Sığorta geniş fəaliyyət növüdür. O, geniş bir tələbat kimi cəmiyyətin inkişafı ilə sıx əlaqədardır. Çünki insanın həyatı və iqtisadi fəaliyyəti müəyyən risklərlə müşayiət olunur. Bəzən baş verən yanğın, partlayış, dağıdıcı təbiət hadisələri və başqa bədbəxt hadisələrin yaratdığı risklərlə üz-üzə qalmalı oluruq. Ona görə də insanlara risklərdən qaçmaq, onların vurduğu zərərləri qısa müddətdə aradan qaldırmaq çox vacibdir. Muxtar respublikamızda sığorta işinin günün tələbləri səviyyəsində qurulması üçün görülən bütün məqsədyönlü işlər də vətəndaşların bu vacib tələbatının ödənilməsinə xidmət edir.
Ümumiyyətlə, sığorta deyəndə insanların maddi mənafelərinin qorunması başa düşülür. Bir çox sığorta növləri, xüsusən də daşınmaz əmlakın icbari sığortası öz cəhətlərinə görə daha əhəmiyyətlidir. Hazırda ölkəmizdə vətəndaşlara məxsus daşınmaz əmlak – yaşayış evləri, binalar, mənzillər və digər tikililər icbari qaydada sığorta olunurlar. Burada əsas məqsəd əhalinin bütün təbəqələrinin sosial müdafiəsinin təmin edilməsidir. Başqa sözlə, gözlənilməz, bədbəxt hadisələr zamanı daşınmaz əmlakın məhv olması və yaxud hər hansı formada itkisi zamanı vətəndaşlara dəymiş zərərin əvəzinin ödənilməsi dövlətin qarşıya qoyduğu əsas məqsəddir. Buna görə də daşınmaz əmlak onun sahibi olan şəxsin istəyindən asılı olmayaraq, icbari qaydada sığorta olunur. Bu sığorta növündəki qaydalar və şərtlər yalnız qanunla müəyyən edilir. Ölkəmizdə 24 iyun 2011-ci ildə qəbul olunmuş “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu sığorta hadisələri zamanı vətəndaşların daşınmaz əmlakına dəymiş zərərlərin əvəzinin ödənilməsi üçün hüquqi təminat verir.
Sığorta hadisələrinə gəldikdə isə mövcud qanuna görə, yanğın, ildırım düşməsi, məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı, elektrik naqillərində baş verən qısaqapanma, buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı, su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qarşı tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən daxil olan su nəticəsində subasma, təbii fəlakətlər – zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi, üçüncü şəxslərin hərəkətləri nəticəsində daşınmaz əmlakın zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur. Mövcud qanuna əsasən, belə sığorta hadisələri baş verdikdə vətəndaşlara dəyən zərərlər təminat altına alınmış olur.
Hazırda sığorta hadisələri zamanı vətəndaşların daşınmaz əmlakına dəymiş zərərlərin əvəzinin ödənilməsi dövlətin diqqət mərkəzində olub burada sosial müdafiə prinsipləri ön planda tutulmaqdadır. Mövcud qanuna əsasən, Naxçıvan şəhərində yaşayan vətəndaşlar öz daşınmaz əmlaklarını 40 manatlıq sığortahaqqı ödəməklə 20 min manata, muxtar respublikanın rayonlarında yaşayan vətəndaşlar isə 30 manatlıq sığortahaqqı ödəməklə 15 min manatadək məbləğdə sığortalamalıdırlar.
Daşınmaz əmlakın icbari sığortası ilə bağlı müxtəlif məsələlər qanunla tənzimlənir. Belə ki, sığorta hadisəsi hesab olunmayan digər hallara yol verilməməsi üçün onlar qanunda dəqiq ifadə olunmuşdur. Mövcud qanunun tələbinə görə, sökülməsi barədə dövlət və yerli özünüidarəetmə orqanlarının qərar verdiyi, tikintisi başa çatmayan, yəni yarımçıq tikililər, qəzalı vəziyyətdə olan və ya Azərbaycan Respublikasının qanunvericiliyi ilə icazə verilməyən yerlərdə inşa edilmiş qanunsuz tikilmiş daşınmaz əmlak icbari sığortaya cəlb olunmur. Bundan başqa, sığortalının, faydalanan şəxsin və ya onların rəhbər işçilərinin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi hərəkətlər, sığortalanmış əmlaka təmir, emal və ya digər istehsalat məqsədləri üçün tətbiq olunan istehsalat alovunun, yaxud istiliyin təsiri nəticəsində, eyni zamanda yanğın baş verməmişdirsə belə, əmlaka zərərin dəyməsi, hadisə zamanı və ya hadisədən sonra əmlakın hər hansı hissəsinin oğurlanması, qrunt sularının səviyyəsinin dəyişməsi, su borularının və ya rezervuarların təmiri, suyun köçürülməsi və ya tutumunun artırılması nəticəsində axması halları sığorta hadisəsi hesab edilmirlər. Bütün bunların bilinməsi ona görə zəruridir ki, bunun əksi baş verdikdə sığorta hadisəsindən zərər dəymiş vətəndaşların mənafeləri pozulmasın.
Bazar iqtisadiyyatında vətəndaşların rahat həyat sürməsi üçün sığorta tələbatının ödənilməsi mühüm şərtdir. Ölkəmizdə və muxtar respublikamızda gedən müasir iqtisadi inkişaf geniş təsərrüfat fəallığına, əhalinin mobilliyinə, avtomobillərin sayının artmasına, yeni fərdi evlərin sürətlə tikilməsinə, inşaat işlərinin intensivliyinə də təsir göstərmişdir. Bunlar isə eyni zamanda müxtəlif sığorta hadisələrinin da artmasına təsir edir. Ona görə də sığortanın faydalarından istifadə olunmaqla onun bir sıra növlərindən, o cümlədən daşınmaz əmlakın icbari sığortasının yaratdığı imkanlardan yararlanmaq mümkündür. Dövlətimizin bu işə verdiyi zəmanət isə hər kəsin xeyrinədir.
Əli Cabbarov