İntellektli, vətənpərvər və geniş dünyagörüşə malik gənc nəslin yetişdirilməsi hər bir ölkənin gələcək inkişafı üçün başlıca şərtdir. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Bizim hamımızın vəzifəsi Azərbaycanın gənclərini milli vətənpərvərlik ruhunda tərbiyə etməkdir, gənclərimizi bilikli etmək, müasir dünyanın əldə etdiyi nailiyyətlər səviyyəsinə qaldırmaqdır, respublikamızın gənclərini Azərbaycanda müstəqil, demokratik, hüquqi, sivilizasiyalı dövlət quruculuğu işinə cəlb etməkdir”.
Ulu öndərin müəllifi olduğu dövlət gənclər siyasəti bu gün muxtar respublikada uğurla həyata keçirilir. Gənclərin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakının təmin edilməsi, onların sosial problemlərinin həlli, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq tədbirlərin həyata keçirilməsi, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin irəli çəkilməsi və xidmətlərinin qiymətləndirilməsi, bütövlükdə muxtar respublikada gənclərlə iş sahəsində həyata keçirilən tədbirlərin əsasını təşkil edir.
Bu gün muxtar respublikada gənclər onlara göstərilən dövlət qayğısını bütün sahələrdə olduğu kimi, asudə vaxtlarının səmərəli təşkilində də hiss edirlər. Gənclərin asudə vaxtının səmərəli təşkili istiqamətində aid dövlət orqanları, gənclər təşkilatları, ictimai birliklər tərəfindən hər il mühüm layihələr reallaşdırılır. Qeyd olunan tədbirlər sırasında yay məktəblərinin keçirilməsi xüsusi yer tutur. Bu layihə çərçivəsində həm gənclərin təbiət qoynunda mənalı istirahəti təşkil olunur, həm də onların digər gənclərlə sağlam ünsiyyəti yaranır, uşaq və gənclərdə sərbəst düşünmək, özünə güvənmək və digər müsbət ictimai cəhətdən faydalı davranışlar formalaşır.
Naxçıvanın zəngin təbiəti, geniş turizm potensialı və son illər yaradılan müasir turizm infrastrukturu gənclərin yay məktəblərinin nümunəvi təşkilinə imkan verir. Bu baxımdan Şahbuz rayonu ideal məkanlardandır. Yay tətili günlərini rayonun səfalı kəndlərində keçirmək istəyənlərin sayı ilbəil artır. Muxtar respublikada kənd turizminin tətbiq olunduğu ilk yaşayış məntəqəsi də Şahbuz rayonunun Ağbulaq kəndidir. Artıq Ağbulaq İstirahət Mərkəzi muxtar respublikada gənclərlə bağlı bir sıra sosial layihələrin həyata keçirildiyi mərkəzlərdən birinə çevrilmişdir. Belə ki, mərkəzin yaradılması təkcə kənd əhalisinin məşğulluğu və turizmin inkişafı baxımından deyil, həm də ilin müxtəlif fəsillərində öz asudə vaxtını səmərəli keçirən məktəbli gənclərin ekoloji tərbiyəsi və müxtəlif həssas əhali qruplarının zəruri tələbatlarının ödənilməsi baxımından da uğurlu layihədir.
Ağbulaq İstirahət Mərkəzində gənclər üçün yay məktəblərinin təşkil olunması artıq bir ənənə halını almışdır. 2013-cü ildən başlayaraq hər il burada gənclərin yay məktəbi təşkil edilir. 2015-ci ildə də bu ənənə davam etdirilmiş, gənclərin, məktəblilərin, aztəminatlı ailələrin uşaqlarının və sağlamlıq imkanları məhdud uşaqların yay məktəbi keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Gənclər və İdman, Əmək və Əhalinin Sosial Müdafiəsi və Təhsil nazirlikləri, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin təşkilatçılığı ilə 3 iyul – 10 sentyabr tarixlərini əhatə edən yay məktəbi dövründə gənclərdən ibarət 9 qrup müxtəlif vaxtlarda Ağbulaq İstirahət Mərkəzinə göndərilmişdir. Bu il təşkil olunan yay məktəbində muxtar respublika üzrə, ümumilikdə, 395 nəfər iştirak etmişdir ki, onların 225-i şagird, 135-i tələbə, 35-i isə sağlamlıq imkanları məhdud olan şəxslər olmuşdur.
İştirakçılar yay məktəbində əvvəlcədən müəyyənləşdirilmiş günün nizam qaydasına uyğun olaraq hərəkət etmişlər. Gənclər arasında müxtəlif idman oyunları, müsabiqələr, intellektual yarışlar, seminarlar, diskussiyalar keçirilmiş, Azərbaycan filmləri nümayiş etdirilmiş, gənclərə tariximiz, milli dəyərlərimiz və adət-ənənələrimiz haqqında ətraflı məlumatlar verilmişdir. Bu da onların vətənpərvərlik hislərinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir.
Muxtar respublikanın müxtəlif yerlərindən gəlmiş məktəblilərin Ağbulaqda qaldıqları bir həftə ərzində hər gün yaddaqalan tədbirlər, oyunlar, yarışlar keçirilmişdir. Şübhəsiz, dəniz səviyyəsindən, təqribən, 2 min metr yüksəklikdə, yaşıl təbiətin qoynunda keçirilən bu tədbirlər gənclərin sağlam böyüməsi baxımından mühüm əhəmiyyətə malikdir. Çünki birgünlük tələm-tələsik, proqramsız təşkil olunan gəzintilərdən fərqli olaraq, belə istirahət mərkəzlərində mütəşəkkil formada keçirilən yay məktəbləri öz məqsədyönlülüyü ilə digərlərindən çox fərqlənir. Belə ki, burada müxtəlif yaşdan olan məktəblilərin və gənclərin bir-biri ilə dostluq qurması, onların təbiətlə birbaşa ünsiyyət yaradaraq müxtəlif ekskursiya marşrutlarına yollanması üçün əlverişli şərait vardır. Tərtib olunmuş tədbirlər planına əsasən, bu il yay məktəbində iştirak edən gənclər arasında futbol yarışı, şeir və rəsm müsabiqələri, “Xəmsə” milli intellektual oyunları, poeziya gecələri keçirilmişdir. Məktəblilər Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyinə, Şahbuz Dövlət Təbiət Qoruğuna, Batabat yaylağına və Astrofizika Rəsədxanasına, eləcə də təbiət qoynuna ekskursiyalara aparılmışlar.
Muxtar respublikada sağlamlıq imkanları məhdud uşaq və gənclərin cəmiyyətə inteqrasiyası, onların təhsili, asudə vaxtlarının səmərəli təşkili də daim diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilən “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində silsilə tədbirlər həyata keçirilir. Bu il 20-25 iyul tarixlərində sağlamlıq imkanları məhdud 35 məktəbli uşağın valideynlərinin müşayiəti ilə Ağbulaq İstirahət Mərkəzində istirahətlərinin təşkil olunması da göstərilən bu qayğının daha bir ifadəsidir. Yay məktəbinin proqramına uyğun olaraq, sağlamlıq imkanları məhdud uşaqların iştirakı ilə müxtəlif idman yarışları, intellektual oyunlar keçirilmiş, vətənpərvərlik mövzusunda filmlər nümayiş etdirilmişdir. Uşaqlar təbiət gəzintisinə, Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyinə aparılmış, fiziki imkanları məhdud ifaçılardan ibarət “İnam” musiqi qrupu onlar qarşısında konsert proqramı ilə çıxış etmişdir.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən ayrılmış nəzarətçi həkimlər yay məktəbinin keçirildiyi müddətdə uşaq və gənclərin yanında olmuş, onları vaxtlı-vaxtında müayinə etmişlər.
Ağbulaq İstirahət Mərkəzində keçirilən yay məktəbi bir nəticəni ümumiləşdirir: sağlam, yüksək intellektli, geniş dünyagörüşlü, vətənpərvər gənclik ölkənin gələcəyidir. Buna görə də onların təhsili, mənalı istirahəti, sağlamlığı və vətənpərvər ruhda tərbiyəsi yolunda həyata keçirilən tədbirlər davam etdirilməlidir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
yanında Gənclər Fondunun mətbuat xidməti