Muxtar respublikada ahıl vətəndaşların sağlam həyat tərzində yaşaması, onların cəmiyyətə daha fəal inteqrasiyası üçün hərtərəfli şərait yaradılıb.
Ahıllar arasında yaradıcılıq müsabiqələri, əl işlərindən ibarət sərgilər, stolüstü oyunlar üzrə yarışlar təşkil olunur. Bütün bunlar muxtar respublikada ahıl vətəndaşlara göstərilən davamlı dövlət qayğısından xəbər verir.
Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq, 1 oktyabr Beynəlxalq Ahıllar Günü münasibətilə sentyabrın 29-da ahılların iştirakı ilə xalq ədəbiyyatının geniş yayılmış bayatı janrı üzrə müsabiqə keçirilib.
Müsabiqə iştirakçıları vətən, dostluq barədə, xoşbəxtlik arzuları ifadə edən bayatılar söyləməklə qabiliyyətlərini nümayiş etdiriblər.
Münsiflər heyətinin rəyi əsasında müsabiqənin qalibləri mükafatlandırılıblar. Digər müsabiqə iştirakçılarına həvəsləndirici hədiyyələr təqdim edilib.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin mətbuat xidməti