22 Dekabr 2024, Bazar

Ölkə başçısı cənab İlham Əliyevin 2 aprel 2014-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”da informasiya və kommunikasiya texnologiyaları respublikanın davamlı və dayanıqlı inkişafının təmin edilməsi, cəmiyyətdə şəffaflığın və demokratiyanın inkişaf etdirilməsi üçün əlverişli vasitə olaraq qəbul edilir. Ölkədə “elektron hökumət”in formalaşdırılmasına ciddi diqqət yetirilir və dövlət-vətəndaş münasibətlərinin informasiya texnologiyaları vasitələrindən istifadə etməklə sadələşdirilməsi, şəffaflaşdırılması bürokratik əngəllərin qarşısının alınmasına xidmət edir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 15 iyul 2011-ci il tarixli “Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” Fərmanına əsasən, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunda 20 adda elektron xidmətin fəaliyyət göstərməsi nəzərdə tutulmuşdur. Elektron xidmətlərdən istifadə etmək üçün istifadəçilər Naxçıvan Muxtar Respublikası Elektron Hökumət Portalına (e-hokumet.nmr.az) və Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun (www.dsmf.nakhchivan.az) internet səhifəsinə daxil olmaqla istifadə edə bilərlər.

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu və onun yerli orqanlarında müasir standartlara cavab verən avtomatlaşdırılmış iş yerləri təşkil olunmuş, lokal şəbəkələr mərkəzi informasiya sisteminə birləşdirilərək fondun ümumi korporativ şəbəkəsi formalaşdırılmış, əhaliyə və sığorta­edənlərə göstərilən xidmətlər müasirləşdirilərək bu sahədə elektron xidmətlərin tətbiqinə şərait yaradılmış və informasiya texnologiyalarının imkanlarından istifadə etməklə, demək olar ki, fondun bütün sahələri elektronlaşdırılmışdır. Bunun da nəticəsində vətəndaşlara, əmək pensiyaçılarına, sığorta­edənlərə və sığortaolunanlara göstərilən xidmətlərin keyfiyyəti yaxşılaşdırılmışdır.
Müasir informasiya texnologiyalarından istifadə etməklə interaktiv və informativ elektron xidmətlər vasitəsilə əhalini maraqlandıran, sığorta-pensiya sisteminə aid bütün məsələlərə aydınlıq gətirilməsi və əhalinin elektron xidmətlərə çıxış imkanlarının daha da genişləndirilməsi məqsədilə fond tərəfindən ardıcıl tədbirlər davam etdirilmişdir. Belə ki, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təqdim olunmuş 20 elektron xidmətdən istifadəyə verilmiş 10 elektron xidmətin sayı 2015-ci ilin sentyabr ayından etibarən 13-ə çatdırılmışdır. Belə ki, “Sığortaedənin (hüquqi şəxs) onlayn uçota alınması”, “Sığortaedənin (fiziki şəxs) onlayn uçota alınması” və “Dövlət sosial sığorta şəhadətnaməsinin dəyişdirilməsi və ya dublikatının verilməsi üçün müraciətin qəbulu” adlı yeni istifadəyə verilmiş elektron xidmətlər vasitəsi ilə hüquqi şəxslərin (kommersiya hüquqi şəxsləri, xarici kommersiya hüquqi şəxsin nümayəndəlik və filialları istisna olmaqla), fiziki şəxslərin (fərdi sahibkarlar istisna olmaqla) uçotunu, eləcə də sosial sığorta şəhadətnaməsinin dublikatının verilməsini elektron qaydada həyata keçirmək mümkündür. Bu xidmətlərin tam elektronlaşdırılması həm kağız daşıyıcı­larından istifadənin aradan qaldırılmasına, həm də şəffaflığın təmin olunmasına gətirib çıxaracaq.
“Sığortaedənin (hüquqi şəxs) onlayn uçota alınması” və “Sığorta­edənin (fiziki şəxs) onlayn uçota alınması” xidmətlərindən elektron imza sahibləri istifadə edə bilərlər. Bu elektron xidmətlər vasitəsilə hüquqi şəxslərin (kommersiya hüquqi şəxsləri, xarici kommersiya hüquqi şəxsin nümayəndəlik və filialları istisna olmaqla), fiziki şəxslərin (fərdi sahibkarlar istisna olmaqla) uçotunu onlayn şəkildə aparmaq olar.
“Dövlət sosial sığorta şəhadətnaməsinin dəyişdirilməsi və ya dublikatının verilməsi üçün müraciətin qəbulu” xidmətindən isə möhür hüququ olan elektron imza sahibləri istifadə edə bilərlər. Sığortaolunanın şəxsiy­yətini təsdiq edən sənədində dəyişiklik edildikdə, dövlət sosial sığorta şəhadətnaməsinin itirilməsi, yazılan məlumatlarda yanlışlıq və yaxud səhv aşkar edilməsi, yararsız hala düşməsi və qanunvericilikdə nəzərdə tutulmuş digər hallar baş verdikdə sığortaedən bu xidmətdən rahat şəkildə istifadə etməklə yeni sosial sığorta şəhadətnaməsini əldə edə bilər.
Bu elektron xidmətlər də digər istifa­dəyə verilmiş xidmətlər kimi interaktiv və ödənişsizdir.

İsmayıl HƏSƏNOV
Naxçıvan Muxtar Respublikası Dövlət
Sosial Müdafiə Fondunun şöbə müdiri

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR