Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 12 mart 2015-ci il tarixli Sərəncamı ilə təsdiq edilən “1941-1945-ci illər müharibəsində qələbənin 70 illik yubileyinin qeyd olunması üzrə Tədbirlər Planı”na uyğun olaraq növbəti tədbir keçirilib.
Sentyabrın 10-da Şərur rayon Daşarx kənd sakini, müharibə veteranı Zeynalabdin Həsənovun 90 yaşının tamam olması münasibətilə onunla görüş olub.
Tədbirdə iştirak edən Şərur Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Məmmədov, Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova yubilyarı 90 yaşı münasibətilə təbrik ediblər.
Bildirilib ki, 1941-1945-ci illər müharibəsinin ağır və çətin sınaqlarından keçən veteranlara xüsusi diqqət və qayğı göstərilir. Onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində davamlı tədbirlər həyata keçirilir. Belə ki, onlar minik avtomobilləri, həmçinin texniki-bərpa vasitələri və protez-ortopediya məmulatları ilə təmin olunurlar. Pensiya və müavinətlərlə yanaşı, hər ay onlara Prezident təqaüdü ödənilir, sanatoriya və pansionatlara müalicəyə göndərilirlər. Bütün bunlar müharibə veteranlarının sağlamlığının qorunmasına, rifahlarının yüksəlməsinə xidmət edir.
Zeynalabdin Həsənov ona göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizə minnətdarlığını bildirib.
Sonda yubilyara hədiyyə təqdim olunub.
Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti