondun yerli orqanlarına ərizə, onların bələdiyyə orqanlarında uçotunu təsdiq edən sənədin və ailə-kəndli təsərrüfatı üzvlərinin statusunu təsdiq edən vəsiqənin surətini təqdim edirdilər. İndi isə kənd təsərrüfatına yararlı torpaq sahəsi olan torpaq mülkiyyətçiləri bu elektron xidmətlərdən istifadə etməklə əlavə vaxt itkisinin qarşısını ala bilərlər. Bunun üçün dsmf.nakhchivan.az internet səhifəsinə daxil olan hər bir torpaq mülkiyyətçisi həmin elektron xidmətlər bölməsində seçilmiş müvafiq xanaları dolduraraq sorğu edir. Təqdim edilmiş elektron ərizə formaları yoxlandıqdan sonra sığortaolunan üçün fərdi şəxsi hesab açılır və onun soyadı, adı, atasının adı, doğulduğu tarix və yer, cinsi və sosial sığorta nömrəsi (SSN) əks olunan dövlət sosial sığorta şəhadətnaməsi bir ay ərzində rəsmiləşdirilir. Qeyd etmək lazımdır ki, açılan pəncərədə еlеktrоn imza sahiblərinin elektron imza kartlarından istifadə etmələri, əgər istifadəçinin elektron imzası yoxdursa, istifadəçinin elektron hökumət portalından müvafiq məlumatları dolduraraq qeydiyyatdan keçməsi tələb olunur.
İndi məcburi dövlət sosial sığortahaqqı ödəyiciləri istənilən yerdə internetə daxil olaraq məcburi dövlət sosial sığorta haqlarını plastik kartlar vasitəsilə və ya banklarda nağd qaydada onlayn ödəyə bilərlər. 2015-ci ilin sentyabr ayında 2370 sığortaedən tərəfindən 88 min 190 manat məcburi dövlət sosial sığortahaqqı onlayn ödəmə sistemi vasitəsilə ödənilmişdir. Mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan mülkiyyətçilərin məcburi dövlət sosial sığorta haqlarını rahat şəkildə ödəməsi üçün DSMF-nin müvafiq şöbələri və poçt şöbələri arasında müvafiq müqavilələr imzalanmışdır. Bununla da, kənd yerlərində yaşayan sığortaedənlərin məcburi dövlət sosial sığorta haqlarını heç bir yerə getmədən yaşadıqları yerdə ödəməsi üçün əlverişli şərait yaradılmışdır. Qeyd edək ki, 2015-ci ilin ilk 9 ayı ərzində mülkiyyətində kənd təsərrüfatına yararlı torpaqlar olan torpaq mülkiyyətçilərindən 514 min 950 manat məcburi dövlət sosial sığorta haqları daxil olmuşdur.
Məlumat üçün bildirək ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqlardan istifadə edən şəxslərin (hüquqi şəxs yaradanlardan, ailə-kəndli təsərrüfatı üzvlərindən başqa) əmək qabiliyyətli ailə üzvlərinin hər biri üçün (alınan əmlak və torpaq payı hesabına şəxsi yardımçı və digər təsərrüfatlar daxil olmaqla) torpaq sahəsinin hər hektarına görə ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqının, yəni 105 manatın torpaqların 1-ci keyfiyyət qrupu üzrə 12 faizi (12 manat 60 qəpik), torpaqların 2-ci keyfiyyət qrupu üzrə 8 faizi (8 manat 40 qəpik), torpaqların 3-cü keyfiyyət qrupu üzrə 4 faizi (4 manat 20 qəpik), torpaqların 4-cü keyfiyyət qrupu üzrə isə 2 faizi (2 manat 10 qəpik) miqdarında məcburi dövlət sosial sığortahaqqı ödənilir.
Qeyd etmək lazımdır ki, elektron xidmətlər interaktiv olmaqla istifadə etmək də ödənişsizdir. Digər elektron xidmətlərin də yaxın vaxtlarda fəaliyyət göstərməsi üçün fond tərəfindən müvafiq işlər aparılır.
Rza QARAYEV
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun
mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi