Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərindəki Mərkəzi bazarda ənənəvi məktəbli yarmarkası keçirilir.
Məktəbli yarmarkasında dərs ləvazimatları, məktəbli və idman formaları, məktəbli çantası, bədii ədəbiyyatlar və başqa ləvazimatlar alıcılara digər satış yerlərindən 20-25 faiz aşağı qiymətə təklif olunur. Yarmarkada ayrı-ayrı fənlər üzrə əyani vəsaitlərin satışına da geniş yer ayrılıb. Burada satılan lüğət və digər nəşrlərə, dünya uşaq ədəbiyyatı nümunələrinə, bədii və elmi ədəbiyyata böyük alıcı marağı vardır. Satılan bütün məhsulların keyfiyyətinə və qiymətinə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən mütəmadi nəzarət olunur.
Satış yerlərinin hər birində məhsulların çeşid zənginliyi, keyfiyyəti, satış qiymətlərinin əlverişli olması, xidmətin təşkili alıcılar tərəfindən razılıqla qarşılanır. Həmsöhbət olduğumuz valideynlər Səyyarə Novruzova və Ülviyyə Əliyeva dedilər ki, dükan və bazarlardakı qiymətlərlə yarmarkadakı qiymətləri müqayisə ediblər və bu qiymətlər arasında xeyli fərq olduğunu görüblər. Bu da imkan verir ki, daha az vəsaitlə ləvazimatların hamısını və ən keyfiyyətlilərini alsınlar. Valideynlər belə yarmarkaların təşkil olunmasına görə dövlətimizə minnətdarlıqlarını bildirirlər.
Məlumat üçün deyək ki, 23 sahibkarlıq subyektinin iştirak etdiyi məktəbli yarmarkası sentyabrın 15-dək davam edəcək.
Rauf Əliyev