22 Dekabr 2024, Bazar

İşaxtaran vətəndaşların müvafiq iş yerləri ilə təmin olunması məqsədilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirləri davam etdirilir.
Yerli məşğulluq mərkəzləri tərəfindən xidməti ərazi üzrə idarə, müəssisə və təşkilatlardan boş iş yerləri barədə məlumatlar toplanılaraq əmək yarmarkalarına təqdim edilir. Növbəti belə əmək yarmarkası dünən Babək rayonunda keçirilib. Babək Rayon Məşğulluq Mərkəzində təşkil olunan tədbiri mərkəzin direktoru Qurban Tarverdiyev açaraq bildirib ki, muxtar respublikamızın hərtərəfli inkişafı əhalinin məşğulluğunun təmin olunmasında mühüm rol oynayır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” muxtar respublikamızda yeni iş yerlərinin açılmasına, regiondakı əmək ehtiyatlarının iqtisadi fəallığının yüksəldilməsinə xidmət edir. Dövlət proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün mərkəzin əməkdaşları rayondakı idarə, müəssisə və təşkilatlarda, sahibkarlıq subyektlərində boş iş yerləri haqqında məlumatlar toplayaraq həmin yerləri əmək yarmarkalarında işaxtaran vətəndaşlara təqdim edirlər. Bugünkü əmək yarmarkası da işaxtaran vətəndaşların münasib işlə təmin olunmaları baxımından əhəmiyyətlidir.

Babək Rayon İcra Hakimiyyətinin şöbə müdiri Vəli Vəliyev çıxışında qeyd edib ki, rayonun sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən tədbirlər əhalinin məşğulluğuna müsbət təsir göstərib, bunun da nəticəsində yüzlərlə insan müvafiq işlə təmin olunub. Keçirilən əmək yarmarkaları işaxtaran vətəndaşların müvafiq işlərlə təmin olunması ilə bərabər, həm də əhalinin sosial müdafiəsinin gücləndirilməsi baxımından önəmlidir.
İşaxtaran vətəndaş Seyran Həsən­ov vurğulayıb ki, yeni iş yerlərinin yaradılması və əmək yarmarkaları vasitəsilə işaxtaranlara təqdim olunması əhali tərəfindən rəğbətlə qarşılanır. Əmək yarmarkalarının təşkilində əməyi olanlara minnətdarlığını bildirən Seyran Həsənov qeyd edib ki, hər kəs burada öz ixtisasına və bacarığına uyğun iş yeri axtara bilər.
Sonra yarmarkaya gələnlər onlara təqdim olunan vakant iş yerləri ilə tanış olublar. 18 təşkilatdan 68 boş iş yerinin çıxarıldığı yarmarkada 32 nəfərə işə göndəriş verilib, 4 nəfər peşə hazırlığı kursuna cəlb edilib.
Qeyd edək ki, növbəti əmək yarmarkası bu gün Şərur rayonunda keçiriləcək.

Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR