22 Dekabr 2024, Bazar

Bu gün cəmiyyətimizdə formalaşan bir çox düşüncələr bizi qohum nikahlarına vadar edir. “Özümüzünkü ilə ailə qur, ətimizi yesə də, sümüyümüzü atmaz” deyimi kimi daha neçə səbəblər ucbatından qohum nikahlarına qol qoyuruq. Əksərən qohum ailələr valideynlərin təzyiqi altında qurulur. Çünki düşünürlər ki, qohumluq əlaqələri bununla daha da güclənəcək. Ailədə baş verən münaqişə əksər halda sülh ilə nəticələnəcək. Təbii ki, valideynlər qohum olduğundan aralarında soyuq münasibətin olmasını istəmirlər. Belə ailələrdə boşanma halı da az olur. Bəzi hallarda isə qohum cütlüklər həqiqətən də, bir-birlərinə aşiq olurlar və həyatlarını birləşdirirlər.
Qohum nikahlarının səbəblərini araşdırsaq, sayını bir qədər də artıra bilərik. Amma bu nikahlara son qoymaq daha vacibdir. Bəs qohumluq əlaqəsi ilə ailə quran bütün gənclərin bu nikahdan yarana biləcək fəsadlardan xəbərləri varmı, kifayət qədər məlumatlı olaraqmı nikah bağlayırlar?

Qohum nikahları xəstə uşaq riskini 2 dəfəyədək artırır

Hər bir dövrdə müəyyən problemlər nəticəsində nikahların pozulması və ailədə xəstə uşaqların doğulması hallarına rast gəlinir. Bu arzuolunmaz halın yaranma səbəblərindən ən başlıcası qohum nikahlarıdır. Belə nikahlar genetik xəstəliklərə təsir göstərən önəmli amillərdən biridir.

Naxçıvan Doğum Mərkəzinin həkim-ginekoloqu, tibb üzrə fəlsəfə doktoru Gültəkin Əliyeva deyir ki, qohum evliliklərdə problemli uşaqların doğulma riski digərlərinə nisbətən ikiqat artıqdır. Bu evlilikdə olan problem sağlam olan şəxslərin genlərində daşıdıqları xəstəliklərin uşaqlarına keçməsidir.

Qohum nikahları irsi xəstəlikləri özü ilə gətirir

“Biz atalarımızın bizə hədiyyə etdiyi genetik xüsusiyyətlərlə yaşayırıq. Qısası, bu genlər bizim bütün həyat tərzimizin divarlarını hörür. Bir və ya bir neçə gen bizdəki özəlliyin məlumatını özündə daşıyır”, – deyən həkim-ginekoloq bildirir ki, qohum evlilər eyni soydan gəldikləri üçün ana və atanın eyni geninin surətini daşıyırlar. Bu zaman zərərli genlərin bir-biri ilə qarşılaşma ehtimalı həddindən artıqdır. Ona görə də onların uşaqlarının müəyyən xəstəliklərə tutulması ehtimalı çox yüksək olur. Nəticə olaraq deyə bilərik ki, qohum nikahlar genetik xəstəlikləri artıran önəmli faktordur.
Qeyd edək ki, qohum evliliyi nəticəsində doğulan uşaqların bir qismi 1 yaşına çatmadan ağır infeksiyalar səbəbilə itirilir, xüsusilə də həmin ailələrdə doğulan oğlan uşaqları çox yaşamır. Bu isə immunitet çatışmazlığı ilə bağlıdır ki, bunların da bir qismi məhz qohum evliliklərindən qaynaqlanır.
Tibb üzrə fəlsəfə doktoru Gültəkin Əliyevanın dediklərindən: “Qohum evliliklərdə ən çox rast gəlinən qan xəstəlikləri, göz, qulaq, əzələ-sinir, ürək-damar və şəkər xəstə­likləri, ağıldankəmlik və digərləridir. Qan xəstəlikləri arasında isə talassemiya, hemofiliya və başqaları daha çox yayılıb. Talassemiyanın ən ağır formalarına da əksər hallarda bir-biri ilə qanqohumluğu olan nikahlarda təsadüf edilir. Ona görə də belə nikahlara yol verməmək məsləhət görülür. Bir-biri ilə yaxın qohum olan gənclər ailə qurmaq üçün təkid etdikləri halda, gələcəkdə ağır patologiyalı uşaqların doğulmaması üçün onlar müvafiq tibbi müayinədən, genetik yoxlamadan keçməlidirlər”.

Qohum nikahları daha hansı fəsadları ortaya çıxarır?

Bu nikahın yaratdığı fəsadlardan biri də otozomal resessiv xəstəlikləri adlanır. Burada genetik keçmənin özəllikləri odur ki, ilk növbədə, cinsiyyət fərqi yoxdur. Otozomal resessiv xəstəliklər hər nəsildə özünü göstərmir. Sağlam ata-anadan doğulan uşaq xəstədirsə, həm ana, həm də ata daşıyıcıdır. Xəstə adam ilə genotipik olaraq tamamilə sağlam şəxs evlənərsə, uşaqlarının hamısı daşıyıcı olacaq. Xəstə şəxslə daşıyıcı şəxs evlənərsə, uşaqlarının yarısı xəstə, yarısı daşıyıcı olacaq. Daşıyıcılar fenotipik olaraq sağlam olsalar da, xəstə genləri sonrakı nəsillərə ötürən daşıyıcı vəzifəsini yerinə yetirirlər. Ümumiyyətlə, irsi xəstəliklərin müalicəsinə gəldikdə mütəxəssis deyir ki, bu xəstə­liklə doğulan uşaqların bir qisminin müalicəsi var, bir qismi isə əlil olur.
Həkim-ginekoloq təəssüflə bildirir ki, dünya səhiyyəsi nə qədər qohum nikahlarına yox desə də, bu gün ölkəmizdə yaxın qohumlar arasında bağlanan nikahlara hələ də rast gəlirik. Bu da həmin ailələrdə xəstə övladların dünyaya gəlməsi riskini artırır. Bu gün qurulan hər bir ailə bu məsuliyyəti dərk etməlidir. Gələcəyimizi bu qədər risk altına ata bilmərik, atmamalıyıq. Sağlam cəmiyyətin təməli sağlam ailədə qoyulur.

Maarifləndirmə işi ən vacib amildir

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Sahir Rüstəmov bildirir ki, qohum nikahlarına birmənalı olaraq yox deməliyik. Çünki bu nikahlar gələcək nəslimizin sağlamlığını sual altında qoyur: “Təəssüflə deməliyəm ki, Naxçıvan Muxtar Respublikasında da yaxın qohumlar arasında bağlanan nikahlara rast gəlinir. Görünür, gənclər ailə həyatı qurarkən yalnız özləri barədə düşünürlər. Ancaq dünyaya gətirdikləri övladları haqqında da fikirləşməlidirlər. Əsas səbəblərdən biri nikaha daxil olan qan qohumlarının gələcək problemlər haqqında məlumatsız olmasıdır. Buna görə də komitə tərəfindən mütəmadi olaraq gənclər və onların valideynləri arasında maarifləndirmə işləri aparılır. Qohum nikahlarının qarşısının alınması üçün maarifləndirmə işi labüddür. Heç vaxt deyə bilmərik ki, qanqohumluğu mütləq xəstəlik yaradır. Bu nikahlar xəstəlik riskini artırır. Əgər bir neçə xəstəliyin daşıyıcısı olan insan qohumla ailə qurmazsa, o zaman onun riski azdır, əks təqdirdə isə bu risk 2 dəfə artıqdır”.

Sağlam ailə qurmaq naminə düşünməyə dəyər

Qohum nikahları həm səhiyyə, həm də sosial baxımdan problemdir. Bu problemin isə əsas səbəblərindən biri nikaha daxil olan qan qohumlarının gələcək problemlər haqqında məlumatsız olmasıdır. Ailədə ən mühüm amillərdən birinin məhz sağlamlıq olduğunu deyiriksə, deməli, qohum nikahları xoşbəxt ailə vəd etmir. Elə olduqda isə doğru qərar vermək və sağlam ailə qurmaq naminə düşünməyə dəyər. Düşünüb addım atmalıyıq ki, gələcək fəsadlarla rastlaşmaq ehtimalımız da az olsun.

Gülnar YÜZBAŞIYEVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR