Müasir dövrdə informasiya-kommunikasiya texnologiyaları cəmiyyətimizin sosial-iqtisadi həyatına geniş nüfuz etmişdir. Son dövrlərdə yeni informasiya texnologiyalarının tətbiqi sahəsində görülən işlər əhaliyə bütün sahələr üzrə yüksək xidmət göstərilməsi ilə bərabər, dövlət qurumlarında da idarəçiliyin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına şərait yaratmışdır. Görülən işlərin nəticəsidir ki, muxtar respublikamızda informasiya-kommunikasiya texnologiyalarının tətbiqi vasitəsilə əhaliyə göstərilən xidmətlərin keyfiyyəti yüksəldilmiş və vətəndaşların rahatlığının təmin edilməsinə nail olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” 2011-ci il 15 iyul tarixli Fərmanından irəli gələn vəzifələrin yerinə yetirilməsi bu sahədə qazanılan uğurların əsasını təşkil edir. Eyni zamanda informasiya cəmiyyətinə keçid və elektron hökumətin formalaşdırılması sahəsində həyata keçirilən ardıcıl tədbirlər dövlət orqanları və vətəndaşların qarşılıqlı fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının imkanlarını bir daha ortaya qoyur. Görülən işlərin başlıca qayəsi dövlət orqanlarının vətəndaşlara göstərdiyi xidmətləri sadələşdirmək və şəffaflaşdırmaqdan ibarətdir.
Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən göstərilən xidmətlər də bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Muxtar respublikada “Elektron hökumət” portalının fəaliyyətinin diqqət mərkəzində saxlanılmasının nəticəsidir ki, komitənin elektron xidmətlərinin təşkili məqsədilə portala müvafiq dəyişikliklər edilmişdir. Belə ki, vətəndaşların təklif edilən elektron xidmətlərdən rahat istifadəsini təmin etmək məqsədilə xidmətlər komitənin www.emlak.nakhchivan.az portalına yerləşdirilmiş və e-hokumet.nmr.az elektron hökumət portalına inteqrasiya olunmuşdur. Hazırda komitə fəaliyyət istiqamətləri üzrə əhaliyə 19 adda elektron xidmət göstərir. Əhali arasında daşınmaz əmlak və torpaq məsələləri üzrə müraciətlərin çoxluğunu nəzərə alsaq, vətəndaşların rahatlığını təmin etmək baxımından təklif edilən elektron xidmətlərin böyük əhəmiyyəti var. Vətəndaşlar internetin mövcud olduğu hər yerdən rahat şəkildə təklif olunan elektron xidmətlərdən yararlanmaqla yanaşı, müvafiq xidmətlər üçün tələb olunan dövlət rüsumunu və xidmət haqqını onlayn qaydada ödəyə bilərlər. Nəticədə, vətəndaşlar uzaq məsafə qət etmədən, əlavə xərc çəkmədən komitənin fəaliyyət istiqamətləri ilə bağlı onlayn qaydada müraciət edə bilərlər. Təklif olunan xidmətlərin aktuallığını nəzərə alaraq onların bəziləri haqqında məlumatları oxucuların diqqətinə çatdırırıq. Belə xidmətlərdən biri Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışların verilməsi üçün sənədlərin qəbuludur. Xidmətin məqsədi daşınmaz əmlak üzərində yaranan hüquqların dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsindən ibarətdir. Bu xidmət vasitəsilə qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış müəssisələr tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, daşınmaz əmlak barəsində notariat qaydada bağlanılmış əqdlər və vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün müraciətlərin və sənədlərin qəbul edilməsi, elektron xidmət istifadəçisinə müraciətin qəbulu, işin icra mərhələləri barədə bildirişlərin verilməsi həyata keçirilir.
Daşınmaz əmlak obyektlərinə ünvanların verilməsi və ünvan reyestri məlumat bazasından arayışların, ünvan xəritələrindən çıxarışların, digər ünvan məlumatlarının verilməsi üçün sənədlərin qəbulu xidməti elektron xidmət istifadəçisinə müraciətin qəbulu, işin icra mərhələləri barədə bildirişlərin verilməsi ilə bağlı qaydaları müəyyən edir. Müraciət edənlərə elektron qaydada mövcud ünvan reyestri məlumat bazasından arayış, ünvan xəritələrindən çıxarış və digər ünvan məlumatları təqdim olunur.
Daşınmaz Əmlakın Dövlət Reyestrindən məlumatların verilməsi üçün sənədlərin qəbulu xidməti daşınmaz əmlakın özgəninkiləşdirilməsi zamanı tələb olunan daşınmaz əmlaka dair məhdudiyyət (yüklülük) barədə arayışın verilməsini nəzərdə tutur. Bu xidmət vasitəsilə daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi üçün müraciətlərin elektron qaydada qəbul edilməsi, baxılması, sənədlərin hazırlanması, elektron xidmət istifadəçisinə müraciətin qəbulu, işin icra tarixi barədə təsdiqetmə bildirişinin verilməsi həyata keçirilir. Qeyd edək ki, bu xidmətin istifadəçilər üçün daha səmərəli olması istiqamətində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi ilə birgə işlər aparılıb. Xidmət tam hazır olduqdan sonra müraciət edənlər daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışları notariusda onlayn formada real vaxt rejimində əldə edə biləcəklər. Həmçinin vətəndaşların, fiziki və hüquqi şəxslərin notariusda rəsmiləşdirdikləri daşınmaz əmlaka dair təkrar bazarda alqı-satqı sənədləri onlayn rejimdə komitəyə göndəriləcək.
Daşınmaz əmlakın ipotekasının dövlət qeydiyyatı üçün sənədlərin qəbulu xidməti ipoteka ilə yüklü edilən daşınmaz əmlaka dair müqavilənin dövlət reyestrində qeydiyyatı və bu barədə çıxarışın verilməsini nəzərdə tutur. Bu xidmət növü notarial qaydada təsdiqlənmiş ipoteka müqaviləsi əsasında daşınmaz əmlakın ipotekasının dövlət qeydiyyatı üçün müraciətlərin qəbul edilməsi, elektron xidmət istifadəçisinə müraciətin qəbulu, işin icra tarixi barədə bildirişlərin verilməsini təmin etmək məqsədi daşıyır.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” 2011-ci il 15 iyul tarixli Fərmanından irəli gələn vəzifələrin yerinə yetirilməsi Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinın qarşısında duran əsas vəzifələrdəndir. Buna görə də komitə tərəfindən əhaliyə göstərilən elektron xidmətlərin yüksək səviyyədə təmin olunması daim diqqət mərkəzində saxlanılır. Yaxın gələcəkdə komitənin fəaliyyət istiqamətləri üzrə yeni elektron xidmət növlərinin işə salınması da nəzərdə tutulmuşdur. Xidmətlərdən istifadə zamanı əlavə sual yaranarsa, ətraflı məlumat almaq üçün komitənin
Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
elektron poçt ünvanına müraciət etmək mümkündür. Elektron poçt ünvanına edilən müraciətlər komitənin müvafiq mütəxəssisləri tərəfindən operativ cavablandırılır. Məqsədimiz muxtar respublikamızda əmlak və torpaq məsələləri ilə bağlı problemlərin həllində şəffaf, çevik və səmərəli xidmət göstərməklə əhalinin rahatlığının təmin edilməsinə töhfə verməkdir.
Naxçıvan Muxtar Respublikasının
Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti