22 Dekabr 2024, Bazar

Muxtar respublikamızda qış sərt soyuqlarla müşayiət olunduğu kimi, yay fəsli də qızmar Günəş şüaları və isti havalarla keçir. Belə olan vəziyyətdə isə, təbii ki, muxtar respublika sakinləri isti havalardan qorunmaq üçün nisbətən sərin yerlərə üz tuturlar. Regionun dağlıq bölgələrində məskunlaşmış insanların bu sarıdan çətinliyi Naxçıvan şəhərinin sakinlərindən daha azdır. Çünki kəndlərdə hava az da olsa, sərin keçir. Odur ki, yay dövründə şəhər sakinləri parklara, istirahət guşələrinə daha çox üz tuturlar. Muxtar respublikamızın turizm infrastrukturu barədə oxucularımıza dəfələrlə yeni məlumatlar vermişik. Ancaq vətəndaşlarımız bu şəraitdən istifadə edə bilirlərmi? Yaradılan şəraitdən razıdırlarmı? Bu suallarımıza cavab tapmaq üçün bir neçə müxtəlif peşə sahibi olan  Naxçıvan şəhər sakini ilə söhbətləşdik.

İsmayıl ƏLİYEV – təqaüdçü: – Bilirsiniz, istirahət deyəndə ağlıma ilk gələn sakitlikdir. Elə bilirəm bu, mənim yaşımla əlaqədardır. Artıq 80 yaşı haqlamışam. Nəvələrim Bakı şəhərində yaşadıqlarına görə tez-tez ora gedirəm. Naxçıvana qayıdanda buradakı sakitlik mənə zövq verir. Elə bilirəm cənnət bir məkanda istirahət edirəm. Son illərə, daha doğrusu, 20 il əvvələ qədər şəhərdə Böyük bağdan başqa yaşıllığı olan istirahət guşəsi tapa bilməzdik. Bu günsə az qala hər yaşayış binasının önündə bir park, istirahət guşəsi yaradılıb. Mənim ən çox üz tutduğum ünvanlardan biri Böyük bağdır. Buranın mənzərəsi mənə ayrı bir zövq verir. Onu deyim ki, parklarımızın səliqə-sahmanına xüsusi diqqət yetirilir. Naxçıvan nə qədər isti olsa da, insanların istirahəti üçün yaradılan şərait bu istini hiss etdirmir. Mən doğma diyarımda mənən, ruhən saflaşıram. Əcəmi seyrəngahında yerləşən “Şəlalə” istirahət mərkəzinə də gedirəm. Bilirsinizmi, əvvəllər – ötən əsrin 90-cı illərində buralar boş və kimsəsiz idi. İşıqdan söhbət gedə bilməzdi. İndi isə fərqli bir mənzərədir. Əcəmi seyrəngahı təkrarolunmaz memarlıq ünvanına çevrilib. Üz tutduğum ünvanlardan biri də Heydər Əliyev Mədəniyyət və İstirahət Parkıdır.
Tayfur ƏLİYEV – tələbə: – Mən yay tətilimi muxtar respublikada keçirməyə üstünlük verirəm. Bir gənc olaraq asudə vaxtlarımızın səmərəli keçməsi üçün burada hər cür şərait var. Elə bu günlərdə Ağbulaq İstirahət Mərkəzində gənclərin “Yay məktəbi”ndə oldum. Düşünürəm ki, bura Naxçıvanın ən gözəl guşələrindən biridir. Yaradılan yüksək şəraitdən və göstərilən xidmətdən gənclər olduqca razı qaldılar. Onu da qeyd edim ki, burada muxtar respublikanın fəal gəncləri ilə tanış olduq. İstirahətimiz əla keçdi. Müxtəlif intellektual oyunlar oynamaqla yanaşı, həm də fərqli mövzularda keçirilən seminarlarda iştirak etdik, rayonun ərazisindəki tarixi yerlərdə olduq. Artıq Ağbulaqdan qayıtmışam. Arada Əcəmi seyrəngahının aşağı hissəsindəki “Bazar gölü” istirahət kompleksinə üz tuturuq. Burada da yüksək səviyyədə istirahət edə bilmək üçün hər cür şərait yaradılıb. Kafedə yerli müəssisələrin istehsalı olan müxtəlif mürəbbələr, şirniyyatlar verilir ki, bu da bizim ürəyimizcədir. İdmançı olduğum üçün Üzgüçülük Mərkəzinə də tez-tez gedirəm. Bir gənc kimi qürurlanıram ki, doğulub boya-başa çatdığım doğma Naxçıvanım, sözün həqiqi mənasında, gözəllik aləminə qovuşub.
Cavid ƏSGƏROV – sahibkar: – Naxçıvan şəhərinin Heydər Əliyev prospektində kiçik ticarətlə məşğulam. Qeyd edim ki, muxtar respublikada sahibkarlığa göstərilən qayğıdan bəhrələnərək işimi qurmuşam. Yay aylarında havaların isti keçməsi ilə əlaqədar olaraq dincəlmək üçün respublikamızın ayrı-ayrı bölgələrində yaradılan istirahət mərkəzlərinə üz tuturuq. İstirahət üçün əlverişli məkanlardan biri həm şəhərdən çox uzaq olmayan, həm də dincəlmək üçün hərtərəfli şərait yaradılan Uzunoba gölü yaxşı seçimdir. Biz də vaxtaşırı burada istirahətimizi dəyərləndiririk. Əvvəllər Naxçıvanda çimərlik olmamasından gileylənirdilər. Dövlətimizin göstərdiyi diqqət və qayğının nəticəsidir ki, Uzunoba gölünün ətrafında hər cür şərait yaradılıb, çimərlik ixtiyarımıza verilib.
Bundan əlavə, şəhərin isti havasından uzaq, sərin havası və buz kimi soyuq suyu, gözəl təbiət mənzərələri ilə zəngin olan Batabat yaylağı dincəlmək üçün, asudə vaxtımızı səmərəli və mənalı keçirmək üçün ən yaxşı məkandır. Muxtar respublikamızda fəaliyyət göstərən Duzdağ kartinq mərkəzinə getməklə də istirahətimizi dəyərləndiririk. Kartinqin qiyməti münasibdir. Mən bir çox xarici dövlətdə olmuşam. Dünyanın heç bir yerində müştərilərə bu cür qiymət təklif edilmir. Bir sözlə, yaradılan bu şərait ürəyimizcədir.
Zeynəb İSMAYILOVA – evdar qadın: – Bu gün Əyləncə və İstirahət Mərkəzinə gəlmişik. Bu il, demək olar ki, istirahətimizi burada keçiririk. Övladlarım azyaşlıdırlar. İstidə onlarla uzaq məsafələrə getmək istəmirik. Onların ən sevimli ünvanı bu mərkəzdir. Bir valideyn kimi sevinirəm ki, belə bir mərkəz Naxçıvanda yaradılıb. Düzdür, şəhərimizdə uşaq istirahət mərkəzi fəaliyyət göstərirdi. Ancaq həmin ünvan uşaqların istirahəti üçün tam yetərli deyildi. Daha dəqiq desək, ərazi cəhətdən buraya gələn uşaqlar üçün darısqal idi. Lakin indi hər şey qaydasındadır. Ən çox da ona görə sevinirik ki, bu mərkəz qışda da fəaliyyət göstərir. Mərkəzdə təkcə uşaqların yox, valideynlərin də istirahəti üçün şərait yaradılıb. Burada kafe fəaliyyət göstərir. Ümumiyyətlə, yaradılan şəraitdən ailəlikcə razıyıq.

 

 

 Sara ƏZİMOVA

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR