Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 dekabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” insanların sosial rifahının təminatında mühüm rol oynayan dövlət sənədidir. Proqramın qəbulundan ötən müddət ərzində genişmiqyaslı tədbirlər həyata keçirilmiş və keçirilməkdədir.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən aldığımız məlumata görə, belə tədbirlər cari ilin ötən 9 ayı ərzində də davam etdirilmişdir.
Belə ki, bəhs olunan dövrdə muxtar respublikanın məşğulluq xidməti orqanlarına müraciət edən 2203 nəfər peşə və ixtisasına uyğun münasib işlə təmin olunmuş, sosial müdafiəyə xüsusi ehtiyacı olan 32 nəfər kvota yerlərinə göndərilmiş, 222 nəfər isə haqqıödənilən sosialyönümlü ictimai işlərə cəlb edilmişdir. Keçirilən əmək yarmarkalarında 554 nəfərə, təhsil və səhiyyə işçiləri üçün keçirilən əmək yarmarkasında isə müvafiq olaraq 127 və 13 nəfərə işə göndəriş verilmişdir.
Gənclərin və qadınların məşğulluğunun təmin olunması diqqət mərkəzində saxlanılmışdır. Qeyd olunan dövrdə işə düzələnlərin 974 nəfərini gənclər, 544 nəfərini isə qadınlar təşkil etmişdir. İşlə təmin olunanların 97 nəfəri məhdud fiziki imkanlı şəxs, 57 nəfəri hərbi xidmətdən yeni tərxis edilənlər və 1 nəfər isə cəzaçəkmə müəssisəsindən azad olunandır.
İşaxtaran vətəndaşların müvəqqəti məşğulluğunu təmin etmək məqsədilə 286 nəfər müvəqqəti və mövsümi xarakterli işlərə göndərilmişdir.
Məlumatda deyilir ki, Naxçıvan Regional Peşə Tədris Mərkəzində təşkil edilmiş kurslara 341 nəfər, o cümlədən sağlamlıq imkanları məhdud 98 nəfər, hərbi xidmətdən tərxis olunan 18 nəfər və cəzaçəkmə müəssisəsindən azad olunan 1 nəfər cəlb edilmişdir.
Cari ilin ilk 9 ayı ərzində məşğulluq xidməti orqanlarında işsizlik statusu alan olmamışdır.
Xəbərlər şöbəsi