Avqustun 27-də Şərur rayonunda növbəti əmək yarmarkası keçirilmişdir. Tədbirdə çıxış edən rayon Məşğulluq Mərkəzinin direktoru Məmməd Məmmədov bildirmişdir ki, muxtar respublikamızda məşğulluq məsələlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlər davamlı xarakter daşıyır. Çünki yeni iş yerlərinin yaradılması, əmək bazarının tənzimlənməsi və qeyri-məşğul əhalinin sosial müdafiəsinin gücləndirilməsi dövlətimizin sosial-iqtisadi siyasətinin əsas tərkib hissəsidir.
Qeyd olunmuşdur ki, Şərur rayonunda sahibkarlığın inkişafı üçün yaradılmış münbit şərait, tikinti-quruculuq tədbirlərinin geniş vüsət alması, yeni istehsal sahələrinin yaradılması əhalinin məşğulluq məsələlərinin həll olunmasına müsbət təsir göstərir. İstər dövlət, istərsə də özəl müəssisələrin müxtəlif sahələr üzrə işçi kadrlara olan ehtiyacı da məhz keçirilən əmək yarmarkaları vasitəsilə təmin edilir.
Məlumat verilmişdir ki, əmək yarmarkasına 39 təşkilatdan 297 boş iş yeri çıxarılmışdır.
Əmək yarmarkasına müraciət etmiş Eldar Ələkbərov keçirilən tədbirin işaxtaranlar üçün yaxşı fürsət olduğunu bildirmiş, təşkilatçılara minnətdarlıq etmişdir.
Tədbirdə çıxış edən Şərur Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Kamal Ələkbərov vurğulamışdır ki, əmək bazarının təkmilləşdirilməsi, iqtisadi fəallığın yüksəldilməsi üçün əlverişli şəraitin yaradılması sahəsində muxtar respublikada müvafiq tədbirlər həyata keçirilir. Xüsusilə “Azərbaycan Respublikasının Məşğulluq Strategiyası (2006-2015-ci illər)”nın uğurlu icrası yoxsulluğun nəzərəçarpacaq dərəcədə azalmasına gətirib çıxarmışdır.
Bildirilmişdir ki, həyata keçirilən məşğulluq tədbirləri əhalinin sosial müdafiəsinin gücləndirilməsində, insanların daimi işlə təmin olunmasında mühüm rol oynayır və muxtar respublika sakinləri tərəfindən onlara göstərilən böyük qayğı kimi dəyərləndirilir.
Əmək yarmarkasında 41 nəfərə işə göndəriş verilmiş, 3 nəfər isə peşə hazırlığı kursuna cəlb edilmişdir. Tədbirin gedişi zamanı muxtar respublikamızda işsizliyin aradan qaldırılması, əhalinin məşğulluğunun təmin olunması istiqamətində həyata keçirilən tədbirləri əks etdirən slayd nümayiş etdirilmişdir.
Elman MƏMMƏDOV