30 Dekabr 2024, Bazar ertəsi

Qarşıdan xalqımızın ən əziz bayramı olan Novruz gəlir. Hər il olduğu kimi, bu il də muxtar respublikamızın sakinləri xalqımızın qədim el bayramı olan Novruzu böyük sevinc və yüksək əhval-ruhiyyə ilə qarşılamağa hazırlaşırlar. Novruz bayramı günlərində muxtar respublika ərazisində yanğın təhlükəsizliyinin etibarlı təmin olunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirən Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin Dövlət Yanğın Təhlükəsizliyi şöbələrinin əməkdaşları tərəfindən bayram tədbirləri və şənlikləri keçiriləcək mədəniyyət müəssisələrində və kütləvi insan toplaşan yerlərdə yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə yanğın-texniki müayinələr keçirilərək maarifləndirici söhbətlər aparılıb.

Bir çox hallarda vətəndaşlar tərəfindən tonqal qalanarkən onun yerinin düzgün seçilməməsi və yandırılmış tonqalın nəzarətsiz qalması nəticəsində yanğınlar baş verir. Tonqal qalanan yerlərdə əvvəlcədən təhlükəsizlik tədbirləri həyata keçirmək vacib şərtlərdən biridir. Novruz bayramında tonqallar ətrafda olan yanar materiallardan, mühəndis-texniki qurğulardan, qaz xətlərindən, elektrik və rabitə xətləri çəkilmiş dirəklərdən, binalardan, evlərdən, yardımçı tikililərdən, ot-saman tayalarından, tezalışan maye və materiallar saxlanılan yerlərdən kənarda qalanmalıdır.

Bundan başqa, Novruz şənliklərində yanar mayelərlə hopdurulmuş məşəllərin, pirotexniki qurğuların, qığılcımsaçanların və fişənglərin azyaşlı uşaqlar tərəfindən havaya atılmasına yol verilməməlidir. Çünki məşəllər evlərin dam örtüklərinin, həyətyanı sahələrə yığılmış yanar materialların, çəpərlərin və ot-saman tayalarının yığıldığı yerlərin üzərinə düşə bilər və güclü yanğınların baş verməsinə səbəb olar. Yüksəkliklərdə, dağ və dağətəyi yerlərdə avtomobil şinlərinin üst-üstə yığılaraq yandırılması yanğın cəhətdən daha təhlükəlidir. Belə hallarda yanan şinlər diyirlənərək ətrafdakı yaşayış sahələrində yeni yanğın ocaqlarının yaranmasına səbəb olar. Novruz şənliklərinin və tədbirlərin keçirildiyi küçə və meydanlarda kütləvi şəkildə toplaşan insanlar xoşagəlməz hadisələrin baş verməməsi üçün mütləq qaydada bir-birlərinin təhlükəsizliyini qorumalıdırlar. Bayram tədbirlərində, xüsusən də tonqal ətrafında əyləncə və şənliklərdə azyaşlı uşaqlar mütləq valideynlərin nəzarəti altında olmalıdırlar.
Novruz bayramının bir adəti də xonça bəzəmək, şam yandırmaqdır. Bayram şənlikləri zamanı şam yandırılarkən yanğın təhlükəsizliyi qaydalarına ciddi diqqət yetirmək lazımdır. Unutmaq olmaz ki, yanar şamı öz ərintisi ilə stol, kibrit qutusu üzərinə və digər yanar materiallara yapışdırmaq yanğın təhlükəsizliyi cəhətdən yolverilməzdir. Yanar şamın nəzarətsiz qoyulması xoşagəlməz hadisələrin baş verməsinə gətirib çıxara bilər. Bayram tədbirləri zamanı əhali ilə yanaşı, idarə, müəssisə və təşkilat rəhbərləri, xüsusən də mədəniyyət və təhsil müəssisələri yanğın təhlükəsizliyi qaydalarına nəzarəti gücləndirməli, tədbir keçiriləcək yerlərdə yanğın təhlükəsizliyinə cavabdeh şəxslər təyin etməli və qabaqlayıcı tədbirlər görməlidirlər.
Bayram tədbirləri və şənlikləri keçirilən zaman yanğın hadisələri ilə üzləşdikdə dərhal Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə və ya Dövlət Yanğın Təhlükəsizliyi şöbələrinin “101” xidmətinə məlumat verməyi unutmayın.

Mirtaleh Seyidov
Naxçıvan Muxtar Respublikası
Fövqəladə Hallar Nazirliyinin əməkdaşı

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR