Cəmiyyətdə məşğulluğun təmin olunması, əhalinin əmək qabiliyyətli bütün təbəqələrinin işləməsi bütün dövrlərin aktual problemlərindəndir. Bazar iqtisadiyyatında da dövlətin əsas qayğılarından biri maksimum səviyyədə məşğulluğu təmin etməklə davamlı inkişafa nail olmaqdır. Çünki cəmiyyət üçün ən dəyərli sərvət insan olduğu kimi, iqtisadiyyatda da ən qiymətli resurs insan əməyidir.
Naxçıvan Muxtar Respublikasında həyata keçirilən iqtisadi inkişaf strategiyasının mühüm istiqamətlərindən biri məhz fəal məşğulluq siyasətidir. Yeni iş yerləri açmaq, özünüməşğulluğa şərait yaratmaqla əhalinin bütün təbəqələrinin gəlir əldə edə bilməsi bu baxımdan çox vacibdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” bu məqsədlərə nail olmaq üçün çox əhəmiyyətli bir dövlət sənədidir. Bu proqramda muxtar respublikada əhalinin səmərəli məşğulluğunun inkişafına yönəldilən tədbirlərin həyata keçirilməsi, əmək bazarında tələb və təklifin real vəziyyətinin qiymətləndirilməsi üçün təhlillərin aparılması, peşə hazırlığının əmək bazarının dəyişən tələblərinə uyğunlaşdırılması, işaxtaranların, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təmin edilməsinə köməklik göstərilməsi, əlillərin əmək bazarına inteqrasiyasının təmin edilməsi, onların məşğulluq səviyyəsinin artırılması kimi qarşıya məqsədlər qoyulmuşdur.
Artıq bu dövlət proqramının qəbul edilməsindən ötən müddət ərzində əhalinin məşğulluq məsələlərinin təmin olunması sahəsində xeyli iş görülmüşdür. Adıçəkilən dövlət proqramının icra vəziyyəti ilə bağlı koordinator qurum olan Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən redaksiyamıza verilmiş məlumatda 2015-ci ilin ilk 9 ayı ərzində muxtar respublikada işaxtaranların səmərəli məşğulluğunun təmin edilməsi, insanların peşə hazırlığının əmək bazarının tələblərinə uyğunlaşdırılması, işaxtaranların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində xeyli iş görüldüyü bildirilir. Bu dövr ərzində məşğulluq xidməti orqanlarında qeydiyyatda olan 2203 işaxtaran müəssisələrdə mövcud olan vakansiyalar üzrə işə düzəldilmiş, işaxtaran vətəndaşların müvəqqəti məşğulluğunu təmin etmək məqsədilə 222 nəfər haqqıödənilən ictimai işlərə cəlb edilmiş, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərdən 32 nəfər kvota yerlərinə göndərilmişdir. Əlavə olaraq sağlamlıq imkanları məhdud 97 şəxs, habelə hərbi xidmətdən tərxis olunan 57 nəfər münasib işlə təmin edilmişdir. Bundan əlavə, müvafiq dövr ərzində ünvanlı dövlət sosial yardımı almaq üçün rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzlərinə müraciət edən və sosial yardım alan aztəminatlı ailələrin əmək qabiliyyətli 111 üzvü münasib işlə təmin olunmuşdur.
Məşğulluq məsələlərinin həllində muxtar respublikada keçirilən əmək yarmarkalarının mühüm əhəmiyyəti vardır. Bu əmək yarmarkalarında 554 nəfər, həmçinin Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə birgə təşkil olunan əmək yarmarkasında 127, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi ilə birgə təşkil olunan əmək yarmarkasında isə 13 nəfər öz peşə və ixtisaslarına uyğun münasib işlə təmin olunmuşlar. Bunlardan əlavə, Naxçıvan Dövlət Universitetinin 5-i əcnəbi olmaqla, 12 tələbəsi tətil günlərində müvəqqəti xarakterli işlə təmin edilmişdir.
Muxtar respublikanın kənd və qəsəbələrində yaradılmış müasir xidmət mərkəzləri həm də sakinlər üçün yeni iş yerləri deməkdir. Belə ki, kənd və qəsəbələrdə fəaliyyət göstərən bərbər, gözəllik salonu və dərzi sexlərində 31 bərbər, 28 qadın bərbəri və 5 dərzi olmaqla, ümumilikdə, 64 nəfər işlə təmin edilmişdir. İşlə təmin olunanların 9-u sağlamlıq imkanları məhdud şəxslərdir.
Aktiv məşğulluq sahəsində sahibkarlıq fəaliyyətinin dəstəklənməsi mühüm şərtlərdəndir. Bu məqsədlə muxtar respublikada fəaliyyət göstərən banklar tərəfindən bu istiqamətdə dövlət maliyyə dəstəyinin göstərilməsi davam etdirilmiş, cari ilin ilk 9 ayı ərzində 42 milyon 812 min manat, o cümlədən Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Fondu tərəfindən 9 milyon 799 min manat güzəştli şərtlərlə kreditlər verilmişdir. Ümumilikdə, 2015-ci ilin ötən dövrü ərzində Sahibkarlığa Kömək Fondu tərəfindən maliyyələşdirilərək icrası başa çatmış layihələr və sahibkarların şəxsi vəsaiti hesabına yaradılmış istehsal və xidmət sahələri üzrə 168 yeni iş yeri açılmışdır.
İnsanların peşə hazırlığı məşğulluq üçün mühüm şərtlərdən biridir. Bu baxımdan ötən dövr ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Naxçıvan Regional Peşə Tədris Mərkəzində traktorçu-maşinist, xalçaçı, dərzi, qaz təsərrüfatının istismarı və təmiri üzrə nəzarətçi-çilingər, kompüter istifadəçisi, fotoqraf, elektrik montyoru, bərbər və qadın bərbəri, kabel lehimləyicisi və elektrik montyoru, habelə qazanxana maşinisti üzrə təşkil edilmiş peşə kurslarına, ümumilikdə, 341 nəfər cəlb edilmişdir. 2014-2015-ci tədris ilində Təhsil Nazirliyinin tabeliyində olan peşə məktəblərində isə arıçılıq, elektrik montyoru, elektrik qaz qaynaqçısı, sürücü, traktorçu-maşinist, qaz təsərrüfatı avadanlıqlarının təmiri üzrə çilingər, kompüter istifadəçisi, əməliyyatçı mühasib, tikiş avadanlıqlarının operatoru-tikişçi, meyvə-tərəvəz ustası və inşaat rəngsazı üzrə təşkil olunmuş peşə kurslarını 3211 nəfər bitirmiş, yeni tədris ilində müvafiq peşələr üzrə təşkil olunmuş kurslara isə ümumilikdə, 606 nəfər cəlb olunmuşdur.
Bununla yanaşı, xidmət sahələri üçün Naxçıvan Regional Peşə Tədris Mərkəzində dərzi, bərbər və qadın bərbəri peşəsi üzrə kurslar, 2014-2015-ci tədris ilində Təhsil Nazirliyinin tabeliyində olan peşə məktəblərində isə bərbər-manikürçü, qadın bərbəri, bərbər, dərzi, ofisiant, aşpaz köməkçisi və kommersiya agenti peşələri üzrə kurslar, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ofisiant, muzey bələdçiləri üçün xarici dil kursları təşkil edilmişdir.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən aidiyyəti orqanların nümayəndələri ilə birgə 61 məişət xidməti obyektinin mütəxəssislərinin iştirakı ilə peşə standartlarının tətbiqi üzrə və ictimai iaşə xidməti, pivə istehsalı və satışı ilə bağlı texniki normativ-hüquqi aktların tələbləri barədə 22 təsərrüfat subyektinin nümayəndəsinin iştirakı ilə maarifləndirici seminarlar keçirilmiş, 155 xidmət sahəsində işləyən işçilərə personal və xidmətə dair norma və qaydalar izah edilmişdir.
Sağlamlıq imkanları məhdud və cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin sosial reabilitasiyası məqsədilə müvafiq dövr ərzində təşkil olunan peşə kurslarına sağlamlıq imkanları məhdud 98, cəzaçəkmə müəssisəsindən azad olunan 1, habelə hərbi xidmətdən tərxis olunan 18 nəfər, həmçinin Penitensiar Xidmətin Cəzaçəkmə Müəssisəsində təşkil olunan ağac üzərində oyma peşə kursuna 15 məhkum cəlb edilmiş, eyni zamanda muxtar respublikada yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün təşkil olunan müvafiq kurslarda müəssisələrdə çalışan 14 əcnəbinin iştirakı təmin edilmişdir.
Aztəminatlı ailələrin, cəzaçəkmə müəssisələrindən azad edilmiş və sosial qayğıya ehtiyacı olan sağlamlıq imkanları məhdud şəxslərin özünüməşğulluqlarının təmin edilməsi məqsədilə ötən dövr ərzində bir sıra işlər görülmüşdür. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Naxçıvan şəhərindəki Tədris-Ticarət Mərkəzində ümumi dəyəri 5313,5 manat olan 10 rəsm, 116 əl işi və müxtəlif ölçülü 19 xalçanın, milli və xalq tətbiqi sənəti növləri üzrə 28 istedadlı qadının ümumi dəyəri 476 manat olan 219 əl işinin, məhkumlar tərəfindən hazırlanmış ümumi dəyəri 3065 manat olan 83 rəsm və əl işinin sərgi və satışı təşkil edilmişdir. Evlərdə xalça toxunuşu ənənəsini davam etdirmək üçün “Ənənəni qoruyaq, evdə xalça toxuyaq” adlı haqqıödənilən ictimai işlərə cəlb edilmiş sosial qayğıya ehtiyacı olan 8 qadın tərəfindən xalça toxunuşu həyata keçirilmiş, müqavilə bağlanmış sağlamlıq imkanları məhdud 27 şəxs tərəfindən ilkin olaraq toxunmuş 1221 cüt yun corab və 114 ədəd yun şərf hərbi hissəyə təhvil verilmişdir.
Qeyri-formal məşğulluğun qarşısının alınması, işə götürülən şəxslərlə əmək müqavilələrinin bağlanması və əməkhaqlarının reallığı əks etdirməsi ilə bağlı həyata keçirilən nəzarət tədbirləri nəticəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 414 sahibkarlıq obyektində 278 halda yeni əmək müqaviləsinin bağlanılmasına, 981 halda isə əməkhaqlarının real göstərilməsinə nail olunmuşdur. Müvafiq dövr ərzində 280 müəssisədə işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqavilələrinin bağlanmasına nail olunmuşdur. Əməyin mühafizəsi üzrə mütəxəssislərin hazırlanması və bu sahədə çalışan işçilərin biliklərinin artırılması məqsədilə 76 müəssisənin mütəxəssisləri üçün Naxçıvan Regional Peşə Tədris Mərkəzində kurslar təşkil edilmişdir.
Müşahidələr göstərir ki, əhalinin rifah halının yüksəlməsi insan amilinə xidmət edən məqsədyönlü işlər nəticəsində mümkün olur. Naxçıvan Muxtar Respublikasında əhali məşğulluğu məsələlərinin həlli də məhz buna yönəlmişdir. Muxtar respublikada mövcud olan yerli imkanların əmək ehtiyatlarımız hesabına hərəkətə gətirilməsi haqqında danışdığımız dövlət proqramının əhəmiyyətini bir daha ortaya qoyur. Proqramın icrasından keçən dövr göstərir ki, verilmiş bütün tapşırıqların yerinə yetirilməsi ilə muxtar respublikamızın bütün sahələrində olduğu kimi, məşğulluq sahəsində də arzuedilən nəticələrə nail olunacaqdır.
Əli Cabbarov