22 Dekabr 2024, Bazar

Əhalinin ənənəvi qış hazırlığı

Xalqımıza məxsus məişət adət-ənənələrindən biri də soyuq qışa ərzaq tədarükünün görülməsidir. Ehtiyat ərzaq məhsullarının hazırlanması və saxlanılması qaydaları uzun əsrlərboyu formalaşıb və günümüzədək gəlib çıxıb. Yazın sonundan başlayaraq bir çox insanlar qış tədarükü görməyə başlayırlar. Bu məsələdə xanımların əməyi daha çoxdur.
Yusif Vəzir Çəmənzəminlinin “Evdar arvad” məqaləsində də yazdığı kimi: “Ev bir məmləkətə bənzəyir, evdar arvad da onun padşahına. Padşah yaxşı olsa, məmləkət də nizam və qayda ilə dolanar... Mətbəxin nizamı da xanıma bağlıdır. Bacarıqlı arvad evdə qış üçün tədarük görər, cürbəcür mürəbbələr bişirər, turşular və şorabalar hazırlayar, göyərti və meyvə qurudar. Qoçaq arvad hər şeydən mənfəət götürər... xülasə, evdar arvadın vəzifəsi çox çətindir. Böyük hünər və qanacaq istəyir”.
Payızın ilk günlərini yaşayırıq. Bütün idarə, müəssisə və təşkilatlar payız-qış mövsümünə hazırlığı sürətlə aparır. Yəni dövlət mövsümi çətinliyin yaşanmaması üçün hər bir tədbiri vaxtında görməyə çalışır.

Naxçıvanda əhali bu işə yazın sonlarından başlayır

Qadınlarımız öz üzərlərinə düşən məsuliyyəti həmişə yaxşı başa düşürlər. Artıq qış gəlir, hamı tədarük görür. Ailələrdə kompotlar, tutmalar, konservlər, mürəbbələr və daha nələr, nələr hazırlanır. Etnoqraf Asəf Orucov deyir ki, qışa tədarük edilməsində əsas əziyyət qadınlarımızın üzərinə düşür. Xalqımızın “qışdan qorxma ki, üzü yazadır, payızdan qorx ki, üzü qışadır” deyimi əsas tutularaq məişət işləri də buna uyğun qurulur. Əhali yazın ilk aylarından başlayaraq payızın axırlarına, xalq dili ilə desək, payızın qışa dönən dövrünə qədər gündəlik tələbatdan artıq qalan məhsulları qışda istifadə etmək üçün tədarük edir. Bu, ta orta əsrlərdən başlamış bu günədək davam etməkdədir. Dənli bitkilər, maldarlıq məhsulları, müxtəlif yabanı yeməli bitkilər, bostan-tərəvəz məhsullarından və meyvələrdən hazırlanmış qax, doşab, şorabalar, mürəbbələr, riçal, eləcə də ətirli ot dəstələri əhalinin tədarük gördüyü əsas qida məhsullarındandır.

Müsahibimizin sözlərinə görə, meyvəçilik təsərrüfatında meyvələrdən təzə-tər halda istifadə edilsə də, ehtiyat ərzaq məhsulları kimi qış üçün də hər zaman tədarük edilir. Qurudulmuş armuddan, ərikdən, almadan qax, şaftalının xüsusi növü olan nazlı şaftalıdan alana, miyanpur, cəvizdən sucuq, alçadan çırtma və sair hazırlanır.
Ordubad bölgəsinin bu sahə üzrə xüsusilə seçildiyini deyən həmsöhbətim bildirdi ki, XIX əsrin sonu, XX əsrin əvvəllərində şəkər istehsalı genişləndikcə əhali müxtəlif dadlı və ətirli meyvələrdən, giləmeyvələrdən mürəbbələr hazırlayıb qış tədarükü görməyə başladı. Qızılgülün ləçəklərindən də mürəbbə və gülqənd hazırlayıb qışa saxlamaq əhali arasında geniş yayılıb.
Etnoqraf-alim Asəf Orucovun araşdırmalarına görə, meyvələrin ehtiyat ərzaq məhsulu kimi tədarükünün ən münasib yolu onların qurudulması imiş. Xalq arasında meyvələrin qurudulmuşu “qax” adlanır. Bu, iki üsulla həyata keçirilir. Birincisi, Günəş altında, ikincisi isə təndirdə, gillədə qurutmaqdır. Bu üsulların ən sadəsi Günəş altında olanıdır.
Qeyd edək ki, hər bir meyvənin qurudulma müd­dəti və qurudulması üsullarında fərqlər vardır. XIX əsrdə meyvələrin qurudulmasında təndir və meyvəqurudan kürələrdən geniş şəkildə istifadə olunub. Qurudulmuş meyvələri əhali qış boyu saxlayıb onlardan həm çərəz, həm də qənnadı məhsulu kimi istifadə edib.
Həmsöhbətim bildirdi ki, akademik Teymur Bünyadov yazılarının birində ordubadlıların XX əsrin əvvəllərində hər il 15 min pud ərik qurusu satdıqlarını qeyd edir. Bu mənbələr də göstərir ki, meyvələrin qurudulması qədim dövrlərdən bəri davam edir.

Yayın yaxıntısı, qışın yavanlığıdır

Digər həmsöhbətim Şahbuz rayonunun Ağbulaq kəndində yaşayan 77 yaşlı Gülsabah Quliyevadır. “Düzdür, indi bir çoxları həmin məhsulları dükandan almağa üstünlük verirlər, ancaq ev şəraitində hazırlanan nemətin yerini heç nə vermir”, – deyən Gülsabah nənə onu da bildirdi ki, əvvəllər qışa hazırlıq çox çətin idi: “Bilmirdik qışda isinmək üçün odun tədarük edək, ya qidalanmaq üçün banka-balon bağlayıb, ot-alaf qurudaq. İndi şükürlər olsun, daimi mavi yanacağımız var. O sarıdan rahatıq. Ərzaq tədarükünü də əvvəlki kimi aparmırıq”.
Haşiyə: Muxtar respublikamızda əhalinin ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində atılan addımların nəticəsidir ki, hər il yeni-yeni istixana kompleksləri, soyuducu anbarlar qurulur. Bu da qış mövsümündə belə, əhalini təzə kənd təsərrüfatı məhsulları ilə təmin edir. Həm də ucuz qiymətə.
“Əvvəllər badımcanı, bibəri, pomidoru, bir çox meyvələri, dağ otlarını, hətta əti belə, qışa qurudaraq saxlayırdıq. İndi qışda da təzə, həm də dadlı meyvə-tərəvəz, ət və ət məhsulları olur. Ona görə də qurutmağa ehtiyac qalmır. Amma elə bitkilər var ki, onları bu gün də quruduruq”, – deyən Gülsabah nənə bildirdi ki, nə etməsək də dadına doyulmayan, Naxçıvana məxsus olan qovurmanı hər il, demək olar ki, hər ailə tədarük edir. Oktyabrın sonu, noyabrın əvvəllərində, əsasən, erkək heyvan ətindən edirik qovurmanı. Bizim yerlərdə marta qovurması qalmayana “Pinti arvad qovurmasın qurtarıb” deyərdilər. Bundan əlavə, əriştə kəsərik qış üçün. Bu il havalar arada sərinlədi. Qışın tez düşəcəyindən təlaşlanıb indidən əriştə kəsənlər də var. Ancaq, əsasən, ok­tyabrda kəsərlər əriştəni. Tutmalar, şorabalar, mürəbbələr hazırlayırıq. İndi bu cavanlar ənənəvi turşulardan başqa, müxtəlif salatlar, kompotlar və digər məhsulları da qışa tədarük görürlər”.
Ümumiyyətlə, ta qədim zamanlardan insanlar yaz-yay-payız aylarında intensiv işləyir, torpaqla əlləşib qışa tədarük görür və qışda digər üç fəsildə topladıqlarını yeyirdilər. Bu il də doğma diyarımızda əhali qış tədarükünü vaxtında və lazımınca aparır.

Gülnar YÜZBAŞIYEVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR