22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası bu gün özünün yüksəliş dövrünü yaşayır. Bu yüksəlişin təməlində ötən 20 il ərzində həyata keçirilən tədbirlər müstəsna rol oynamış, iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafı, yeni istehsal və xidmət sahələrinin yaradılması, mövcud müəssisələrin fəaliyyətə başlaması təmin edilmişdir ki, bu da, ümumilikdə, muxtar respublikada əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına təkan vermişdir. 

Qısa zaman ərzində əldə olunmuş uğurlar makroiqtisadi səviyyəni xarakterizə edən göstəricilərin müəyyən hissəsini deyil, ümumilikdə, hamısının pozitiv meyilli yüksəlişini təmin etmişdir.
Muxtar respublikada cari ilin yanvar-iyul aylarında ümumi inkişafı əks etdirən ümumi daxili məhsul istehsalı 1995-ci illə müqayisədə 30 dəfə artaraq 1 milyard 294 milyon 428 min manat təşkil etmişdir. Hər bir nəfərə düşən ümumi daxili məhsul istehsalı 22 dəfə artaraq 2936 manata çatmışdır. Bu dövr ərzində sənaye məhsulunun həcmi 62 dəfə, əsas kapitala yönəldilən investisiyalar 183 dəfə, kənd təsərrüfatının ümumi məhsulu 5 dəfə, nəqliyyat sektorunda yük daşınması 13 dəfə, informasiya və rabitə xidmətlərinin həcmi 66 dəfə, ixracın həcmi 110 dəfə, bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 25 dəfə artmışdır.

Naxçıvan Muxtar Respublikasında əmək bazarının tənzimlənməsində və əhalinin səmərəli məşğulluğunun təmin edilməsində mühüm tədbirlər, o cümlədən 2007-2010-cu illərdə məşğulluq strategiyasının həyata keçirilməsi və 2014-2015-ci illərdə əhalinin məşğulluğunun artırılması üzrə dövlət proqramlarının uğurlu icrası əsas rol oynamışdır. Belə ki, 1996-cı ildən 1 iyul 2015-ci il tarixədək muxtar respublikada 84783 yeni iş yeri açılmışdır ki, bunun da 58042-si və ya 68,5 faizi daimi iş yerləridir.
Yeni iş yerlərinin açılması, səmərəli məşğulluğun təmin edilməsi, sahibkarlığın inkişafı muxtar respublikada əhali gəlirlərinin artımına zəmin yaratmışdır. 1995-ci ildə muxtar respublikada bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı göstəricisi 15,9 manat təşkil edirdisə, hazırda bu göstərici 393 manat səviyyəsindədir. 2015-ci ilin yanvar-iyul aylarında muxtar respublikada əhali gəlirlərinin həcmi 1995-ci ildəki müvafiq göstəricini 31 dəfə üstələyərək 977 milyon 244 min manata, hər bir nəfərə düşən gəlirlər isə 24 dəfə artaraq 2217 manata çatmışdır.
Əhali gəlirlərinin artımı və əhalinin sosial müdafiəsinin gücləndirilməsi yoxsulluq səviyyəsinin ilbəil əhəmiyyətli dərəcədə aşağı düşməsinə, istehlak bazarında əmtəə dövriyyəsinin və pullu xidmətlərin həcminin artmasına müsbət şərait yaratmışdır. 2015-ci ilin yanvar-iyul aylarında muxtar respublikanın istehlak bazarında əhaliyə 703 milyon 520 min manatlıq istehlak malları satılmış və pullu xidmətlər göstərilmişdir. 1995-ci illə müqayisədə əmtəə satışının və pullu xidmətlərin həcmi 17,4 dəfə, o cümlədən pərakəndə əmtəə dövriyyəsi 16,7 dəfə artmışdır. Cari ilin ötən dövrü ərzində əhaliyə göstərilən pullu xidmətlərin həcmi isə 25 dəfə artaraq 94 milyon 927 min manat təşkil etmişdir.
Aparılan təhlillər göstərir ki, muxtar respublikada əhali artımına paralel olaraq həyata keçirilən məqsədyönlü tədbirlər, əmək bazarının tənzimlənməsi, səmərəli məşğulluğun təmini gələcəkdə daha da yaxşı yaşamağımıza ciddi əsaslar yaratmaqdadır.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR