22 Dekabr 2024, Bazar

Muxtar respublikada cüyür və çay samuru aşkar edilib

AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun əməkdaşları onlara göstərilən dövlət qayğısından səmərəli istifadə edərək muxtar respublikanın fauna və florasının öyrənilməsi sahəsində tədqiqatlarını davam etdirirlər. Bununla əlaqədar olaraq institutun direktoru, akademik Tariyel Talıbovla həmsöhbət olduq. O bildirdi ki, Qafqaz ekoregionunda müstəsna mövqeyi və özünəməxsus torpaq-iqlim xüsusiyyətləri olan Naxçıvan Muxtar Respublikası həm də biomüxtəlifliyi ilə seçilir. Azərbaycan faunasında aparılan son illərin tədqiqatları onurğalı heyvanların 638 növ təşkil etdiyini göstərir. Naxçıvan Muxtar Respublikasında aparılan tədqiqat işlərinin nəticələri ərazidə 386 növ (60,7 faiz) onurğalı heyvanın yaşadığını müəyyənləşdirməyə imkan vermişdir. Bu növlərdən 71-i “Naxçıvan Muxtar Respublikasının Qırmızı Kitabı”na salınmışdır. Bu müqayisə floraya da aid edilə bilər. Belə ki, ali sporlu, çılpaqtoxumlu və örtülütoxumlu bitkilər Azərbaycan üzrə 5 minə yaxındır. Naxçıvan Muxtar Respublikasında bu, 2838-dən (56,8 faiz) çoxdur. Son dövrlər muxtar respublikada dövlət tərəfindən təbiətin mühafizəsi istiqamətində aparılan fundamental tədbirlər nəticəsində ərazidəki fauna və floraya daxil olan nadir növlərin də vəziyyəti yaxşılaşmış, say dinamikası və tərkibi nəzərəçarpacaq dərəcədə artmışdır.

Akademik onu da vurğuladı ki, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Bioresurslar İnstitutu yarandığı gündən başlayaraq Naxçıvan Muxtar Respublikasının bioresurslarının tədqiqi, onların təbii ehtiyatı və istifadə imkanları, eyni zamanda nadir növlərin mühafizə yollarına dair elmi-tədqiqat işləri aparır. Yeni təkmil cihaz və avadanlıqlar tədqiqat işlərinin dəqiq olması ilə yanaşı, həm də yeni növlərin aşkar edilməsinə imkan vermişdir. Ərazimizdə flora və faunamıza daxil olan beynəlxalq statuslu unikal növlərin aşkar edilməsi Yeni Zelandiyadan başlayaraq İrlandiyaya kimi bir çox dünya bioloqlarının ərazimizə ekspedisiyaya gəlməsinə səbəb olmuşdur. Heyvan növlərindən muflon, bezoar keçisi, bəbir, oxlu kirpi, çöl və qamış pişikləri, eyni zamanda bitki növlərindən kox şamı, süsənlər, tülpanlar, aristoloxiya və sair kimi bitki növləri daim diqqət mərkəzində olmuşdur. Qeyd edək ki, göstərilən növlərin, demək olar ki, əksəriyyəti tərəfimizdən yeni aşkar edilərək ilk dəfə olaraq fotoları çəkilmişdir.
Tariyel Talıbov dedi ki, Batabat meşəsi ərazisində Ümumdünya Təbiəti Mühafizə Fondu tərəfindən verilən fototələlər vasitəsilə nadir növ olan cüyürün fotoşəkli çəkilmişdir. Naxçıvan Muxtar Respublikasında ilk dəfə olaraq çəkilən bu şəkil burada yeni bir növün mövcudluğunu isbat etməklə yanaşı, həm də ərazimizin zəngin faunaya və biomüxtəlifliyə malik olduğunu bir daha sübut edir.
Avropada cüyürlər nisbətən iri, Qafqazda yayılan isə onun kiçik capreola formasıdır. Azərbaycanda keçən əsrin 50-60-cı illərində bütün təbii vilayətlərdə az da olsa, yayılmışdı, lakin hal-hazırda Kür-Araz ərazisində nəsli kəsilmiş, qalan ərazilərdə isə çox lokal sahələrdə nadir və nəsli kəsilmək təhlükəsində olan növə çevrilmişdir. Elmi ədəbiyyatlarda Böyük Qafqazın cənub-şərq və çox az miqdarda şimal-şərq yamaclarında qalması haqqında məlumat verilir. Vaxtılə geniş yayılma arealına malik olan bu növ artıq Ümumdünya Təbiəti Mühafizə Fondu tərəfindən məhv olmaq təhlükəsi altında olan növ statusu ilə qorunur.
Cüyürlər, əsasən, kollar və ağaclar olan alçaq dağlıq və dağətəyi biotoplarda yaşamağa üstünlük verirlər. Başlıca yaşayış yerləri dəniz səviyyəsindən 200-2500 metr hündürlükdə olan qarışıq meşə landşaftlarını əhatə edir. Sürü halında yaşayırlar. Adi halda sürülərin tərkibində 4-5, qış fəslində isə 15-20 başa qədər artır. İlin fəsillərindən asılı olaraq üfüqi və şaquli formada köç edirlər. Belə yerdəyişmələr fəsillərlə əlaqədar olub, yaşayış biotopları daxilində baş verir. Sutkalıq və fəsillərlə əlaqədar olaraq fəal həyat tərzinə malikdirlər. Bu fəallıq ilin isti fəsillərində daha da artır. Azərbaycanda cüyürlərin qida rasionuna 44 növ bitki daxildir. Bunlardan paxlakimilər, taxılkimilər, kol və ağac bitkiləri üstünlük təşkil edir. Orta ömür müddəti 10-12 ilə qədərdir. Azərbaycanın müxtəlif bölgələrində cüyürlərin sayı XX əsrin birinci yarısında olan məlumatlarla müqayisədə 60-65 faiz azalaraq 1000-1200 baş təşkil edirdi, lakin mənfi təsirlərə həssas olduğundan son 10 ildə təbii şəraitdə 30-50 faizə qədər azalıb.
Akademik bildirdi ki, məhdudlaşdırıcı amillərə quraqlıq, meşə yanğınları, sellər, brakonyerlik, cüyürlərin yay otlaqlarında ev heyvanlarının otarılması, meşələrin qırılması, biotoplarında otların biçilməsi və sair kimi amillər daxildir.
Müsahibim onu da bildirdi ki, Şahbuz Dövlət Təbiət Qoruğu ərazisində yenə nadir olan yeni bir növ – çay samuru aşkar edilmişdir. Bu növ mənfi təsirlərə həssas, sayı azalan növdür.
Avropa, Asiya (Ərəbistan yarımadası və Uzaq Şimaldan başqa), Amerika və Şimali Afrikada geniş yayılmışdır. Yayılmanın yuxarı həddi dəniz səviyyəsindən 2 min metr hündürlükdədir. Azərbaycanda ən sıx yayıldığı ərazilər Lənkəran və Qanıx (Alazan) çayı vadisidir. Böyük və Kiçik Qafqazın ətəklərində, Kür və Araz çayları boyunca da rast gəlinir.
Çay samuru su ətrafında yaşayan heyvandır. Əsas yaşayış yerləri dağ çaylarının orta axarı, insanların az rast gəldiyi və balıq resursları zəngin olan yerlərdir. Təmiz, şəffaf və soyuq olan nohurlara (girdabı, dəhnəsi olan iti axınlı çaylar, sıx otluqla örtülmüş hissələr, çətin gedilə bilən sahillər, kifayət qədər qida bazası və gizli yerləri olan göllər) üstünlük verir. Alatoran və gecə vaxtları fəal olurlar. Qida mənbələrinə müxtəlif növ balıqlar, az sayda qurbağalar, su-bataqlıq quşlarının və çay ördəklərinin balaları, su siçovulu, həşərat və böcəklərin sürfələri, şirinsu xərçəngləri və molyuskalar daxildir. 1980-ci ildə təxmin olunan sayı 1500 təşkil edirdi. Hal-hazırda aşkar olunmuş populyasiya sayı 1000-ə yaxındır.
Sahilyanı təbii biotopların zəifləməsi, çaylarda hidroloji rejimin pisləşməsi, kənd təsərrüfatında suya tələbatın artması, çayların su rejiminin dəyişməsi, su anbarlarının çirklənməsi nəticəsində balıqların sayının azalması, brakonyerlik, çaylar və göllərboyu ağaclar və kol bitkilərinin yox edilməsi, çaylaqlarda mal-qaranın otarılması əsas məhdudlaşdırıcı amillərdir.
Tariyel Talıbov diqqətə çatdırdı ki, son 20 il ərzində Naxçıvan Muxtar Respublikasında təbiəti mühafizə tədbirlərinin həyata keçirilməsi nəticəsində xüsusi mühafizə olunan təbiət ərazi vahidləri (milli park, dövlət təbiət qoruğu və yasaqlıqlar) yaradılmışdır. Hər bir mühafizə olunan ərazidə nadir və nəsli kəsilməkdə olan heyvanlar öyrənilir, onların bərpası üçün xüsusi tədbirlər planı hazırlanır. Dövlət tərəfindən həyata keçirilən ciddi mühafizə tədbirlərinin nəticəsidir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə və beynəlxalq ekspertlərin də iştirakı ilə apardığımız monitorinqlərə əsasən, ərazimizdə nadir növlərin say dinamikasının artmaqda davam etdiyi aşkarlanmışdır.

 Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR