Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 12 mart 2015-ci il tarixli Sərəncamı ilə təsdiq edilən “1941-1945-ci illər müharibəsində qələbənin 70 illik yubileyinin qeyd olunması üzrə Tədbirlər Planı”na uyğun olaraq növbəti tədbir keçirilib.
Sentyabrın 17-də Babək rayon Nəhəcir kənd sakini, müharibə veteranı Kazım Hacıyevin 90 yaşının tamam olması münasibətilə onunla görüş olub.
Tədbirdə iştirak edən Babək Rayon İcra Hakimiyyətinin başçısı Elçin Hüseynəliyev, Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova yubilyarı 90 yaşı münasibətilə təbrik ediblər.
Bildirilib ki, 1941-1945-ci illər müharibəsi veteranlarının sosial müdafiəsinin gücləndirilməsi daim diqqət mərkəzində saxlanılır. Belə ki, onlar minik avtomobilləri, həmçinin texniki-bərpa vasitələri və protez-ortopediya məmulatları ilə təmin olunurlar. Pensiya və müavinətlərlə yanaşı, hər ay onlara Prezident təqaüdü ödənilir, sanatoriya və pansionatlara müalicəyə göndərilirlər. Bütün bunlar müharibə veteranlarının sağlamlığının qorunmasına, rifah halının yaxşılaşmasına xidmət edir.
Kazım Hacıyev ona göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizə minnətdarlığını bildirib.
Sonda yubilyara hədiyyə təqdim olunub.
Xəbərlər şöbəsi