22 Dekabr 2024, Bazar

Nehrəm, Sədərək, Qarabağlar, Cəhri, Yaycı, Dəmirçi! Əslində, bu sıranı daha da artırıb muxtar respublikamızın iri kənd yaşayış məntəqələri haqqında saatlarca söhbət açmaq mümkündür. Naxçıvan Muxtar Respublikasının 200-dən artıq yaşayış məntəqəsi arasında bu kəndlərin yerləşmə mövqeyi, əhalisinin sayı və inkişaf səviyyəsi haqqında “Şəhərləşən kəndlərimiz” rubrikasında dərc olunmuş yazılara və qeydlərimizə yenidən qayıtdıq. Əhalisinin sayı 5 min nəfərdən artıq olan bu altı iri yaşayış məntəqəsi haqqındakı yazıların rubrikası son nəticədə, özü başlığa çıxdı. Nə dərəcədə buna nail olundu, qoy buna tələbkar oxucular qiymət versinlər. Ancaq gəldiyimiz nəticələri ümumiləşdirməyin də faydalı olacağı qənaətindəyik. Beləliklə, Naxçıvan və onun şəhərləşən kəndləri.

Şəhərin cazibə qüvvəsi, onun mədəniyyət mərkəzi kimi üstünlükləri həmişə insanları özünə çəkmişdir. Elə buna görə də tarixən kiçik yaşayış məntəqələrinin böyüyüb şəhərlərə çevrilməsini tərəqqi, şəhərlərin kiçilib yox olmasını isə təbii olaraq tənəzzül adlandırmışlar. Şəhər və kənd həyat tərzləri arasında həmişə təzadlı müqayisə predmetləri olsa da, cəmiyyətin inkişafı ilə şəhər və kənd arasındakı fərq təzahürləri də yox olur və köhnədənqalma “kəndli” ifadəsi də öz qüvvəsini itirir. Müasir dünyada yaşıllıq içindəki sakit və mədəni kənd yaşayış yeri, ondan o qədər də uzaqda olmayan iri şəhər isə biznes və sənaye mərkəzi kimi qəbul olunur. Buna görə də Naxçıvan şəhərindən cəmi 9 kilometr məsafədə Nehrəm kəndini ən iri yaşayış məntəqəsi kimi qeyd etmək lazımdır.

Bundan sonra yenə də Babək rayonunun Cəhri kəndi Naxçıvan şəhərindən 16 kilometr məsafədə Naxçıvançayın sağ sahilindəki iri yaşayış məntəqəsi kimi diqqəti cəlb edir. Naxçıvan şəhərindən 40 kilometr məsafədə olan Kəngərli rayonunun Qarabağlar, 50 kilometr aralı məsafədə yerləşən Culfa rayonunun Yaycı, 65 kilometr məsafədə Şərur rayonunun Dəmirçi və 80 kilometr məsafədə ölkəmizin ən qərb nöqtəsi Sədərək rayonunun Sədərək kəndini də qeyd edə bilərik. Naxçıvan Muxtar Respublikasında şəhərlərdən başqa, qərbdən şərqə doğru müxtəlif iri kəndtipli yaşayış məntəqələri vardır ki, onlar öz tarixi əhəmiyyətini bu gün də qorumaqdadır. Bu kəndlərdən Nehrəm, Cəhri, Sədərək və Qarabağların qədim yurd yerləri olması, tarixdən gələn qədim adət-ənənələri diqqəti cəlb edir.
Ən qiymətli sərvət olan insan ehtiyatlarına gəldikdə bu altı kəndin, ümumilikdə, 55 minə yaxın əhalisi vardır. Bu rəqəm Avropanın bəzi cırtdan ölkələrinin əhalisindən az qala iki dəfə çoxdur. 15 min nəfərdən artıq sakini ilə Nehrəm kəndi təkcə muxtar respublikamızın deyil, ölkə­mizin də iri yaşayış məntəqələrindəndir. Artıq Nehrəm kəndi şəhərtipli qəsəbə görkəmindədir. Cəhri və Qarabağlar kəndləri də eləcə. XVII əsrdə yaşamış türk səyyahı Övliya Çələbinin “Səyahətnamə” əsərində təsvir etdiyi 50 min nəfər sakini olmuş Qarabağlar bu gün Kəngərli rayonunun ən böyük yaşayış məntəqəsidir. Yaxud 1918-ci ildə mənfur ermənilər Culfa rayonunun Yaycı kəndində 2500 nəfər azərbaycanlını qətlə yetirməsəydilər, bu kənd indikindən dəfələrlə böyük ola bilərdi. Xülasə, tarixin müxtəlif dövrlərində Naxçıvanımızın müəyyən kəndləri tənəzzülə uğrasa da, hazırkı inkişaf və tərəqqi dövrü onların həyatının kökündən dəyişilməsinə səbəb olmuşdur.
Muxtar respublikamızın haqqında danışdığımız bu iri kəndləri şəhərə xas sosial həyatın mühüm element­lərinə malikdirlər. Sədərək kəndində mərkəzi, Nehrəm kəndində sahə xəstəxanalarının, Yaycı kəndində “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Culfa bazasının, Qarabağlar kəndində Kəngərli Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin olması bu kəndlərin əhəmiyyətini ortaya qoyur. Bu kəndlərin hamısı muxtar respublikamızda uğurla davam etdirilən quruculuq proseslərindən bəhrələnmiş, onlarda müasir şəhər infra­strukturu yaradılmışdır. Bu altı kənddə kəndlinin müasir yaşayış tərzindən xəbər verən villatipli evlərin sayı yüzlərlədir. Şəhər və rayon mərkəzləri ilə sıx əlaqələri olan iri kəndlərimizdə müasir nəqliyyat infrastrukturu yaradılmış və hesablamalara görə, həmin kənd­lərin sakinlərində 4 mindən artıq fərdi minik avtomobili vardır. Kənd həyatının digər sosial elementlərini – elektron xidmətləri, restoran və şadlıq evlərini, mərkəzləşdirilmiş su və kanalizasiya şəbəkəsini, müxtəlif növ ticarət və xidmət sahələrini də nəzərə alsaq, eyni zamanda torpaq mülkiyyətçisi kimi bu kəndlərin sakinlərinin timsalında bazar iqtisadiyyatında ideal cəmiyyət parametrlərinə uyğun gələn orta təbəqənin sürətlə formalaşdığını xüsusilə qeyd etmək lazımdır.
Xarici görünüşcə şəhəri daha çox xatırladan müasir Naxçıvan kəndləri öz milli dəyərlərini və təsərrüfatçılıq ənənələrini də qoruyub saxlamaqdadır. Bu, iri kəndlərimizdə də belədir. Kənd böyüyüb daha geniş tanındıqca onun adı ilə bağlı nemətlərin də şöhrəti yayılır. Nehrəmin ağartı və bostan məhsulları, Sədərək üzümü, Qarabağlar və Yaycı soğanı, Cəhrinin kabablıq quzusu qida məhsullarının keyfiyyətinə tələbatın artdığı son dövrlərdə öz əvvəlki əhəmiyyətini saxlayır. Böyük kəndlərimizdən Dəmirçi və Cəhri iri taxıl istehsalçısı kimi, Qarabağlar və Nehrəm isə mühüm tikinti materialları yataqları ilə yaxşı tanınırlar. Kəndlərimizdə çox sayda sənətkarlar, qədim adətlərimizi yaşadan insanlar vardır. Bu baxımdan Qarabağlar türbəsi və Nehrəmdəki İmamzadə abidəsini və böyük maarifpərvər ədib Cəlil Məmmədquluzadənin Xatirə Muzeyini tanışlıq turizmi baxımından xüsusilə qeyd etmək lazımdır.
Naxçıvanda yaradılmış müasir təhsil infrastrukturu ilə bu iri kənd­lərimizdə daha yaxından tanış olmaq olar. Bu kəndlərimizdə təhsil alan çox sayda gəncin hərtərəfli yetişməsi üçün dövlətimiz tərəfindən müasir şərait yaradılmışdır. Hər il, təqribən, 500 nəfərin məzun olduğu Nehrəm, Sədərək, Qarabağlar, Cəhri, Yaycı və Dəmirçi məktəbləri müasir təhsil üçün bütün zəruri imkanlara malikdirlər. Təhsildəki nəticələrinə görə yalnız Nehrəm və Sədərəyin daha çox fərqləndiyini, digər kənd­lərdə də keyfiyyət faizinin artırılması üçün ciddi işlər aparıldığını deyə bilərik. Nəyə görə də olmasın? Misal üçün, bu gün Culfa rayonunun ucqar Şurud kəndində ali məktəblərə qəbul nəticələri 100 faiz olduğu halda, həmin rayonun Yaycı kəndində bu rəqəmin 25 faizdən yuxarı olmaması fikrimizcə, başqa bir araşdırmanın mövzusu olmalıdır.
Əvvəllər Naxçıvanda “kənd” deyəndə toz basmış kitabxanası olan uçuq-sökük məktəb və pəncərəsinə karton tutulmuş kolxoz idarə binaları, yarımqaranlıq, nəm çəkmiş ərzaq mağazası və bir də hamının yaxşı tanıdığı anbardarı olan bir yaşayış məntəqəsi başa düşülürdü. Şəhərlə gün ərzində cəmi iki dəfə avtobus marşrutu əlaqəsi olan kənd­liyə təcili bir şey lazım olsaydı, bu, onun tam bir gün vaxtını aparardı. O dövrdə kəndin girəcəyindəki torpaq yoldan qalxan ağ toz-dumandan “kəndə maşın gəldi” deyib tez qapı-pəncərəni bağlayanlar da, bu maşına tamaşa etmək üçün küçəyə qaçan uşaqlar da vardı. Sübh erkəndən çiyinlərində su daşıyıb, təndir salan evdar qadınların simasına çökmüş qayğı yükü sanki vaxtından çox tez qocaltmışdı bu insanları. Amma çox şükür, dünənin bu günü də varmış. Bir az səbir edib, yurdumuzun hər guşəsini qucaqlamış geniş quruculuğa qovuşduq. İndi kəndin görkəmli yerlərindəki villalarda uşaqların səs-küyünü, qonaqların çal-çağırını gördükcə yenidən arxivlərə, “Naxçıvanın dünəni və bu günü” rubrikasında keçmişə qayıtmağa tələsirəm.

Əli Cabbarov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR