Şurudda həyata keçirilmiş quruculuq tədbirləri Gal kəndində davam etdirilir
Muxtar respublikada ictimai təsərrüfatların tabeliyində olan torpaqların əhalinin istifadəsinə verilməsinə Culfa rayonunun Şurud və Gal kəndlərindən başlanıldığını bilirdim. Onu da bilirdim ki, müstəqilliyin ilk bəhrəsi kimi atılan bu addım həmin kəndlərdə yaşayan insanların həyat tərzinə təsirsiz ötüşməyib. Və ötən günlərin birində bunun bir daha şahidi oldum. Həyata keçirilən bu tədbir, sözün həqiqi mənasında, bir vaxtlar bu yaşayış məntəqələrindəki şəraitsizlik, imkansızlıq, həyat səviyyəsinin çox aşağı olması ucbatından sakinlərin doğma ata-baba torpaqlarını sahibsiz qoymağın qarşısını aldı. Kənd adamı öz torpağının əsl sahibinə çevrildi. Təkcə bir fakta diqqət yetirək. İslahat zamanı hər bir şurudluya 3,1 hektar, Gal kənd sakininə 2,7 hektar pay torpaq sahəsi düşüb. Bu gün həmin kəndlərdə elə ailələr var ki, onlar 15-20 hektar torpaq sahəsinə malikdirlər.
Yolumuz Şurud kəndinədir
Rayon mərkəzi Culfa şəhərindən yola düşərkən saat 12 radələri idi. Buradan Şuruda qədərki yolun 38 kilometr olduğunu bilirdim. Sürücüdən neçə dəqiqəyə ora çata biləcəyimizi soruşanda gülümsəyərək cavab verdi:
– Bir saata.
Təəccübləndiyimizi görüb bizi çox intizarda saxlamadı:
– Dizə kəndi ərazisindən başlayaraq Gala gedən yol yenidən qurulur.
Artıq həmin ünvandayıq. Buraya çoxlu sayda texnika və işçi qüvvəsi cəlb olunub. Yol inşaatçıları yol yatağını genişləndirir, yolkənarı arxları qaydaya salır, su keçidlərini texniki göstəricələrə uyğun şəkildə yenidən qururlar. Yolun müasir standartlar səviyyəsində işlənməsi bu kəndlərin sakinlərinin böyük sevincinə səbəb olub. Qeyd edək ki, “Azərbaycan Respublikasında avtomobil yolları şəbəkəsinin yeniləşməsinə və inkişafına dair (2006-2015-ci illər) Dövlət Proqramı”na əsasən, Culfa rayonunda da bu istiqamətdə xeyli iş görülüb və növbəti yenidənqurma tədbiri həmin işlərin davamı kimi dəyərləndirilə bilər. Məlumat üçün bildirək ki, bu gün Şurud kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə 47 təsərrüfatda 135, həmin kəndin tərkibində olan Galda 39 təsərrüfatda 180 sakin yaşayır. Deməli, bu kəndlərə üz tutan qonaq-qaradan əvvəl 315 sakinin yol problemi öz həllini tapmaqdadır.
* * *
Budur, Gal kəndinə çatırıq. Kəndin girəcəyi böyük tikinti meydançasını xatırladır. Ancaq bu haqda bir qədər sonra məlumat verəcəyik. Hələliksə, yolumuz Şurud kəndinədir.
Kənd inzibati ərazi dairəsi üzrə nümayəndə əvəzi Qurban Abdullayev deyir ki, muxtar respublikanın ucqar dağ yaşayış məntəqələri hərtərəfli qayğı əhatəsindədir. Belə ünvanlara daha böyük diqqət göstərilir. İslahatlar zamanı əhaliyə verilən torpaqlardan səmərəli istifadə olunması, məhsul bolluğu yaradılması diqqət mərkəzində saxlanılıb. Əkinçinin sağ əli sayılan texnikalarla təminata ciddi önəm verilib. Suvarma suyu məsələləri də həllini tapıb. Bu gün kənd sakinləri bir qarış torpağı belə, əkilməmiş qoymurlar. Taxıl əkən də var, kartofçuluqla məşğul olan da. Bütün həyətlər bağ-bağatdır. Hansı kənd adamından soruşsanız, razılığını bildirəcək. Kəndin ən yaşlı sakinlərindən biri, ömrünün doqquzuncu onilliyini yaşayan Əli Şəkərəliyev Şurudun ağsaqqallarındandır. Bütün övladları ali təhsil alıblar. 83 yaşlı Əli dayı kənd meydanında söhbət etməyi qonaqpərvərlikdən uzaq hesab edərək bizi evinə dəvət edir. Ağsaqqalın təklifini yerə salmırıq. Üz tuturuq onlara. Gözəl kənd həyət-bacası zövqümüzü oxşayır. Müxtəlif meyvə ağacları, gül-çiçəklər, səliqə ilə əkilmiş müxtəlif əkinçilik məhsulları Əli dayının zəhmətkeşliyindən soraq verir. Bu yaşda insanın zəhmətə belə bağlılığına təəccüb etməyə bilmirsən. Elə bil o da qəlbimizdən keçənləri duyur. Deyir ki, bir gün əlimə bel, oraq almasam, özümü narahat hiss edirəm. Gözümü açandan zəhmətlə məşğul olmuşam. Məni yaşadan da zəhmətdir.
Burada olan qonşu Sənubər Əhmədova da söhbətə qoşulur. 93 yaşlı qadının hafizəsinə təəccüb etməmək mümkün deyil. Kəndin tarixi ilə bağlı maraqlı söhbətlər edir. Dünəni ilə bu günü arasında olan fərqləri bir-bir sadalayır. Deyir ki, insanın qayğı gördüyü yerdə yaşamaq arzusu daha da güclənir. Bu gün Şurudda uzunömürlülüyün bir səbəbi də bundadır. Gənclərə də öz arzularını bildirir: bizim görmədiyimiz günləri bu gün siz görürsünüz. Dövlətimizin yaratdığı belə şəraitin qədrini bilin.
Onlar kəndə və kənd adamlarına göstərilən qayğını yüksək dəyərləndirirlər. Əli dayı deyir:
– Elə bayaq kənd meydanında gördükləriniz şəhərlərdəki tikililərdən heç də seçilmir. Bu ilin əvvəllərində Şurudda yeni kənd və xidmət mərkəzləri tikilib, məktəb binası əsaslı təmir olunub. Təmir zamanı yeni şahmat sinfi və idman zalı inşa edilib. Yeni tikintilərin yerləşdiyi ərazidə gül-çiçək əkilib, buraya su xətti çəkilib. Kənd adamına bundan artıq nə lazımdır? Şurudlular da bu işlərin onların yaxşı yaşamaları, uşaqların yaxşı oxumaları üçün olduğunu bilirlər.
Onlarla səmimi söhbətimizi yekunlaşdırıb məktəbə üz tuturuq. Yolboyu düşüncələrimə hakim kəsilən odur ki, insan özünə qarşı qayğı görəndə yaşından asılı olmayaraq, sanki uşaq kimi sevinir.
Təhsil ocağının fəaliyyəti ilə bağlı məktəbin direktoru İlham Şəkərəliyev bildirir ki, məktəb 110 şagird yerlikdir. Burada iki elektron lövhəli sinif var. Kompüter otağında quraşdırılmış 7 kompüterin hamısı internetə qoşulub. Bunlar tədrisin keyfiyyətini daha da yüksəltməyə imkan verib.
Neçə illərdir ki, məktəbdə güclü təhsil ənənələri yaradılıb. Bu ənənələr isə yüksək uğurlara yol açıb. Bir faktı qeyd edək: son 4 ildə Şurud kənd tam orta məktəbini 23 məzun bitirib. Onların 5-i bu ilin məzunlarıdır. 23 məzunun hamısı ali məktəblərə qəbul olunublar. Onlardan 8-i 500-dən yuxarı bal toplayıb. Təbii ki, bütün bunlar ucqar dağ kəndinə göstərilən dövlət qayğısı hesabına mümkün olub.
Gal kəndi tikinti meydançasını
xatırladır
Şuruddan Gal kəndinə qayıdırıq. Digər ünvanlarda aparılan quruculuq işlərinin tərkibinə daxil olan yolların yenidən qurulması bu kəndi də əhatə edib. Kənddə 3 obyekt inşa olunur. Yaşayış məntəqəsində təhsilin səviyyəsini daha da yüksəltmək məqsədilə tikilən yeni məktəb binası zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarətdir. 96 şagird yerlik məktəb binasının tikintisini Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsinin inşaatçıları aparırlar.
Məktəbin direktoru Təranə Nəsirova deyir ki, bu günü çoxdan gözləyirdik. Bilirdik ki, Galda da yeni məktəb binası inşa olunacaq. 2014-2015-ci tədris ilində məktəbi bitirən 5 məzundan 4-nün ali məktəbə qəbul olunmasını son hədd hesab etməyən Təranə müəllimə onu da vurğuladı ki, onlar üçün yeni məktəb binasının inşa edilməsi pedaqoji kollektivin məsuliyyət hissini daha da artırıb.
Tikinti ilə tanış olarkən keyfiyyət amilinin diqqətdə saxlanıldığını gördük. Öyrəndik ki, yerli inşaat materiallarından istifadəyə üstünlük verilir. İdarənin rəisi Tahir Əliyevin bildirdiyinə görə, müəllim və şagirdlərin ixtiyarına geniş və işıqlı sinif, kompüter, şahmat otaqları, elektron lövhəli sinif, laboratoriya, idman zalı, hərbi kabinə, kitabxana, həyətdə açıq idman qurğuları veriləcək. Müasirtipli layihə əsasında inşa olunan binanın əsas hörgü işləri tamamilə başa çatdırılıb, çardaq qurulub, qapı-pəncərələr salınıb. Hazırda binadaxili tikinti tədbirləri həyata keçirilir, həyətyanı ərazi qaydaya salınır. İnşaatçılar yeni məktəb binasını nəzərdə tutulan vaxtda təhvil vermək əzmi ilə çalışırlar. Adıçəkilən idarənin bir qrup inşaatçısı kənd və xidmət mərkəzlərinin tikintisi ilə məşğuldur. Kənd mərkəzi 2, xidmət mərkəzi 1 mərtəbədən ibarətdir. Kənd mərkəzində Galda fəaliyyət göstərən dövlət qurumları üçün müasir şərait yaradılacaq. Xidmət mərkəzində mağazalar və ət satışı yeri fəaliyyət göstərəcək.
Bəs həyata keçirilən bu tədbirlərə kənd sakinlərinin münasibəti necədir? Bu sualla bir neçə kənd sakininə müraciət etdik. Aldığımız cavablar bizdə belə qənaət yaratdı ki, XXI əsrin insanı, kənddə və ya şəhərdə yaşamasından asılı olmayaraq, müasir həyat tərzi keçirmək istəyir və bu da muxtar respublikamızda bu gün diqqətdə saxlanılan məsələlər sırasındadır. Yəni mövcud problemlər həll olunur, insanlara yaxşı həyat şəraiti yaradılır.
Kənd tam orta məktəbinin müəllimi Səfər Seyidli deyir ki, bir vaxtlar muxtar respublikanın digər ucqar yaşayış məntəqələri kimi, Galdan da köçüb gedənlər olub. Niyə? Yollar pis vəziyyətdə idi, uşaqlar uyğunlaşdırılmış siniflərdə dərs keçirdilər. Payız-qış aylarında küçələrə çıxmaq olmurdu. Vay o günə ki, kimsə xəstələnəydi. Bu sadaladıqlarımız artıq arxada qalıb. Bu gün kəndlərimizdə elə infrastruktur yaradılır ki, inana bilmirsən. Turizm üçün də, yaşamaq üçün də Galda yüksək imkanlar mövcuddur. Bu səbəbdəndir ki, muxtar respublikanın aran bölgələrindən 3 ailə burada məskunlaşmağa qərar verib.
Kənd sakini Vəli Abdullayev:
– 87 yaşım var. Ömrüm boyu təsərrüfatda çalışmışam, öz zəhmətimlə dolanmağa üstünlük vermişəm. Ancaq indi yaşadığım günləri, düzünü deyim ki, görməmişəm. Sağ olsun dövlətimizi. İmkansıza əl tutur, ev tikir, yardım edir, veterana maşın verir, sanatoriyaya göndərir. Kəndlərimizi gülüstana çevirməyi də öz yerində. Kim belə şəraitdən narazılıq edə bilər?
Beləcə, günləri həftələrə, həftələri aylara çevrilən 2015-ci il Culfa rayonunun Şurud və Gal kəndlərinin quruculuq xəritəsinə öz izlərini yazmaqdadır və bu izlər insan amilinə xidmət etməklə həmin yaşayış məntəqələrinin simasını tamamilə yeniləşdirməkdədir. Həyata keçirilən belə quruculuq tədbirlərini kənd adamları onlara göstərilən dövlət qayğısının növbəti təzahürü kimi dəyərləndirir, muxtar respublikada böyük səylər və zəhmət hesabına nail olunmuş sosial-iqtisadi inkişafa töhfələrini verməyi özlərinin vətəndaşlıq borcu sayır, arxalarında qüdrətli bir dövlətin durduğunu görür və öz vətəndaşlıq borclarını layiqincə yerinə yetirməyə səy göstərirlər.
Muxtar Məmmədov