Əlincə çayının sağ sahilində bir kənd var. Tarixi mənbələrdə bu kəndin adı 1590-cı ildə “Saltaq”, 1727-1728-ci illərdə “Zaltaq” kimi göstərilir. Tədqiqatçılar “Saltaq” adının mənşəyini qədim türk Sal tayfa adı ilə əlaqələndirirlər.
AMEA-nın müxbir üzvü Adil Bağırova görə, Sal tayfası kəngərlilərin salayçı qolunun adı ilə bağlıdır və alimin gəldiyi nəticə bundan ibarətdir ki, Sal tayfa adı ilə tag (dağ) sözünün birləşməsindən əmələ gələn Saltaq oykonimi “salayçılara məxsus dağ”, “Sal tayfası yaşayan dağ, yer, kənd, məskən” mənasında işlənir. Yenə də mənbələrə görə, Saltaq kəndində ilk məskunlaşma IX-X əsrlərdən başlamışdır. Bu qədim yurd yerində X əsr qədim yaşayış yeri və XIV-XVI əsrlərdən qalma iki nekropol ərazisi vardır. Bir sözlə, muxtar respublikamızın əksər yaşayış məntəqələri kimi özünəməxsus gözəlliyi olan, Haçadağa söykənən Saltaq kəndi həm keçmişi, həm də bu günü ilə fəxr edə bilər.
Saltaq kəndi rayon mərkəzindən 30 kilometr uzaqlıqda yerləşir. Son 20 ilin quruculuq ərməğanlarını bu kəndə gedəndə də görmək mümkündür. Yolboyu keçdiyimiz Ərəzin, Əbrəqunus, Bənəniyar kəndləri rahat yolları, müasir tikililəri, gözoxşayan yaşıllıqları ilə insanın könlünü oxşayır. Yaşı qədimdən də qədim olan Haçadağa, Əlincə dağına aparan bu yollar hər qarışı ilə tarix və müasirliyin vəhdətini ortaya qoyur. Təbii ki, insan əli ilə yaradılmış bu gözəlliklərdən Saltaq kəndinə də böyük pay düşüb. Xatırladaq ki, Sovetlər Birliyi dövründə digər kəndlərimiz kimi, Saltaq kəndi də gözdənuzaq, könüldəniraq yaşayış yerlərindən olub. Kənd rayonun digər ucqar dağ kəndlərinə gedən yolun üstündə yerləşsə də, hər şey indiki kimi rahat olmayıb. Buranın insanları keçmiş zamanlardan əkinçilik və heyvandarlıqla məşğul olublar, öz zəhmətləri ilə dolanışıqlarını təmin etməyə çalışıblar. Bir zamanlar Saltaqda geniş üzüm sahələri olub. Əhali üzümçülüyə böyük maraq göstərib, kənddə yaşayan ailələrin böyük bir qisminin məşğuliyyəti üzümçülük olub. Ancaq “sovet yenidənqurması”nın sərt dalğası buradakı üzüm bağlarını da məhv edib. İndi isə vəziyyət tamamilə dəyişib.
Kənddə olarkən öyrənirik ki, hazırda burada 1650 nəfər yaşayır. Təsərrüfat sayı isə 450-yə çatır. Kəndin 200 hektara yaxın əkin sahəsi vardır ki, bunun da 102 hektarını sututar ərazilər, 98 hektarını isə dəmyə sahələr tutur. Vətəndaşlara məxsus həyətyanı sahələr isə 68 hektar təşkil edir. Kəndin icra nümayəndəsi Bəşir Ağayev bildirir ki, bu il kənddə camaat bol məhsul yetişdirib. 70 hektar sahədə taxıl əkini aparılıb ki, bunun da 50 hektarını buğda, 20 hektarını isə yazlıq arpa təşkil edib. Biçin vaxtında aparılıb, taxıl itkisiz toplanıb. Müsahibimiz bildirir ki, son illərdə taxılçılığın inkişafına göstərilən dövlət dəstəyi təsərrüfatçıların bu əkin növünə marağını artırıb. Əldə olunan məhsulun bazarı olduğundan digər əkin növləri üçün də bunu demək mümkündür. Kəndin zəngin üzümçülük ənənələri Məsumalı Səfərov, Həsən Nəcəfov kimi təsərrüfatçılar tərəfindən davam etdirilir. Həsən Nəcəfov qeyd edir ki, kəndimizin torpaqları üzümçülük üçün çox əlverişlidir. Bu torpaqlarda ağ aldərə, hənəqırna, sarı və qara kişmişi kimi üzüm sortları yetişdirilir. Bu il isə üzüm bol olub. Hazırda bu məhsulun yığım dövrüdür. İnanıram ki, 3-4 ton üzüm tədarük edə biləcəyik. Həmsöhbətimiz təsərrüfatdan əldə edilən məhsulun satışında hər həftəsonu rayon mərkəzində və Naxçıvan şəhərində təşkil olunan kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının da böyük rolu olduğunu vurğulayır. Kənd sakinləri ilə söhbətimizdə onu da öyrənirik ki, bu il həyətyanı sahələrdə də məhsul yaxşı olub. Kənd sakinləri bu cür sahələrdə, əsasən, ailənin ehtiyacı üçün nəzərdə tutulmuş tərəvəz məhsulları yetişdirirlər.
Kənddə heyvandarlığın inkişafı da diqqət mərkəzində saxlanılır. Rafiq Kazımov təsərrüfatında 80 baş, Fərhad Quliyev isə 120 baş xırdabuynuzlu heyvan saxlayır. Əhalinin sosial rifah halının yaxşılaşmasının nəticəsidir ki, kənddə son illərdə yeni evlərin sayı da artır. Son bir-iki ildə kənddə 7 yeni ev tikilib və evlərin ümumi sayı 310-a çatıb.
Saltaq kəndində əhalinin əsas məşğuliyyəti təsərrüfatın müxtəlif sahələri olsa da, digər sahələrdə çalışanlar da az deyil. Məsələn, son illərdə burada 3 çörək istehsalı müəssisəsi yaradılıb. Bundan əlavə, kənddə 2 plastik qapı-pəncərə, 1 dülgər sexi, 5 ərzaq mağazası da fəaliyyət göstərir.
Vurğulamaq lazımdır ki, muxtar respublikamızın əksər kəndlərində aparılan kompleks quruculuq işlərindən Saltaq kəndinə də pay düşüb. Belə ki, cari ilin mart ayından kənddə zirzəmi ilə birlikdə dördmərtəbəli məktəb binasının tikintisinə başlanılıb. 215 şagird yerlik məktəb binasının tikintisini Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsinin inşaatçıları aparırlar. Müasir layihə əsasında tikilən məktəb binasında yaradılan şərait tədrisin yüksək səviyyədə aparılmasına imkan verəcəkdir. Yeri düşmüşkən onu da qeyd edək ki, Saltaq kənd tam orta məktəbinin məzunları həm ötən tədris ilində, həm də bu il yüksək nəticələr əldə ediblər. 2014-2015-ci tədris ilində məktəbin 17 nəfər məzunu olub. Bu məzunlardan 12 nəfəri ali məktəblərə sənəd verib, 7-si tələbə adını qazanıb. Qəbul olunanlardan 4 nəfəri 500-700 arası bal toplayıb. Məktəbin 2 məzunu isə Heydər Əliyev adına Hərbi Liseyə qəbul olub.
Kənddə aparılan quruculuq tədbirləri sırasında yeni sosial obyektlərin yaradılması da mühüm əhəmiyyət kəsb edir. Belə ki, kənddə mövcud olan köhnə məktəb binası müasir layihə əsasında yenidən qurulur ki, burada da kənd və xidmət mərkəzləri, eyni zamanda həkim ambulatoriyası yerləşəcək. Bundan əlavə, ötən dövr ərzində kəndin yollarında əsaslı yenidənqurma işləri aparılıb, 12 poqonometrlik körpü salınıb. Bir sözlə, görülən bütün bu işlər Saltaq kəndinin simasına yeni bir gözəllik qatmaqla bərabər, əhalinin rahat yaşamaq imkanlarına da öz töhfəsini verəcək.
Bəli, Culfa rayonunun Saltaq kəndi bu gün özünün hərtərəfli inkişaf dövrünü yaşayan kəndlərimizdəndir. Həyata keçirilən tədbirlər yaxın gələcəkdə tarixi ənənələrə malik Saltağı həm də müasirliyi ilə diqqət mərkəzinə çevirəcək. Axı Saltaq kəndi həm də Əlincəqala kimi tarixi turizm məkanına gedən avtomobil yolunun üzərində yerləşir.
Səbuhi Həsənov