Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Kəngərli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun Xok kəndində “İnformasiya cəmiyyəti: sosial şəbəkələr və ailə dəyərlərimiz” mövzusunda tədbir keçirilib.
Tədbiri Kəngərli Rayon İcra Hakimiyyətinin şöbə müdiri Novruz Kətanov açaraq gənclər arasında keçirilən belə tədbirlərin əhəmiyyətindən danışıb.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Sahir Rüstəmov “Sosial şəbəkələr və milli dəyərlərin fundamentində ailə dəyərləri” mövzusunda çıxış edərək bildirib ki, yaşadığımız informasiya cəmiyyətində gənclərin sosial şəbəkələrdən istifadəsini ümumi xarakteristikasına görə iki qrupa bölmək olar. Bir qrup gənclər sosial şəbəkələrdə xalqımızın tarixini, ictimai-mədəni həyatını və dövlətçiliyi təbliğ edir. Bu, hamımız tərəfindən dəstəklənir və xalqımıza, dövlətimizə faydalı olmaqla yanaşı, gənclərin ictimai-siyasi və sosial həyata inteqrasiyası kimi dəyərləndirilir. Bir qisim gənclər isə fəaliyyət və şəxsi həyatlarına xələl gətirəcək, heç bir faydası olmayacaq səpkidə sosial şəbəkələrdə vaxt keçirir. Bu, birmənalı olaraq qəbuledilməzdir və təəssüf doğurur.
Ailəni quran tərəflər bilməlidir ki, sosial şəbəkələrdə qiyabi tanışlıqlar, məktublaşmalar istər-istəməz doğma ailəsini yad bir insanın kölgəsində qoyur. Öz həyat yoldaşını qiymətləndirmək bacarığı məhdudlaşır, ailə və cəmiyyət qarşısında daşıdığı məsuliyyət dayazlaşır. Boşanmaya səbəb olan bu amillər ailə üzvlərinin asudə vaxtının düzgün təşkil olunmaması ucbatından meydana gəlir. Birgə gəzintiyə çıxmaq, istirahət və görməli yerləri dolaşmaq, qohum-əqrəbanın ziyarətinə getmək ata, ana və övlad halqasını daha sıx bir-birinə bağlayır.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin şöbə müdiri Nicat Babayev “Gənclərin inkişafında sosial şəbəkələrin faydası və zərəri”, Naxçıvan Müəllimlər İnstitutunun müəllim-psixoloqu Çapay Quliyev “İnformasiya bolluğunun ailədaxili münasibətlərə psixoloji təsiri” mövzularında çıxış edərək gənclərin sosial şəbəkələrdə aktivliyindən, muxtar respublikada azad informasiya cəmiyyətinin qurulması istiqamətində görülən işlərdən, ailələrin müasir dövrdə informasiya bolluğunda düzgün seçim etməsinin yollarından və informasiya-kommunikasiya texnologiyalarından qeyri-düzgün istifadənin ailələrdə yaratdığı psixoloji çətinliklərdən ətraflı bəhs ediblər.
Sonra mövzu ətrafında müzakirələr aparılıb, tədbir iştirakçılarının sualları cavablandırılıb və onlara broşürlər paylanılıb.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
mətbuat xidməti