22 Dekabr 2024, Bazar

Culfa rayonunun Milax kəndində “Ailələrdə sağlam həyat tərzinin aşılanması, reproduktiv sağlamlıq, erkən və qanqohumluğu nikahlarının fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbiri rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Qasım­ov açaraq tədbirin əhəmiyyətindən danışıb.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək bildirib ki, ailələrin sağlam təməllər üzərində qurulması üçün dövlətimiz tərəfindən lazımi tədbirlər görülür. “Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında” Qanuna uyğun olaraq, cari il iyunun 1-dən etibarən ailə qurmaq istəyən şəxslərin məcburi tibbi müayinəsinin həyata keçirilməsi sağlam ailənin formalaşmasında, uşaqların irsi xəstəliklər və anadangəlmə inkişaf qüsuru ilə doğulmasının qarşısının alınmasında xüsusi əhəmiyyət daşıyır. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 13 iyun tarixli Sərəncamı ilə “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Pro­qramı”nın təsdiq edilməsi dövlətin bu sahəyə dəstəyinin göstəricisidir.

Vurğulanıb ki, ailə dəyərlərini qoruyub saxlayan, nəsildən-nəslə ötürən qadındır. O, övladının maddi ehtiyaclarını təmin etməklə yanaşı, onu aydın düşüncəyə, saf əqidəyə və ədəb-ərkana yiyələndirməli, bu yolla onun gələcəyini qurmalıdır. Bu, cəmiyyətin gələcəyini qurmaq deməkdir.
Ailədə milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi qoruyub saxlamaq və onların icrasına nəzarət etmək, uşaqların televiziya və internet kimi kütləvi informasiya vasitələrindən istifadəsini çərçivəyə salmaq kimi vəzifələr də ananın öhdəsindədir. Əgər ana uşağın təhsilinə ciddi yanaşmasa, sözsüz ki, cəmiyyətə savadsız bir insan təhvil verəcəkdir. Bir sözlə, ana uşağın gələcək taleyi üçün böyük məsuliyyət daşıyır. Ona görə də yeni nəslin gələcəkdə quracağı ailənin bütövlüyünü qoruyub saxlamaq üçün ana övladlarına milli-mənəvi dəyərlərin öyrədilməsini, onların sağlam yaradıcı əməyə alışmalarını, zərərli vərdişlərdən çəkinmələrini, təhsil-tərbiyə məsələlərini, ümumiyyətlə, sağlam həyat tərzi seçmələrini daim diqqət mərkəzində saxlamalıdır.
Komitə sədri bildirib ki, muxtar respublikanın sosial-iqtisadi inkişafı sürətləndikcə qadınlarımızın da fəaliyyət istiqamətləri genişlənir, bütün sahələri əhatə edir. Ancaq bu, onları ailədə üzərinə düşən vəzifələrdən uzaqlaşdırmamalı, müqəddəs işi – uşaqların təlim-tərbiyəsini düzgün həyata keçirməyə mane olmamalıdır.
Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin həkim-ginekoloqu, tibb üzrə fəlsəfə doktoru Gültəkin Əliyeva çıxış edərək kesar əməliyyatının ana və uşağa mənfi təsiri barədə tədbir iştirakçılarına slayd vasitəsilə ətraflı məlumat verib.
Sonda tədbir iştirakçılarının sual­ları cavablandırılıb, onlara müvafiq mövzularda maarifləndirici broşürlər paylanılıb.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR