Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qəbul etdiyi qətnaməyə uyğun olaraq, hər il oktyabrın 1-i dünyada Beynəlxalq Ahıllar Günü kimi qeyd olunur. Bu günün təsis olunmasında məqsəd ahılların sosial problemlərini öyrənmək və ictimaiyyətin diqqətini onların həllinə yönəltməkdən ibarətdir.
Həyat təcrübəsi ilə gələcək nəsillərə nümunə olan ahıllara hörmət və qayğı həm də nəsillər arasında körpü yaratmaq, varislik əlaqəsini bərpa etmək kimi mühüm amala xidmət edir. Tarix boyu Azərbaycan xalqı yaşlı nəslin nümayəndələrinə ehtiram göstərməyi yüksək insani keyfiyyət kimi dəyərləndirmişdir. Xalqımızın ümummilli lideri Heydər Əliyev ahıl insanları, onların problemlərini hər zaman diqqət mərkəzində saxlamış, bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirmiş, ahılların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə bir sıra normativ-hüquqi sənədlər qəbul edilmişdir. Ulu öndərin 2001-ci il iyunun 22-də imzaladığı “Ahıllara sosial xidmət haqqında” Qanun bu mənada mühüm əhəmiyyət daşıyır. Qanuna əsasən 70 yaşına çatan hər bir Azərbaycan vətəndaşı ahıl hesab olunur.
Ölkəmizdə bu gün də ahıl vətəndaşların problemlərinə həssas münasibət göstərilir. Onların sosial müdafiəsinin gücləndirilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daim diqqət mərkəzindədir. Son illər bu məqsədlə davamlı islahatlar həyata keçirilmiş, pensiya və müavinətlərin məbləği dəfələrlə artırılmışdır. 2011-ci il dekabrın 30-da təsdiq edilən “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu xüsusi qayğıya ehtiyacı olan şəxslərin, o cümlədən ahılların sosial problemlərinin həlli sahəsində yeni imkanlar açmışdır.
Muxtar respublikada da ahıl vətəndaşlara göstərilən sosial xidmətlərin həcmi ilbəil artır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı il 30 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı” bu istiqamətdə həyata keçirilən islahatların davamlılığını təmin etmişdir. Hazırda muxtar respublikada yaşlı nəslin nümayəndələri sırasında müharibə veteranları xüsusi ehtiramla yad edilir, gənc nəslin vətənpərvərlik tərbiyəsində onların həyat yolu örnək götürülür. Böyük Vətən müharibəsinin ağır və çətin sınaqlarından keçən veteranlar dövlətimiz tərəfindən xüsusi diqqət və qayğı ilə əhatə olunmuşlar. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 12 mart tarixli Sərəncamı ilə təsdiq olunmuş “1941-1945-ci illər müharibəsində qələbənin 70 illik yubileyinə hazırlıq və yubileyin qeyd olunması üzrə Tədbirlər Planı”na uyğun olaraq, müharibə veteranlarının yubileyləri qeyd olunur. Bu günə qədər Böyük Vətən müharibəsinin iştirakçısı olan 122 ahıl minik maşını ilə təmin edilmişdir.
Tənha yaşayan və hərəkət qabiliyyəti məhdud olan ahıllar da dövlətimiz tərəfindən xüsusi himayəyə götürülmüşdür. Muxtar respublikada bu qəbildən olan 478 ahıl vətəndaşa Əhalinin Sosial Müdafiəsi mərkəzləri tərəfindən evlərində, 14 ahıla isə Ahıllar evində sosial xidmət göstərilir. Bu sahədə işlərin səmərəliliyini artırmaq məqsədilə tənha ahılların hər biri haqqında məlumat bazası yaradılmışdır. Onlara mütəmadi olaraq evlərində baş çəkilir, həkim müayinəsindən keçirilir və sosial problemləri həll olunur. Ahıllar evində sakinlərin rahat yaşaması üçün hər cür şərait yaradılmışdır. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində fəaliyyət göstərən Tibbi-Sosial Ekspert Komissiyasının həkimləri mütəmadi olaraq Ahıllar evinə gələrək sakinləri müayinədən keçirir və ehtiyacı olanların müalicəsi üçün lazımi tədbirlər görürlər. Hər cür diqqət və qayğı ilə əhatə olunan Ahıllar evinin sakinləri özlərini tənha hiss etmirlər. Əlamətdar günlərdə onlarla görüşlər təşkil olunur, sovqatlar təqdim edilir.
Muxtar respublikada ahıl insanların sağlamlıqlarının qorunmasına, tibbi reabilitasiyasına da xüsusi diqqət yetirilir. Cari ilin 9 ayı ərzində 27 ahıl Naxçıvan Əlillərin Bərpa Mərkəzində müalicə olunmuş, 10 ahıl müalicə üçün respublikamızın sanatoriya və pansionatlarına göndərilmiş, 33 nəfərə səyyar protez-ortopediya xidməti göstərilmişdir.
Yaşlı nəslin məşğulluğunun təmin olunması, asudə vaxtlarının səmərəli təşkili onların özlərini cəmiyyətin üzvü kimi hiss etməsi baxımından mühüm əhəmiyyətə malikdir. Muxtar respublikada ahıllar arasında yaradıcılıq müsabiqələri, əl işlərindən ibarət sərgilər, stolüstü oyunlar üzrə yarışlar təşkil olunur, bayramlar və əlamətdar günlər birlikdə qeyd edilir. Həmçinin 100 yaşı tamam olan muxtar respublika sakinlərinin yubileyləri, habelə ahıl ailələrin evliliklərinin ildönümləri keçirilir, sosial xidmət göstərilən tənha ahılların muxtar respublikamızın görməli yerlərinə gəzintiləri təşkil olunur.
Hər il Beynəlxalq Ahıllar Günü münasibətilə muxtar respublikada ahılların iştirakı ilə tədbirlər keçirilir. Bu il sosial xidmət göstərilən ahılların “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksini ziyarəti təşkil edilmiş, ahıllar arasında bayatı müsabiqəsi, muxtar respublikanın ən uzunömürlü sakini ilə görüş keçirilmişdir. Bu gün Ahıllar evində, Naxçıvan şəhərində və rayonlarda sosial xidmət göstərilən tənha ahıllarla görüşlər təşkil ediləcək, ümumilikdə, 492 şəxsə bayram sovqatı təqdim olunacaqdır.
Muxtar respublikanın sürətli sosial-iqtisadi inkişafı həm də ahılların sosial müdafiəsinin gücləndirilməsinə, onların sosial rifahının daha da yaxşılaşmasına şərait yaratmışdır. Ona görə də ahıllara göstərilən qayğının səviyyəsi ilbəil daha da artır. Bütün bunlar isə muxtar respublikada insan amilinə verilən qiymətin daha bir ifadəsidir.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti