Dövlətimiz tərəfindən ahıllara xüsusi diqqət və qayğı göstərilir, onların sosial rifahının yaxşılaşdırılması istiqamətində davamlı tədbirlər keçirilir. Onların yubiley yaşlarının, uzunömürlü ailələrin gümüş, qızıl və brilyant toylarının qeyd olunması göstərilən qayğının bariz nümunəsidir.
1 oktyabr Beynəlxalq Ahıllar Günü münasibətilə sentyabrın 30-da muxtar respublikanın ən uzunömürlü insanı, 117 yaşlı Şərur rayon sakini Qönçə Hümbətova ilə görüş keçirilib.
Görüşdə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Şərur Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər.
Qönçə xanımla söhbət zamanı bildirilib ki, çinar ömürlü insanlar, eləcə də Qönçə xanım bu günə qədər dövlətimizin diqqət və qayğısı ilə əhatə olunub və bundan sonra da belə tədbirlər davam etdiriləcək.
Uzunömürlü Qönçə Hümbətova ona göstərilən qayğıya görə dövlətimizə minnətdarlığını bildirib.
Sonra muxtar respublikanın ən yaşlı sakininə hədiyyələr təqdim olunub.
Xatırladaq ki, Qönçə Hümbətova 1 iyul 1898-ci ildə Vedi rayonunun Qədirli kəndində anadan olub. 1905-ci ildə ermənilərin bu kəndi yandırmasından sonra anası ilə Naxçıvana gələrək burada məskunlaşıblar.
Xəbərlər şöbəsi