Muxtar respublikada məktəbəqədəryaşlı uşaqların intellektual, fiziki və psixoloji inkişafının, onların şəxsiyyətinin hərtərəfli formalaşmasının və məktəbə hazırlanmasının təmin edilməsi, uşaqların yaradıcılıq mühitində böyüməsi üçün zəruri şəraitin yaradılması prioritet istiqamətlər sırasındadır. Son illər muxtar respublikada tikilən, yaxud yenidən qurulan 17 məktəbəqədər təhsil müəssisəsində müasir şərait yaradılıb, qrup, yataq və soyunub-geyinmə otaqları, yemək və oyun zalları, valideynlər üçün gözləmə otağı, tədbirlər zalı, yeməkxana, bufet, metodist və tibb otaqları, dərzi və camaşırxana otaqları, idman qurğuları istifadəyə verilib.
Bağçayaşlı uşaqların məktəbəqədər təhsil almasının vacibliyini bildirən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Yaradılan şərait uşaqların yüksək sosial-mənəvi mühitdə böyüməsinə, onların təlim-tərbiyəsinin, ilkin təhsilinin müasir səviyyədə təşkil olunmasına imkan verəcəkdir. Uşaq bağçalarında cəmiyyət və ölkə üçün yararlı vətəndaş kimi böyüdülən uşaqlar isə orta təhsillərini də müvəffəqiyyətlə başa vuraraq dövlətimizin gələcək inkişafında yaxından iştirak edəcəklər. Ona görə də məktəbəqədər tərbiyə müəssisələrində uşaqlara ilkin biliklərin dərindən öyrədilməsi, onların məktəbə hazırlanması və əsl vətəndaş kimi yetişdirilməsi diqqət mərkəzində saxlanılmalıdır”.
İnsan həyatında məktəbəqədər təhsilin əhəmiyyəti böyükdür. Məktəbəqədər təhsil yalnız təhsilin növbəti mərhələsində uşağın nailiyyət göstəricilərinin yüksəldilməsi baxımından əhəmiyyətli olmayıb, həm də gələcəkdə zəruri ehtiyaclarını təmin etməyə maraqlı olan, düşdüyü vəziyyətlərdən çıxmağı bacaran fəal vətəndaşın formalaşdırılmasında böyük rol oynayır.
Məktəbəqədər təhsilin məzmunu nəticəyönümlülük, şəxsiyyətyönümlülük, inteqrativlik prinsipləri əsasında müəyyənləşdirilir və uşaqların meyil və maraqları, potensial imkanları, təhlükəsizliyi, yaşı nəzərə alınmaqla, öyrədici mühit yaradılması, əqli, fiziki, sosial-emosional və nitq qabiliyyətlərinin inkişaf etdirilməsi, sağlamlığının qorunması və möhkəmləndirilməsi, onların sağlam həyat tərzi keçirməsinin, şəxsiyyətinin harmonik inkişafının təmin olunması kimi məqsədlər daşıyır.
Uşaq bağçalarında 1-2 və 2-3 yaşlı körpələr, 3-4 yaşlı orta, 4-5 yaşlı böyük və 5-6 yaşlı məktəbə hazırlıq qruplarında uşaqlara yaşlarına uyğun təlim keçirilir. Məktəbəqədər təhsil müəssisələri uşağın mədəni-estetik inkişafına təsirsiz ötüşmür. Belə ki, uşaqlar təhsilin ilk pilləsində xalqımızın mədəniyyətinə, ənənələrinə bələd olur, ətrafdakılarla nəzakətlə davranır, onu əhatə edən ətraf aləmdəki gözəllikləri görüb zövq almağı, qiymətləndirməyi, sadə kompozisiyalar qurmağı bacarır.
Uşaq bağçalarının daha bir üstünlüyü uşağın nitq qabiliyyətinin və ünsiyyət qurmasının inkişafına verdiyi töhfədir. Məsələn, nitq sahəsində uşaqda bunlar sürətlə baş verir: uşaqda dinləmə və başadüşmə vərdişləri inkişaf edir, o, sözləri düzgün tələffüzetmə və danışma bacarığına yiyələnir, öz fikirlərini ardıcıl, sərbəst, rabitəli şəkildə ifadə etməyi bacarır, danışılanı anlayır, onun söz ehtiyatı zənginləşir. Uşaq yaşıdları ilə və böyüklərlə ünsiyyət qurmağı bacarır, özünün hiss, həyəcan və fikirlərini başqalarına çatdırır. Sonrakı mərhələlərdə artıq uşaq sözləri hecalara, cümlələri sözlərə ayırır, öz fikrini başqalarına daha dəqiqliklə çatdıra bilir, şəkil üzrə müstəqil hekayə qurmağı, çap hərfləri ilə sadə sözləri yazmağı bacarır.
Bundan əlavə, məktəbəqədər təhsil müəssisələrində fiziki inkişaf sahəsində uşaqda kiçik motorika (şəkil çəkir, gil ilə işləməyi və kəsib-yapışdırmağı bacarır) və böyük motorika (fərqli üsullarla müxtəlif istiqamətlərdə qaçmağı bacarır) inkişaf edir, uşaq müxtəlif məsafələrdə və istiqamətlərdə yerləşən əşyaları görür və müxtəlif tonda olan səslərə uyğun reaksiya verir, onları fərqləndirir. Sağlamlıq baxımından uşaq gigiyena qaydalarına əməl edir, özünə qulluq edə bilir, fiziki tapşırıqları yerinə yetirməyə maraq göstərir. Uşaq ekstremal vəziyyətlərdə necə hərəkət edəcəyini bilir, onda lazım olan anda kömək almaq məqsədilə böyüklərə müraciət etmək qabiliyyəti və müvafiq davranış vərdişləri formalaşır, o, öz sağlamlığının qorunması məqsədilə elementar davranış qaydalarına (pilləkəni ardıcıllıqla düşməyi, kəsici əşyaları əlinə almamağı), tanış olmayan adamlarla və evdə tək olarkən özünü necə aparmaq qaydalarına yiyələnir.
Muxtar respublikanın artan xətt üzrə inkişafının tələblərinə cavab verən, uğurlu tərəqqinin tükənməz mənbəyi hesab olunan yeni nəsl potensialının formalaşması üçün məktəbəqədər təhsil müəssisələrində uşaqların inkişafına daim nəzarət edilir. Çünki mütəmadi qiymətləndirmələr yüksək nəticələrə nail olunmasının əsas amili kimi çıxış edir. Uşaqların fəaliyyətinin qiymətləndirilməsi zamanı onun sağlamlığı, müstəqilliyi, şifahi nitqinin inkişafı, təlim vəsaitləri ilə işləməyi, əqli fəaliyyətinin, təhliletmə, ümumiləşdirmə bacarıq və vərdişlərinin, kollektiv və qrup tərkibində çalışmağının səviyyəsi nəzərə alınır. Məktəbəqədər təhsil sistemində uşaqların bilik, bacarıq və vərdişlərinin səviyyəsinin qiymətləndirilməsi 3 komponent üzrə həyata keçirilir. Diaqnostik (ilkin) qiymətləndirmə uşağın ilkin inkişaf səviyyəsinin təyin edilməsi üçün sentyabr-oktyabr aylarında, formativ (cari) qiymətləndirmə müntəzəm aparılır, hər bir uşağın nailiyyətləri barədə məlumatın toplanmasına imkan yaradır. Summativ (yekun) qiymətləndirmə isə ilin sonunda aparılır. Bu zaman uşağın ilboyu proqramın bölmələri üzrə qazandığı nailiyyətlər ümumiləşdirilir.
Uşaq bağçalarında yeni nəslin ahəngdar inkişafı, nailiyyətlərin davamlı olması, ilk növbədə, müasir reallıqlara cavab verən tərbiyəçi-müəllimlərin bacarıq və iş prinsipindən çox asılıdır. Buna görə də muxtar respublikada məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlər ali və ya orta ixtisas təhsilinə, müəyyən keyfiyyət göstəricilərinə malikdirlər. Lakin bununla yanaşı, tərbiyəçi-müəllimlər uşaqlarla münasibətdə səmimi, qayğıkeş xarakterə, pedaqoji mədəniyyətə sahib olmalı, uşağın yaş psixologiyasını yaxşı bilməli, yaş səviyyəsini, potensial imkanlarını nəzərə almaqla, təlim metodlarını düzgün seçməyi, meyil, maraq və qabiliyyətlərini aşkara çıxarmağı, tədris mühitini və işgüzar şəraiti yaratmağı, yeni interaktiv təlim metodlarından, informasiya və kommunikasiya texnologiyalarından istifadə etməyi bacarmalıdır. Həmçinin sağlamlıq imkanları məhdud olan uşağın inkişafındakı geriliklərin aradan qaldırılması üzrə hər bir uşağın fərdi imkanlarını nəzərə almaqla, onların cəmiyyətə uğurlu inteqrasiyasını və erkən sosiallaşdırılmasını həyata keçirməlidirlər. Elə buna görə də muxtar respublikada fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində sağlamlıq imkanları məhdud uşaqlarla işləyən metodist, tərbiyəçi-müəllimlərin müəyyən bacarıq və təcrübələrinin artırılması istiqamətində müvafiq tədbirlər görülür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı”na uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və aidiyyəti qurumlar tərəfindən məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə işinin təşkilinə məsul işçilərin bu sahədə peşəkarlıq səviyyələrinin artırılması məqsədilə 6 dəfə kurs təşkil olunub.
Ümumiyyətlə, uşaq bağçalarında məktəbəqədəryaşlı uşaq lazımi bilik, bacarıq və vərdişlərə yiyələnir. Nəticədə, ana dilində sərbəst danışır, hadisə və obyektləri dəyərləndirməyi, insanlarla ünsiyyət qurmağı, tərəfdaşlıq və əməkdaşlıq etməyi bacarır, zamanı, təbiət hadisələrini dərk etməyə, rastlaşdığı əşya və hadisələrə maraq göstərib, onların mahiyyətini anlamağa çalışır, baş verən hadisələr, əşyalar üzərində diqqətini cəmləşdirir və iradi olaraq onu maraqlandıran cəhəti tədqiq edir, yeni məlumatları dərketmə qabiliyyətinə malik, sosiallaşmış, yaşına müvafiq əqli və fiziki cəhətdən inkişaf etmiş olur. Bundan əlavə, uşaqda sadə riyazi təsəvvürlər (say, miqdar, həcm, forma, məkan anlayışları) inkişaf edir, uşağın dünyagörüşü formalaşır, öz nailiyyətlərini başqaları ilə bölüşür, verilən tapşırığı yerinə yetirərkən tərbiyəçinin köməyindən istifadə etməklə yanaşı, həm də sərbəst fikir söyləyir, başqasının fikirlərinə münasibət bildirir və məktəb təliminə hazırlıqlı olur. Bütün bu qeyd olunan keyfiyyətlərin mənimsənilməsini reallaşdıran məktəbəqədər təhsil uşaqların pedaqoji prosesdə sosiallaşma imkanlarının genişlənməsinə optimal şərait yaradır.
Bu gün muxtar respublikada təhsilin mənbəyi hesab olunan məktəbəqədər təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində davamlı islahatlar həyata keçirilir. Bu baxımdan uşaqların intellektual, fiziki və psixoloji inkişafının təmin edilməsi, onlarda həyati qabiliyyətlərin formalaşması qarşıda duran mühüm vəzifələrdəndir. Bütün bunlar yeni nəslin yüksək bilik və bacarığa sahib olmasına yönəldilmiş dövlət siyasətinin ardıcıllığının və məqsədyönlülüyünün təzahürüdür.
Muxtar respublikada uşaqların məktəbəqədər təhsil alması istiqamətində həyata keçirilən tədbirlər ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır. Valideynlər çətinlik çəkmədən müxtəlif fəaliyyət sahələrində çalışırlar. Xüsusən də məktəbəqədər təhsil qadınların məşğulluq göstəricilərinə müsbət təsir edir. Bu da gənc ailələrin sosial rifahının yüksəlməsinə şərait yaradır. Məktəbəqədər təhsil vasitəsilə uşaqlar arasında bərabərlik imkanlarının yaradılması sonradan cəmiyyətin müxtəlif sosial təbəqələri arasında fərqlərin azalmasına gətirib çıxarır. Eyni zamanda sağlamlıq imkanları məhdud uşaqların uşaq bağçalarına üz tutması bu qəbildən olan uşaqların erkən yaşlarında cəmiyyətə inteqrasiyasını təmin edir, onların ailələrinə mənəvi dayaq olur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Uşaq bağçalarının yaradılması, onların fəaliyyətinin təmin olunması məktəbəqədər təhsilin düzgün təşkili ilə yanaşı, həm də ailələrə dəstəkdir. Valideynləri işləyən uşaqlar, eyni zamanda xüsusi qayğıya ehtiyacı olan ailələrdə böyüyən uşaqlar bağçada təlim-tərbiyə alır, onların məktəbəqədər tərbiyəsi düzgün təşkil olunur. Bu mənada bağçaların yaradılması və fəaliyyətinin təmin edilməsi həm də işləyən və xüsusi qayğıya ehtiyacı olan ailələrə göstərilən dövlət qayğısı kimi mühüm əhəmiyyət daşıyır”.
Sahir Rüstəmov
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri