Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən tikinti və istehsal müəssisələrində işçilərin əmək şəraitinin, habelə iş yerlərinin əməyin mühafizəsi qaydalarına uyğun olması, işəgötürənlər tərəfindən işçilərin fərdi mühafizə vasitələri və xüsusi geyimlə təmin edilməsi, işçilərin hüquqlarının qorunması məqsədilə qanunvericiliyə uyğun olaraq əmək müqavilələrinin bağlanması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumata görə, cari ilin ilk 9 ayı ərzində işçilər üçün müvafiq əmək şəraitinin yaradılması, istehsal müəssisələrində işçilərin əməyin mühafizəsi qaydalarına riayət edilməsi ilə əlaqədar 81 müəssisə və tikinti sahəsində nəzarət həyata keçirilmiş, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etməyən 76 işçi müvəqqəti olaraq tikinti sahəsindən uzaqlaşdırılmış, 133 işçi isə həmin vasitələrlə yerində təmin olunmuşdur. Əməyin mühafizəsi qaydalarının pozulmasına görə 3 işəgötürən inzibati məsuliyyətə cəlb olunaraq, ümumilikdə, 3200 manat məbləğində cərimə olunmuşdur. İşçi heyət üçün sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin edilməməsi səbəbindən 1 işəgötürən barəsində isə inzibati xəta haqqında protokol tərtib edilərək inzibati xəta haqqında işə baxılması oktyabr ayına təyin edilmişdir.
2015-ci ilin ilk 9 ayı ərzində Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birlikdə tikinti aparılacaq meydançalarda müvəqqəti qurğuların qurulması və normal əmək şəraitinin yaradılmasına nəzarət məqsədilə, ümumilikdə, 32 tikinti sahəsinə baxış keçirilmiş və müvafiq akt tərtib olunaraq həmin tikinti sahələrində inşaat işlərinə başlanmasına razılıq verilmişdir.
Qeyd olunan dövrdə işəgötürən şəxslərlə əmək müqavilələrinin bağlanması və əməkhaqlarının real göstərilməsinə nəzarət məqsədilə 414 sahibkarlıq obyektinə baxış keçirilmiş, 278 işçi ilə yeni əmək müqaviləsinin bağlanmasına və 981 halda isə əmək müqaviləsində əməkhaqqının real göstərilməsinə nail olunmuşdur.
“İstehsalatda baş vermiş bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə əlaqədar olaraq Dövlət Baş Sığorta Agentliyinin nümayəndələri ilə birlikdə müvafiq sahibkarlıq subyektlərində araşdırmalar aparılmış və 280 müəssisədə işçilərin icbari sığorta olunmalarına dair müqavilənin bağlanmasına nail olunmuşdur.
Naxçıvan Regional Peşə Tədris Mərkəzində “Əməyin mühafizəsi və texniki təhlükəsizlik norma, qayda və standartlarına əməl olunması” və “Əmək münasibətlərinin rəsmiləşdirilməsi zamanı qanunvericiliyin tələblərinə əməl olunması” mövzularında maarifləndirici kurslar təşkil olunmuşdur. Kurslara muxtar respublikada fəaliyyət göstərən 76 müəssisədən 83 nümayəndə cəlb edilmişdir.
Kurslarda Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndələri ilə yanaşı, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun, Səhiyyə Nazirliyinin, Dövlət Baş Sığorta Agentliyinin, Həmkarlar İttifaqları Şurasının və Dövlət Miqrasiya Xidmətinin nümayəndələri tərəfindən mövzular tədris olunmuşdur.
İstehsalat xüsusiyyətləri nəzərə alınmaqla müəssisələrdə əməyin mühafizəsi mütəxəssislərinin biliklərinin və peşəkarlıq səviyyələrinin artırılması məqsədilə seminarlar keçirilmiş, seminar iştirakçılarına əməyin mühafizəsinə dair bukletlər təqdim edilmiş, habelə əməyin mühafizəsi sahəsinə dair müxtəlif videoçarxlar hazırlanaraq Naxçıvan Dövlət Televiziyasında nümayiş etdirilmişdir.
Xəbərlər şöbəsi