Qurban İslam aləmində ən dəyərli bayramlardan biridir. “Qurban” sözü lüğəti mənada “yaxınlaşmaq” dеməkdir. Yəni qurban kəsən hər bir kəs bu əməli ilə Allaha yaxınlaşır. Allah dərgahında kəsilən qurbanlar insanları xeyirxah əməllər ətrafında birləşdirir. Qurban bayramı eyni zamanda müsəlmanların Həcc ziyarəti mərasiminin də bir hissəsidir. Bütün müsəlman aləmində hər il Hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən başlayır və adətən, üç gün davam edir. Üç səmavi dinin – İslam, Yəhudilik və Xristianlığın hər üçündə də müxtəlif formada qurbanlıq mövcuddur. Lakin İslamda bu ayin xüsusi mahiyyət və əhəmiyyət kəsb edir. Onun əsasında Allaha sonsuz sevgi, Onun qüdrətinə dərin inam və iman durur. Uca Tanrıya məhəbbətin, Rəbbimizin öz bəndələrinə lütf və mərhəmətinin ifadəsi olan müqəddəs Qurban bayramı əsrlərboyu insanların həmrəyliyinə, mənəvi saflaşmasına xidmət etmişdir.
Yüksək insani keyfiyyətlərdən olan dostluğun, qardaşlığın, fədakarlığın cəmiyyətdə inkişafı və gələcək nəsillərə təlqin edilməsi üçün gözəl fürsət kimi dəyərləndirilən Qurban bayramı hicrətin ikinci ilində fərz qılınmışdır. “Qurani-Kərim”in “Kövsər” surəsində deyilir: “Rəbbin üçün namaz qıl və qurban kəs “De ki: “Mənim namazım da, kəsdiyim qurban da, həyatım və ölümüm də aləmlərin Rəbbi – Allah üçündür”, “Biz hər bir ümmət üçün bir qurbangah müəyyən etdik ki, Allahın onlara ruzi verdiyi dördayaqlı heyvanların üstündə (onları kəsdikləri zaman) Allahın adını çəksinlər”. Bundan əlavə, Peyğəmbərimiz buyurmuşdur ki: “Bayram namazından sonra qurban kəsən ibadətini tamamlamış və müsəlmanların sünnəsinə (yoluna) əməl etmişdir”.
Azərbaycan müsəlman dünyasının ayrılmaz parçasıdır və tarixən islami dəyərlərin və bununla bağlı mədəniyyətin inkişafına misilsiz töhfələr vermişdir. Digər müsəlman ölkələri kimi, Azərbaycanda da İslam dinindən irəli gələn vəzifələr yerinə yetirilir. Hər il yüzlərlə azərbaycanlı zəvvarın Həcc ziyarətinə yola düşməsi və bu ziyarətin vacib əməllərindən hesab olunan qurban kəsilməsinə əməl etməsi xalqımızın İslam dininə bağlılığını nümayiş etdirir. Ümummilli liderimiz Heydər Əliyev dini-mədəni dəyərlərin qorunub yaşadılmasına daim yüksək qayğı göstərmişdir. İslam dininin saflığı, onun vacib əməllərinin yerinə yetirilməsi istiqamətində ardıcıl tədbirlər görülmüşdür. Bütün bunların nəticəsidir ki, milli-mənəvi dəyərlərə və ənənələrə ehtiramla yanaşan Azərbaycanda Qurban bayramı hər il böyük təntənə ilə qeyd olunur. Ulu öndər bu müqəddəs bayramı yüksək qiymətləndirərək demişdir: “Bütün müsəlmanların böyük təntənə ilə qeyd etdikləri Qurban bayramı insanın ən çətin məqamlarında düzgün mövqe seçmək, ülvi amallar uğrunda hər cür fədakarlığa hazır olmaq qüdrətini təcəssüm etdirir”.
Milli-mənəvi, İslami dəyərlərin qorunması və təbliğinə ciddi diqqət yetirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev insanlar arasında həmrəyliyin və saflaşmanın bərpa olunmasında bu bayramın rolunu yüksək qiymətləndirmişdir. Dövlət başçısının Qurban bayramı münasibətilə bu il Azərbaycan xalqına təbrikində deyilir: “Xeyirxahlığın, bərabərliyin, fədakarlığın simvolu olan Qurban bayramı Uca Yaradanın bəşəriyyət üçün hidayət yolu seçdiyi İslamın əsas bayramlarından biri kimi insanları həmişə sülhə, əmin-amanlığa və dözümlülüyə dəvət edir. Cəmiyyətimizdə humanizm və qardaşlıq duyğularını daha da gücləndirən qurban mərasimləri hər il Azərbaycanda yüksək əhval-ruhiyyə və böyük təntənə ilə keçirilir”.
Ölkəmizdə rəsmi olaraq iki gün qeyd olunan bayramın özünəməxsus qurban kəsmək şərtləri vardır. Qurban ibadəti qurbanlıq heyvanın Qurban bayramı günlərində qayda-qanunlara uyğun şəkildə şəxsən qurban sahibinin özü tərəfindən kəsilməsi və ya başqasına kəsdirməsi ilə yerinə yetirilmiş olur. Qurban üzrlü səbəbdən bayram günü kəsilməzsə, bayramın ikinci, üçüncü günü də kəsilə bilər. Ancaq unutmayaq ki, bu ayini günün birinci yarısı, yəni gün dönməzdən əvvəl yerinə yetirmək lazımdır. Qurban bayramında hər bir imkanlı müsəlman qurban kəsib onun ətini imkansızlara, kasıblara paylamalıdır. Burada əsas məqsəd xeyirxahlığa nail olmaqdır.
İmkanı olmayan ailələrin qurban kəsməsi vacib deyil. Bu, yalnız buna imkanı olan adamların boynunda haqdır. Qurban əti satılmaz və ya satın alınmaz. Qurban yalnız paylanmaq üçün kəsilər ki, bu paylamanın da şərtləri vardır. Belə ki, kəsilmiş qurban üç yerə bölünür. Həmin üç hissənin biri ehtiyacı olan qonşulara, bir hissəsi qohum-əqrəbaya paylanılır, digər bir hissəsi isə evdə saxlanılır. Quşlardan və ov heyvanlarından qurban kəsmək doğru deyil. Qurban kəsmək ibadəti həm də insanlara sərvətini ehtiyacı olanlarla paylaşmaq əxlaqını qazandırır.
Qurban bayramının ən gözəl xüsusiyyətlərindən biri də odur ki, burada din, məzhəb ayrı-seçkiliyinə yol verilmir. Bu bayramda istənilən dindən olan yetimin, kimsəsizin və yoxsulun haqqı var ki, varlının imkanlarından bəhrələnsin. Qurbanlıq o deməkdir ki, insanlar Allahın xoşuna gələcək bir əməli icra edirlər. Ona görə də qurban kəsmək və onu paylamaq sosial bərabərliyə ən gözəl nümunələrdən biri hesab olunur.
Naxçıvan Muxtar Respublikasında da İslami dəyərlər qorunub yaşadılır, dini ənənələrə hörmət və ehtiramla yanaşılır. Son illər yeni məscid binaları tikilərək istifadəyə verilmiş, dini abidələr bərpa edilmiş, müqəddəs ziyarətgahlar təmir olunaraq əhalinin istifadəsinə verilmişdir. Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə İdarəsinin fəaliyyətinin genişləndirilməsi, din xadimlərinin qayğı ilə əhatə olunması bu dəyərlərə göstərilən yüksək ehtiramın bariz nümunəsidir.
Muxtar respublikada dini dəyərlərimizə dövlət qayğısının, ehtiramın daha bir ifadəsi də dini mərasimlərin yüksək səviyyədə keçirilməsidir. Hər il Məhəmməd Peyğəmbərin mövludu günü, müqəddəs Ramazan və Qurban bayramları muxtar respublikada təntənəli şəkildə qeyd olunur. Bu gün sabitlik, sülh və əmin-amanlıq şəraitində yaşayan hər bir ailədə, hər bir evdə müqəddəs bayramlar qeyd olunur, Qurban bayramı süfrəsi açılır. Qurban bayramı günlərində sosial qayğıya ehtiyacı olan ailələrin yad olunması, onlara bayram sovqatlarının verilməsi dinimizə olan böyük ehtiramın daha bir ifadəsidir.
Qurban bayramı müsəlman dünyasında əsl təntənəyə çevrilir, insanlara birlik, həmrəylik, şəfqət və xeyirxahlıq duyğuları aşılayır. Dinimizin təlqin etdiyi ədalət prinsipləri də Qurban bayramında özünü göstərir. Qurban bayramı insanların mənən saflaşması, onların daha sıx birləşməsi üçün bir vasitədir. Bu birlik ovqatı bizim hamımız – cəmiyyətimiz və dövlətimiz üçün olduqca mühüm amildir. Məhz birliyimiz, həmrəyliyimiz düşmənlərimizi məğlubiyyətə uğradacaq, böyük qələbəmizi təmin edəcəkdir.
Vüqar BABAYEV
Naxçıvan Muxtar Respublikası Dini
Qurumlarla İş üzrə İdarəsinin rəisi