Oktyabrın 1-də Beynəlxalq Ahıllar Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Şahbuz şəhərindəki Ahıllar evində tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov çıxış edərək bildirib ki, muxtar respublikanın bütün sahələrində müşahidə olunan dinamik inkişaf və tərəqqi xüsusi qayğıya ehtiyacı olan şəxslərin, o cümlədən ahılların sosial müdafiəsinin davamlı güclənməsinə şərait yaradıb. Ahıl vətəndaşlara, o cümlədən tək yaşayan və hərəkət qabiliyyəti məhdud ahıllara davamlı olaraq evlərində və Ahıllar evində sosial xidmətlər göstərilir. Onların sağlamlığının qorunmasına, sosial reabilitasiyasına xüsusi diqqət yetirilir.
Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Nurəddin Quliyev çıxışında qeyd edib ki, Şahbuz rayonunda yaşayan ahılların güzəranının yaxşılaşması, onların sağlam həyat tərzində yaşamasının təmin edilməsi daim diqqət mərkəzində saxlanılır və bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir. Ahıllar evinin sakinləri üçün hərtərəfli şərait yaradılıb. Onlara mütəmadi tibbi və sosial reabilitasiya xidmətləri göstərilir.
Tədbirin bədii hissəsində sağlamlıq imkanları məhdud ifaçılardan ibarət “İnam” musiqi qrupu sakinlər qarşısında konsert proqramı ilə çıxış edib.
Sonda sakinlərə hədiyyələr təqdim olunub.
Qeyd edək ki, 1 oktyabr Beynəlxalq Ahıllar Günü münasibətilə Naxçıvan şəhərində və muxtar respublikamızın rayonlarında əhalinin sosial müdafiəsi mərkəzləri tərəfindən ahıl vətəndaşların iştirakı ilə tədbirlər keçirilib. Tədbirlərdə, ümumilikdə, 492 ahıla bayram sovqatı təqdim olunub.
Ahıllar göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.
Xəbərlər şöbəsi