22 Dekabr 2024, Bazar

Boş iş yeri təqdim edən müəssisələrin nümayəndələrinin də iştirak etdiyi, beləliklə, işaxtaran vətəndaşla onların birbaşa əlaqəsinin təmin olunduğu Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində keçirilən yarmarkadan əvvəl şəhər Məşğulluq Mərkəzinin direktoru Əli Məmmədov, Naxçıvan Şəhər İcra Hakimiyyətinin şöbə müdiri İsmayıl Gülməmmədov tədbirin əhəmiyyəti barədə danışdılar.
Bildirildi ki, şəhərdə fəaliyyət göstərən dövlət təşkilatları və özəl müəssisələrdəki vakant iş yerlərinin qeydiyyatı aparılıb, yarmarkaya 55 təşkilatdan 482 boş iş yeri çıxarılıb. Çıxış edənlər muxtar respublikamızda, eləcə də Naxçıvan şəhərində əhalinin məşğulluğunun təmin olunması istiqamətində görülən işlərdən də söz açaraq bu işlərin əhalinin sosial durumunun yaxşılaşmasında mühüm rol oynadığını qeyd etdilər, işaxtaran vətəndaşların işlə təmin edilməsində əmək yarmarkalarının əhəmiyyətindən danışdılar.

İşaxtaran vətəndaş Turac Hacızadə çıxışı zamanı qeyd etdi ki, yeni iş yerlərinin yaradılması və əmək yarmarkaları vasitəsilə işaxtaranlara təqdim olunması əhali tərəfindən rəğbətlə qarşılanır. Əmək yarmarkalarının təşkilində əməyi olanlara minnətdarlığını bildirən Turac Hacızadə dedi ki, hər kəs burada öz ixtisasına və bacarığına uyğun iş yeri axtara və göndəriş ala bilər.
Naxçıvan Şəhər Məşğulluq Mərkəzinin direktoru Əli Məmmədovla yarmarkanın gedişində həmsöhbət olduq. Müsahibimiz bildirdi ki, yarmarkaya müraciət edənlərdə aktivlik yüksək səviyyədədir, vətəndaşlar gəlib boş iş yerləri, həmin müəssisədə iş şəraiti, əməkhaqqı ilə maraqlanır, uyğun bir iş tapdıqda isə qeydiyyatdan keçib göndəriş alırlar.
Öz ixtisasına uyğun işə göndəriş alan Hafiz Bayramovdan təəssüratlarını soruşduq. Dedi ki, hələlik, bu iş onu qane edir. “İşin pisi, yaxşısı yoxdur, əsas odur ki, o işi ürəklə görəsən”, – deyən müsahibim yeni iş yerinə göndəriş almasının onu çox sevindirdiyini qeyd etdi. Dedi ki, o, kollektivdə işləyəcək, iş təcrübəsi əldə edəcək və öz qabiliyyətinə görə karyera qurmaq imkanı olacaq.
Yarmarka zamanı əmək bazarının tələblərinə uyğun peşələrə yiyələnmək məqsədilə peşə hazırlığı kurslarına cəlb olunmaq, habelə müvəqqəti xarakterli işlərdə çalışmaq istəyənlərin qeydiyyatı da aparıldı. Tədbirdə, ümumilikdə, 58 nəfərə işə göndəriş verildi, 2 nəfər peşə hazırlığı kursuna göndərildi.

 Səbuhi HÜSEYNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR