Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən əhaliyə göstərilən səyyar xidmətlər muxtar respublika sakinlərinin bir sıra çətinliklərinə son qoyub. Səyyar xidmətlərin göstərilməsi üçün Daxili İşlər Nazirliyinə “Hyundai” markalı avtomobil verilib, bu avtomobil lazımi avadanlıqlarla təchiz edilib.
Ötən müddət ərzində səyyar xidmət avtomobili muxtar respublikanın bir sıra kənd yaşayış məntəqələrində olub, əhaliyə səyyar xidmət göstərib. Bununla bağlı nazirliyin əməkdaşı, polis baş leytenantı Seymur Tağıyevə müraciət etdik. O bildirdi ki, vətəndaşlara ümumvətəndaş pasportunun və şəxsiyyət vəsiqəsinin verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, məhkumluq haqqında və arxiv arayışlarının verilməsi, eləcə də ov silahlarının qeydiyyata alınması üzrə xidmətlər göstərmək imkanları yaradılıb.
Cari ilin oktyabr ayının 26-da səyyar xidmət avtomobili Culfa rayonunun Yaycı kəndində olub. Burada 63 şəxsiyyət vəsiqəsi üçün vətəndaşlardan sənədlər qəbul edilib, 11 nəfərə sürücülük vəsiqəsi verilib. Əbrəqunus kəndində də əhaliyə səyyar xidmət göstərilib. Bu yaşayış məntəqəsində 13 şəxsiyyət vəsiqəsi üçün müraciət olunub. 5 nəfər sürücülük vəsiqəsi alıb.
Dünən səyyar xidmət avtomobilinin xidmətindən Kırna kəndində də istifadə edilib, 10 şəxsiyyət vəsiqəsi üçün sənədlər qəbul olunub, 9 nəfərə sürücülük vəsiqəsi verilib.
Səyyar xidmət avtomobili bu gün Culfa rayonunun Xanəgah kəndində olacaq.
Məlumat üçün bildirək ki, Culfa rayonundan əvvəl səyyar xidmət avtomobili Ordubad rayonunun Yuxarı Əndəmic, Yuxarı Əylis, Vənənd, Biləv, Aza kəndlərində həmin yaşayış məntəqələrinin və yaxın kəndlərin sakinlərinə xidmət göstərib. Belə ki, 188 nəfərə şəxsiyyət vəsiqəsi hazırlamaq üçün sənədlər qəbul edilib. 18 nəfərə sürücülük vəsiqəsi və bir nəfərə məhkumluq haqqında arayış verilib.
Xəbərlər şöbəsi