İşaxtaran vətəndaşların müvafiq iş yerləri ilə təmin olunması məqsədilə ilin ikinci yarısında keçirilən, aktiv məşğulluq tədbirlərindən olan əmək yarmarkaları yekunlaşıb. Əmək yarmarkalarında, ümumilikdə, 240 nəfər işə göndəriş alıb. Bu barədə qəzetimizə məlumat Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətindən daxil olub.
Məlumatda o da bildirilib ki, ilk əmək yarmarkası Sədərək rayonunda keçirilib, yarmarkaya 6 təşkilatdan 69 boş iş yeri çıxarılıb, 11 nəfər işə göndəriş alıb. Kəngərli rayonundan isə 17 təşkilat 90 vakant iş yeri ilə yarmarkada iştirak edib, 18 nəfər ixtisasına uyğun işə göndəriş almaq imkanı qazanıb. Şahbuz rayonundan 9 qurum tərəfindən 120 iş yeri yarmarkaya təqdim edilib, 21 nəfər yarmarkada yaradılan imkanlardan maksimum şəkildə yararlana bilib. Culfa rayonunda keçirilən yarmarkada 20 təşkilat 169 boş yeri ilə yarmarkaya gələnlərin diqqətini çəkib. Bu yarmarkada 33 nəfər işaxtaran göndəriş alaraq işlə təmin olunub. Babək rayonunda 18 təşkilat 68 iş yerində işləmək imkanını işaxtaranlar üçün yaradıb, bu imkanlardan 32 nəfər yararlanıb.
Yarmarkaya çıxarılan boş iş yerlərinin sayına görə Ordubad rayonlar arasında üçüncü sırada qərarlaşıb. Belə ki, rayon üzrə əmək yarmarkasına 16 təşkilatdan 191 boş iş yeri çıxarılıb, 26 nəfər işə göndəriş alıb. Boş iş yerlərinin sayında Şərur rayonu ikinci yerdə qərarlaşıb. Rayonun 39 müəssisə və təşkilatından 297 boş iş yeri işaxtaranlara təqdim edilib, 41 nəfərə göndəriş verilib. Naxçıvan şəhəri 55 təşkilatla əmək yarmarkalarında iştirak edən təşkilatların sayına görə rekord nəticə göstərib, şəhərdə keçirilən əmək yarmarkasına 482 boş iş yeri çıxarılıb, 58 nəfər işə göndəriş alıb. İşə göndəriş alanların sayına görə Naxçıvan şəhəri birinci, Şərur rayonu ikinci, Culfa rayonu üçüncü, Babək rayonu dördüncü, Ordubad rayonu beşinci, Şahbuz rayonu altıncı, Kəngərli rayonu yeddinci, Sədərək rayonu səkkizinci sırada qərarlaşıb. Ümumilikdə, keçirilən əmək yarmarkalarına 180 təşkilatdan 1486 boş iş yeri çıxarılıb, 240 nəfər işaxtaran vətəndaşa müvafiq işlərə göndəriş verilib.
Xəbərlər şöbəsi