22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikasında yaşayıb-yaradan qadınlar xoşbəxtdirlər. Niyə də olmasınlar? İstər ev, istərsə də iş qadını olan xanımlarımız hərtərəfli qayğı ilə əhatə ediliblər. Bu günlərdə Heydər  Əliyev Sarayında təşkil olunan istedadlı qadınların əl işlərinin sərgisi onlara göstərilən diqqət və qayğının parlaq təzahürü idi. 

“Muxtar respublika qadınları müstəqillik illərində” mövzusuna həsr olunmuş sərgidə muxtar respublikada yaşayan 126 istedadlı qadının müxtəlif janrlarda çəkdikləri rəsm əsərləri və əl işlərindən ibarət 753 yaradıcılıq nümunəsi nümayiş etdirilir. Sərginin açılışında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirak etməsi, tapşırıq və tövsiyələrini verməsi qadınların gələcək yaradıcılıq fəaliyyətləri üçün böyük stimul oldu. Tədbirdə Ali Məclisin Sədri dedi: “Milli dəyərlər min illər ərzində yaradılır və nəsildən-nəslə ötürülərək yaşadılır. Milli dəyərlərin əsas yaradıcıları və yaşadanlar isə qadınlardır. Ölkədə sabitlik varsa, ailə dəyərləri qorunursa, qadınlar cəmiyyətin müxtəlif sahələrində təmsil olunurlarsa, o zaman milli dəyərlər də yaşayacaqdır. Ötən əsrin 90-cı illərində ölkəmizdə baş verən hadisələr digər sahələrlə yanaşı, milli dəyərlərin də qorunub-yaşadılmasına imkan vermirdi. Bu sahə ilə məşğul olan qadınlara lazımi qayğı göstərilmirdi. Lakin bu gün ölkəmizin hərtərəfli inkişafı, mövcud sabitlik, dövlət-qadın siyasətinin uğurla həyata keçirilməsi, ailə dəyərlərinə yüksək qiymət verilməsi qadınların ölkəmizin ictimai həyatında fəal iştirakına və istedadlarının üzə çıxarılmasına imkan verir. Bu gün qadınların bütün sahələrdə fəaliyyəti təmin olunur, min illər ərzində formalaşdırılan milli dəyərlərimiz yaşadılır”.

Bu sərginin təşkil olunmasının muxtar respublikamız üçün əhəmiyyəti olduqca böyükdür. Bir-birindən bacarıqlı, qabiliyyətli insanlar yetişdirən Naxçıvanda istedadlı qadınlarımız çoxdur. Onların istedadlarının ortaya çıxması üçün belə sərgilərin təşkili olduqca vacibdir. Qadınlarımız əl işlərində keçmişimizi yaşatmaqla, həm də bu günümüzün salnaməsini yaradırlar. Dünənimiz və bu günümüz incə qadın qəlbinin, qadın zəkasının, qadın zövqünün zərifliyi ilə müxtəlif sənət əsərlərində əbədiləşdirilir. Budəfəki sərginin həsr olunduğu mövzu da dəyəri baxımından böyük ictimai məna daşıyır.
Muxtar respublika qadınları müstəqillik illərində... Bu illər qadınlarımızın həyatında mühüm yer tutur. Ötən əsrin 90-cı illərinin əvvəllərində muxtar respublikada yaranan çətinlikləri, bəlkə də, ən çox qadınlarımız hiss edirdi. İşıqsız, qazsız evdə övlad böyütmək problemi və digər qayğılar qadınlarımız üçün də çəkilməz idi. O illərdə bacarıqlı qadınlarımızın da istedadları itib-batırdı. Yaxşı ki, belə hal çox çəkmədi. Həyat öz axarına düşdü, qadınlarımız xoş günlərə qovuşdular.
Qeyd etmək lazımdır ki, əvvəlki illərdə də belə sərgilər təşkil olunub. Növbəti sərgi həmin tədbirlərin davamıdır. Burada nümayiş etdirilən əsərlərdə nail olduğumuz inkişaf öz əksini tapıb.
Sərgidəki əsərlərdə xanımların hər birinin fərqli bir istedada, fərqli bir əl qabiliyyətinə, incə zövq və fantaziyaya malik olduqlarını duymaq çətin deyil. Onların yaradıcılıq yolu müəyyən mənada bir-birinə bənzəsə də, hər biri ayrı-ayrılıqda başqa bir gözəllik, zəriflik nümunəsidir. Yaradıcılıq nümunələri sərgidə nümayiş etdirilən qadınlarımızdan biri də Aidə İbrahimovadır. Culfa Rayon Uşaq Yaradıcılıq Mərkəzində “Bacarıqlı əllər” dərnəyinə rəhbərlik edir. Aidə xanım toxuma və tikmədə, qadın bəzək əşyalarının hazırlanmasında, milli filmlərimizdə olan personajların gəlinciklərinin düzəldilməsində, ətraf mühitin mühafizəsi məqsədilə istifadəsiz nəsnələrin yenidən bərpasında çox bacarıqlıdır. Onun Culfa rayonunda iki dəfə fərdi sərgisi təşkil olunub və təşəbbüsü ilə Culfa Rayon Mədəniyyət Evində sağlamlıq imkanları məhdud olan uşaqlar üçün “Qızıl əllər” dərnəyi yaradılıb. O, yaradıcılıq nümunələrində abidələrimizin üzərində əks olunan gözəl naxışları, xalçalarımızda tətbiq olunan müxtəlif ornamentləri işləməyi çox sevdiyini bildirdi. Aidə xanım hazırda üzərində muxtar respublikamızın tarixi abidələrinin əksi olacaq milli geyimlərin hazırlanması ilə məşğuldur.
Əl işlərində milli dəyərlərimizi yaşatmağa daha çox üstünlük verən xanımlarımızdan biri də Züriyyə Musayevadır. O, hər nə toxuyursa xalqımızın tarixi keçmişinin, milli adət-ənənələrimizin, qədim mərasimlərimizin təsvirinə daha çox üstünlük verir. Toxuduğu bir-birindən gözəl xalçalar, kilimlər muxtar respublikamızda keçirilən əksər bayram və şənliklərdə nümayiş etdirilir.
Digər həmsöhbətim Heydər Əliyev Uşaq-Gənc­lər Yaradıcılıq Mərkəzinin əl işləri dərnəyinin rəhbəri Röya Fərəcova ilk dəfədir ki, belə sərgidə iştirak edir. O, mirvarilərlə müxtəlif sənət nümunələri yaradır.
Naxçıvan Müəllimlər İnstitutunun müəllimi Səriyyə Hüseynovanın “Şirlər” və “At” əsərləri sərgidə nümayiş etdirilir.
Sərgi iştirakçıları doğma diyarımız olan Naxçıvanda qadınların əl işlərinin sərgisinin təşkil olunmasının onlarda böyük həvəs, çalışmaq əzmi yaratdığını deyirlər.
Sərgidə evdar qadınların da əsərləri özünə yer alıb. Mətanət Hüseyn­ova ilə söhbətimiz maraqlı oldu. O deyir:
– Biz Bakı şəhərindənik. Həyat yoldaşım Naxçıvan şəhərində hərbi qulluq keçdiyindən uzun illərdir, burada yaşayırıq. Əvvəlcə onu deyim ki, belə bir şəhərdə yaşamaqdan və bu əmin-amanlıqda övladlarımı böyütməkdən qürur duyuram. Mən özüm evdar qadın olsam da, ictimai tədbirlərdə, təşkil olunan sərgilərdə tikmə və toxuma işlərimlə iştirak edirəm. 2012-ci ildə “Milli dəyərlər ili” ilə əlaqədar keçirilən sərgidə iştirak eləməyim məni həvəsləndirdi. Bu sərgiyə böyük həvəslə hazırlaşırdım. Özüm də tədbirdə iştirak etdim. Bütün qadınlar adından yaradılan bu şəraitə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığımı bildirirəm.
Sərgidə sağlamlıq imkanları məhdud olan qadınlarımızın əl işlərinə də yer verilib. Onlardan biri də Ordubad rayonundan olan Zülalə Kazım­ovadır. Zülalə xanımın müxtəlif tikmələri sərgidə böyük maraqla qarşılanır. Bu xanım da həmkarları kimi muxtar respublikamızda qadınlara göstərilən diqqət və qayğıdan çox razıdır. Onun fikrincə, Naxçıvan qadınlarının firavan həyatına, ictimai mühitlə geniş əlaqələrinin yaradılmasına doğru yönəldilmiş belə addımlar onların gələcək yaradıcılığı üçün böyük stimuldur.
Sərgidə tələbələrin əl işləri diqqət çəkir. Həmin gənclərdən biri olan Gülşad Quliyeva Ordubad rayonunun Gənzə kəndindəndir. Hazırda Naxçıvan Müəllimlər İnstitutunun Təsviri incəsənət müəllimliyi ixtisasının üçüncü kursunda təhsil alır. Uşaqlıqdan gözəl rəsm əsərləri çəkir. Əsərlərində Vətən sevgisi, məhəbbət mövzusu ön planda dayanır. Onun yaradıcılıq yolu başqalarından fərqlənir. Hazırladığı vitraj (şəbəkə) üslubunda olan əsərlərinin yanından laqeyd keçmək mümkün deyil. Bütün bunlar Gülşadın geniş fantaziyaya, incə estetik zövqə malik olduğunun göstəricisidir. Əsərlərində zəngin rəng çalarlarından böyük məharətlə istifadə edən Gülşadın sərgidə 2 əsəri nümayiş olunur və ilk dəfədir ki, belə geniş auditoriyada əsərləri ilə tamaşaçı qarşısına çıxır. Buna baxmayaraq, əsərləri sərgi iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Onun “Köklü ailə” əsəri ən çox bəyənilən əsərlər sırasındadır. Burada ailənin möhkəmliyi ön planda dayanır. Gənc rəssam gələcəkdə belə sərgilərə daha çox əsər çıxarmağı planlaşdırıb.
Qeyd edək ki, sərgi bu gün başa çatır. Muxtar respublikamızın müxtəlif idarə və təşkilatlarından buraya gələn qonaqlar sərgiyə böyük maraq göstərirlər. Sərgidə olarkən Naxçıvan Muxtar Respublikası Həmkarlar İtti­faqları Şurasının əməkdaşı Səbuhi Hüseynov belə tədbirlərin həyata keçirilməsini qadınların istedad və bacarıqlarını üzə çıxarmaqla yanaşı, Naxçıvanın qədim tarixini və müasir inkişafını ilmələrə, tablolara köçürməklə qorumaq və yaşatmaq baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirdi. Naxçıvan şəhər sakini Səkinə Qoçəliyeva ilə də həmsöhbət oldum. Dedi ki, mətbuatdan belə bir sərginin keçirilməsi xəbərini öyrənib. Dediyinə görə, əl işləri var. O da gələcəkdə belə sərgilərdə əl işləri ilə iştirak etmək istəyir.
Gözəl arzudur.

 Sara Əzimova

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR