Azərbaycanın davamlı və sürətli tərəqqisinin canlı nümunəsi olan Naxçıvan bu gün regionun ən gözəl şəhərlərindən birinə çevrilib. Ölkəmizin bir parçası olan doğma diyarımız gözlərimiz önündə tikilir, abadlaşır, yaşıllaşır.
Әhalinin sağlamlığının qorunmasında yaşıllıqların әhәmiyyәti misilsizdir. Bunu hər birimiz yaxşı bilirik. Yaşıllıq iqlimi, havanı mülayimlәşdirir, quraqlıq vә quru külәklәrin qarşısını alır, atmosferin kimyәvi çirklәndiricilәrinin bir hissәsini udur vә dәyişdirir, hәmçinin tәbii fon şüalanması vә sәs-küyün azaldılması kimi funksiyaları yerinә yetirir. Bu nəzərə alınaraq muxtar diyarımızda yaşıllığın artırılmasına xüsusi diqqət yetirilir. Nəticə göz önündədir. Gündən-günə gözəlləşən Naxçıvan şəhərində geniş vüsәt alan abadlıq vә quruculuq işlәri ilә yanaşı, yeni yaşıllıq sahәlәrinin salınması da diqqәt mәrkәzindәdir. Çünki tәbiәti qorumaq, tәbii sәrvәtlәrdәn sәmәrәli istifadә etmәk, yaşıllıqların mühafizәsinә nәzarәti güclәndirmәk sağlamlığımızın tәminatıdır.
Yollar boyunca salınmış yaşıllıqlar, əkilən gül və bəzək kolları, dekorativ ağaclar göz oxşayır və şəhərimizə xüsusi gözəllik verir. Yamyaşıl otlar sanki xalıdır. Buta şəklində əkilmiş çiçəklər yaşıl otların arasında qədim xalılardakı naxışları xatırladır.
Bu gün hər birimiz şəhərimizin yaşıllığı ilə öyünür, güllü-çiçəkli, hər zaman səliqə-sahmanda olan park və xiyabanlarında ruhi rahatlıq tapırıq. Gözəlliyi ilə gözümüzü oxşayan, qəlbimizə fərəh bəxş edən bu aləmi yaradanlar var. Onlar ilin bütün fəsillərində işlərinin başındadırlar. Yağışlı-qarlı günlərdə də, qızmar Günəşin od yağdırdığı vaxtlarda da. Bəli, əbəs yerə deməyiblər ki, bağa baxarsan bağ olar, baxmazsan dağ.
Onları çoxlarınız tanıyırsınız. Naxçıvan Şəhər Yaşıllaşdırma İdarəsinin işçiləridirlər. İşləri də yaşıllıqların sayını artırmaq, onlara qulluq göstərməkdir. Bu işdən təkcə maaş alıb, ailə dolandırmırlar, həm də yaratdıqlarından mənəvi zövq alırlar. Bu insanlar hər zaman tapşırılan işin öhdəsindən bacarıqla gəlirlər. Onlar şəhərimizin təkcə park və xiyabanlarının deyil, yol kənarlarının, hər bir tikilən inzibati və ictimai yaşayış binalarının ətrafının yaşıllaşdırılmasına da öz töhfələrini verirlər.
Naxçıvan Şəhər Yaşıllaşdırma İdarəsinin müdiri Fətulla Nabatov bildirdi ki, 2015-ci ilin ötən dövrü ərzində şəhərimizin yaşıl örtüyünün artırılması istiqamətində ardıcıl işlər görülüb. Hazırda idarənin işçiləri parklar, xiyabanlar, yol kənarları daxil olmaqla, ümumilikdə, 798 hektar sahəyə qulluq edirlər. Yaz iməciliyi dövründə qulluq edilən sahələrə 230 ədəd meşə, 5 min 100 ədəd müxtəlif meyvə, 4 min 800 ədəd həmişəyaşıl ağac əkilib. 12 min 600 ədəd müxtəlif gül kolları, 380 ədəd dekorativ kol və 25 min ədəd birillik gül kolları basdırılıb. 3 hektar ərazidə meşə-bərpa işləri aparılıb, 8 hektara isə qazon ot toxumu səpilib.
Payız iməciliyinə hazırlıqla əlaqədar Yaşıllaşdırma İdarəsinin tingçilik sahəsində 8 min ədəd müxtəlif meşə, 90 min ədəd müxtəlif meyvə, 60 min ədəd ərik və badam dənəsi, 40 min ədəd həmişəbahar gül kolu əkilib.
Eyni zamanda öz yaşıllığı vә tәmizliyi ilә hәr zaman fәrqlәnən şəhərimizdə ayrı-ayrı idarә vә müәssisәlәrin, tәhsil ocaqlarının kollektivlәri vaxtaşırı imәciliklәr keçirir, yaşıllıqların artırılmasında fəal iştirak edirlər. Bu gün әkilәn hәr yeni ağac böyüdükcә küçәlәrimizi gözәllәşdirmәklә yanaşı, әtrafa tәmiz havanın yayılmasına da yardımçı olacaq. Bu ağaclar boy verdikcә, onları әkәnlәri, eyni zamanda suvaranları, küçә vә xiyabanlarda, parklarda tәmizliyi qoruyanları, hər bir şәhәr sakinini fәrәhlәndirәcәk.
Yaşıllaşdırma İdarəsinin isti yay günlərində qayğıları daha çoxdur. Bu da təbiidir. Çünki illərlə qorunub ərsəyə gəlmiş ağacları, yaşıl örtükləri, təbii və dekorativ gül kollarını qızmar Günəşdən, bürküdən, istidən qorumaq elə də asan deyil. Bizsə əminik ki, Naxçıvanımızın yaşıl dünyası belə qayğı ilə bəsləndiyi üçün öz gözəlliyini daim qoruyacaqdır. Elə biz vətəndaşlara da təkcə onları qorumaq qalır.
Gülnar YÜZBAŞIYEVA