22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu və onun yerli orqanlarında müasir standartlara cavab verən avtomatlaşdırılmış iş yerləri təşkil olunmuş, lokal şəbəkələr mərkəzi informasiya sisteminə birləşdirilərək fondun ümumi korporativ şəbəkəsi formalaşdırılmış, əhaliyə və sığortaedənlərə göstərilən xidmətlər müasirləşdirilərək bu sahədə elektron xidmətlərin tətbiqinə şərait yaradılmış, informasiya texnologiyalarının imkanlarından istifadə etməklə, demək olar ki, fondun bütün sahələri avtomatlaşdırılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” 2011-ci il 15 iyul tarixli Fərmanından irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən yaradılmış 20 adda elektron xidmət fondun www.dsmf.nakhchivan.az internet səhifəsinə yerləşdirilmişdir. Fond tərəfindən göstərilən elektron xidmətlər pensiyaçılar, sığortaedənlər və sığortaolunanlar üzrə olmaqla, üç istiqamətdə aparılır. Hazırda fond tərəfindən əhaliyə 10 növ elektron xidmət göstərilir. Nəzərdə tutulan digər elektron xidmətlərin istifadəyə verilməsi üçün hazırlıq işləri görülür. Bu xidmətlərin reqlamenti və tələb olunan sənədlərin siyahısı hazırlanaraq fondun internet səhifəsinə yerləşdirilmişdir. Həmçinin Naxçıvan Muxtar Respublikasının “Elektron hökumət” portalına Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun elektron xidmətləri inteqrə edilmişdir.

Hazırda muxtar respublika üzrə sosial sığorta şəhadətnaməsi alan sığortaolunanların sayı 157 min nəfərdən çoxdur. Fərdi uçotla bağlı yaradılmış bazadan istifadə etməklə sosial sığorta iştirakçıları haqqında dəqiq məlumat almaq mümkündür. Bu da, öz növbəsində, sığortaolunanın pensiyaya çıxacağı haqqında dəqiq proqnozların verilməsinə, sığortaolunanlar və sığortaedənlər tərəfindən ödənilməli və ödənilmiş olan məcburi dövlət sosial sığorta haqlarına daha asan və çox vaxt sərf etmədən nəzarət etməyə imkan verir. Məlumat üçün bildirək ki, bu sistem avtomatlaşdırılmış pensiya təyinatı sisteminə keçidin bir hissəsi idi.
Modern və çevik idarəetmənin təmin edilməsi, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması üçün əhaliyə elektron xidmətlərin göstərilməsi zəruridir. Çoxsaylı pensiyaçı və sığortaolunanlara müasir əsaslarla xidmətin təşkili məsələlərinin həllində Dövlət Sosial Müdafiə Fondu öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışır. Hazırda Naxçıvan Muxtar Respublikasında müasir avtomatlaşmış əsaslarla fəaliyyət göstərən sığorta-pensiya sistemi mövcuddur və informasiya-kommunikasiya texnologiyalarının uğurlu tətbiqi nəticəsində fond tərəfindən əhaliyə göstərilən elektron xidmətlərin keyfiyyətinin artırılması və əhatə dairəsinin genişləndirilməsi sahəsində ardıcıl işlər görülməkdədir.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun vətəndaşlara xidmət göstərdiyi elektron xidmətlərindən biri “Sığorta­olunanlara məlumatın verilməsi” xidmətidir. Bu xidmət vasitəsilə sığortaolunanlar istənilən yerdən fərdi şəxsi hesablarında əks olunan pensiya kapitalı, məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlər və ödənilmiş məcburi dövlət sosial sığortahaqqı barədə məlumatları əldə edə bilərlər. “Sığortaolunanlara məlumatların verilməsi” elektron xidmətinin istifadəyə verilməsi avtomatlaşdırılmış pensiya təyinatına keçidin əsas elementidir. Bütün bunlar sistemli dəyişikliklərdir və inzibati nəzarətin ictimai nəzarətlə əvəzlənməsini şərtləndirir.
O da vurğulanmalıdır ki, bu xidmətdən istifadə etmək üçün elektron imza və ya elektron hökumət portalı tərəfindən verilmiş istifadəçi adı və şifrəsi olmalıdır. Burada vətəndaş 2006-cı ilə qədər sığorta stajı, 2006-cı ildən 2015-ci ilədək pensiya kapitalı barədə məlumat əldə edə bilər. Bu xidmətdə sığortaolunana iki növ məlumatın əldə edilməsi təklif edilir: sığortaolunanın illər üzrə ödənişləri və pensiya kapitalı; məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlər və ödənilmiş məcburi dövlət sosial sığortahaqqı barədə məlumatın əldə edilməsi.
“Sığortaolunanın illər üzrə ödənişləri və pensiya kapitalı” bölməsində sığortaolunanın soyadı, adı, atasının adı, sosial sığorta nömrəsi və fərdi identifikasiya nömrəsi göstərilməklə, onun 1 yanvar 2006-cı il tarixə qazanılmış pensiya kapitalı barədə və 1 yanvar 2006-cı ildən ödədiyi məcburi dövlət sosial sığortahaqqı və fərdi şəxsi hesabında toplanan pensiya kapitalı barədə, eləcə də illər üzrə istehlak qiymətləri indeksinin səviyyəsi barədə məlumatlar təqdim olunur.
“Məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlər və ödənilmiş məcburi dövlət sosial sığortahaqqı barədə məlumatın əldə edilməsi” bölməsində isə sığortaolunanın soyadı, adı, atasının adı, sosial sığorta nömrəsi və fərdi identifikasiya nömrəsi göstərilməklə, seçilmiş il üzrə sığortaolunanın, sığortaedənin(lərin) adı, VÖEN-i, Dövlət Sosial Müdafiə Fondundakı uçot nömrəsi, eləcə də həmin il ərzində məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlər və ödənilmiş məcburi dövlət sosial sığortahaqqı barədə məlumatlar təqdim olunur. Onu da qeyd etmək lazımdır ki, vətəndaşın fərdi hesabında olan pensiya kapitalı illik inflyasiya faizlərinə uyğun olaraq artırılır.
Dövlət Sosial Müdafiə Fondunun vətəndaşlara xidmət göstərdiyi elektron xidmətlərdən biri də “Sığortaolunanın onlayn uçota alınması” xidmətidir. Qeyd etmək lazımdır ki, bu xidmətdən yalnız Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən verilmiş möhür hüququ olan elektron imza sahibləri istifadə edə bilərlər. Fondun əhaliyə təqdim etdiyi “Sığortaolunanın onlayn uçota alınması” adlı xidməti vasitəsilə sosial sığorta şəhadətnaməsinin rəsmiləşdirilməsi prosesini elektron qaydada həyata keçirmək mümkündür. Bu xidmət vasitəsilə hər bir sığortaedən öz ofisində, kənara çıxmadan birbaşa elektron qaydada müraciət etməklə sığortaolunanlar üçün sosial sığorta şəhadətnaməsinin rəsmiləşdirilməsi imkanı əldə edir. Sözügedən xidmət sayəsində vətəndaşların fərdi uçot sistemində uçota alınaraq sosial sığorta şəhadətnaməsinin rəsmiləşdirilməsi prosesi elektron qaydada həyata ke­çirilir. Ümumiyyətlə, “Sığortaolunanın onlayn uçota alınması” xidməti sığortaedənlərlə DSMF orqanları arasında münasibətlərin sadələşdirilməsinə imkan yaradır və sığorta-pensiya sistemində şəffaflığın daha da artırılmasını təmin edir. Elektron xidmətdən istifadə üçün sığortaedən həm fondun internet səhifəsi, həm də “Elektron hökumət” portalı vasitəsilə “Sığortaolunanın onlayn uçota alınması” elektron xidmətini seçir və müvafiq xanaları dolduraraq sorğu edir. Elektron formada göndərilmiş ərizə DSMF orqanı tərəfindən qəbul edilir və bu barədə sığortaedənə elektron təsdiqetmə bildirişi göndərilir. Sığortaedən tərəfindən elektron formada göndərilmiş elektron ərizə formalarına DSMF tərəfindən baxılır. Təqdim edilmiş elektron ərizə formaları yoxlandıqdan sonra sığortaolunan üçün fərdi şəxsi hesab açılır və sosial sığorta nömrəsi əks olunan dövlət sosial sığorta şəhadətnaməsi rəsmiləşdirilir. Eyni zamanda əgər vətəndaş sığortaolunan kimi fərdi uçot sistemində qeydiyyatdadırsa, bu zaman imtina haqqında informasiya əks olunmaqla sığortaolunanın nə zaman və hansı sığortaedən tərəfindən uçota alınması ilə bağlı xüsusi pəncərə açılır. Bu prosesin tam elektronlaşdırılması həm kağız daşıyıcılarından istifadənin, həm vaxt itkisinin aradan qalxmasına, həm də şəffaflığın təmin olunmasına gətirib çıxarmışdır.
Sığorta-pensiya sisteminin inkişafına göstərilən yüksək diqqət və qayğı sayəsində muxtar respublikamızda sığorta-pensiya sisteminin yüksək səviyyədə qurulması əhalinin bu sistemin üstünlüklərindən maksimum yararlanmasına şərait yaratmışdır. Elektron xidmət vasitəsilə sığortaolunanların fərdi şəxsi hesablarına toplanan pensiya kapitalları barədə məlumat əldə edə bilməsinin təmin edilməsi də bu istiqamətdəki uğurlu addımlardan biridir.
Beləliklə, artıq istənilən sığorta­olunan Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən açılmış fərdi şəxsi hesabında illər üzrə əks olunan pensiya kapitalına nəzarət etmək imkanı əldə edir. Bu sistem şəffaflığın daha da artırılmasına gətirib çıxarmaqla yanaşı, həm işəgötürən­lər üzərində ictimai nəzarətin təşkilinə, həm də sığortaolunanların gələcəkdə pensiya hüququ yarandıqda vaxt itirmədən avtomatlaşdırılmış pensiya təyinatı xidmətinin üstünlüklərindən maksimum yararlanmasına imkan verəcəkdir. Başqa sözlə, hər bir işləyən özü üçün sosial sığorta haqlarının vaxtında və tam məbləğdə köçürülməsinə nəzarət etmək və gələcəkdə etibarlı pensiya təminatı əldə etmək imkanına malik olacaqdır.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu bundan sonra da əmək fəaliyyətinə yeni başlayan işçilərin fərdi uçot sistemində qeydiyyata alınması və sosial sığorta şəhadətnamələri ilə təmin olunmasını daim diqqət mərkəzində saxlayacaq və qarşıya qoyulmuş digər vəzifələrin layiqincə icra olunmasını təmin edəcəkdir.

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR