22 Dekabr 2024, Bazar

Muxtar respublikamızın coğrafi mövqeyi, təbiəti, fauna və flora müxtəlifliyi ölkəmizdə, ümumilikdə isə Qafqaz ekoregionunda xüsusi yerə malikdir. Bu ekoloji zənginliyin qorunması və inkişafı ulu öndər Heydər Əliyevin ölkəmizdə hakimiyyətə gəlişindən sonra mümkün olmuşdur. Təkcə 1969-1982-ci illərdə ölkəmizdə ətraf mühitin mühafizəsi, təbii ehtiyatlardan səmərəli istifadə və digər ekoloji problemlərin həlli sahəsində 8 qanun, 32 qərar qəbul edilmişdir. 

Ötən əsrin sonlarında respublikadakı mövcud ictimai-siyasi vəziyyət ölkə ekologiyasına da öz təsirini göstərmiş, nəticədə, ölkəmizin digər regionları ilə yanaşı, muxtar respublikada da təbiətə böyük ziyan vurulmuş, ətraf mühitin mühafizəsi diqqətdən kənarda qalmışdı. Ümummilli liderimiz Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı ekoloji fəlakətlərin də qarşısını almışdır. Naxçıvan ekoregionunda da xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması, ekologiyanın mühafizəsi ilə bağlı həyata keçirilən tədbirlər muxtar respublika ərazisində biomüxtəlifliyin təmin olunmasına şərait yaratmışdır.

Xatırladaq ki, muxtar respublikada ilk xüsusi mühafizə olunan təbiət ərazisi görkəmli akademik Həsən Əliyevin təşəbbüsü və ulu öndər Heydər Əliyevin qərarı ilə 1969-cu ildə Ordubad-Culfa rayonları ərazisində Zaqafqaziya muflonu və bezoar keçilərinin qorunması məqsədilə 40 min hektar sahədə yaradılmış və Ordubad Dövlət Təbiət Yasaqlığı kimi fəaliyyətə başlamışdır. 2003-cü ildə isə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Ordubad inzibati rayonunun ərazisində 12131,0 hektar ərazini əhatə edən Akademik Həsən Əliyev adına Ordubad Milli Parkı və Şahbuz inzibati rayonunun ərazisində 3139 hektar sahəni əhatə edən Şahbuz Dövlət Təbiət Qoruğu yaradılmışdır. Muxtar respublikamızda bu tədbirlər ardıcıllıqla davam etdirilmiş, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 23 sen­tyabr tarixli Sərəncamı ilə Araz çayının və dəryaçasının muxtar respublika hüdudlarına aid hissəsində ümumi ərazisi 9118 hektar olan hidroloji, bioloji və paleontoloji əhəmiyyətli “Arazboyu” Dövlət Təbiət Yasaqlığı, 2009-cu il 22 iyun tarixli Sərəncamla isə ümumi ərazisi 68911,18 hektar olan “Arpaçay” Dövlət Təbiət Yasaqlığı yaradılmışdır. Muxtar respublika ərazisində ekoloji mühitin sağlamlaşdırılması ilə bərabər, mövcud ekoturizm potensialının inkişaf etdirilməsinin dəstəklənməsi üçün Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 25 noyabr tarixli Sərəncamı ilə ümumi ərazisi 42787,41 hektar olan Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı təsis olunmuşdur. Hazırda muxtar respublika ərazisində 1 milli park, 1 qoruq, 3 yasaqlıq fəaliyyət göstərir ki, bu da ümumi ərazilərimizin 27 faizindən çoxunu təşkil etməklə beynəlxalq normaları üstələyir.
Xüsusi mühafizə olunan təbiət əraziləri içərisində “Arazboyu” Dövlət Təbiət Yasaqlığı bir çox tərəfləri ilə diqqəti çəkir. Birinci ona görə ki, Araz çayı ərazisindən axdığı ölkələrin hər biri üçün iqtisadi və ekoloji əhəmiyyət kəsb edir. İkinci bir tərəfdən çayboyu ərazilər uzaq keçmişdən bu günümüzə qədər zəngin fauna və flora növlərinin inkişaf etdiyi bir mənbədir. Üçüncüsü isə Araz çayı az sulu muxtar respublika əraziləri üçün cənub sərhədləri boyu uzanan və həcminin artıb-azalmasından asılı olmayaraq, daimi su mənbəyi rolunu oynayır. Qeyd edək ki, Arazboyu sahələr başlıca olaraq Sədərək, Şərur, Böyükdüz, Naxçıvan, Culfa və Ordubad maili düzənliklərindən ibarətdir. Arazboyu qurşaq 1700 kvadratkilometr olmaqla muxtar respublika ərazisinin 32 faizini təşkil edir. “Arazboyu” Dövlət Təbiət Yasaqlığı məhz bu baxımdan böyük əhəmiyyət kəsb edir. Yeri gəlmişkən qeyd edək ki, bu yasaqlıq Qafqaz ekoregionunda transsərhəd çayı boyunca yaradılmış ilk xüsusi mühafizə olunan təbiət obyektidir. Biz də bu günlərdə həmin yasaqlığın yerli şəraiti və ekoloji vəziyyəti ilə yaxından tanış olduq. “Arazboyu” Dövlət Təbiət Yasaqlığının direktoru Kərim Novruzov bizimlə söhbətində qeyd etdi ki, 10 il bundan əvvəl Araz çayı boyunca yasaqlığın yaradılması muxtar respublikanın ekoloji tarazlığının qorunması baxımından atılmış ən mühüm addımlardan biri idi. Bir zamanlar bu ərazilər nəzarətsiz vəziyyətdə idi. Yaxın yaşayış məntəqələrindən, eləcə də digər yerlərdən gələnlərin burada qanunsuz ov etməsi, ərazini müxtəlif vasitələrlə çirkləndirməsi ekologiyaya ciddi ziyan vururdu. Ancaq yasaqlıq yaradıldıqdan sonra ərazinin ciddi nəzarətə götürülməsi vəziyyətin yaxşılaşdırılmasında böyük rol oynayıb. Kərim Nov­ruzov onu da vurğulayır ki, Azərbaycan Respublikası ərazisində yayılmış 8 dəstə, 20 fəsilə və 55 cinsə mənsub olan 102 məməli heyvan növünün 62-si muxtar respublika ərazisində məskunlaşıb. Bunun da böyük əksəriyyəti Arazboyu ərazilərdə yayılıb. Bunlardan adi tülkü, yekəqulaq və adi kirpi, ərəbdovşanı, çölpişiyi, çöldonuzu, canavar, çaqqal və sairi göstərmək olar. Bununla yanaşı, çayın qamışlı sahillərində və su anbarında, əsasən, su quşları məskunlaşıb. Bunlardan göyərçin, sarıköynək, bağrıqara, ağqarın çil, sığırçın, çəhrayı qutan, ördəklərdən yaşılbaş ördək, boz ördək, lizquyruq, anqut, qazlardan boz qaz, ağ alın qaz, o cümlədən digər quşlar – ərsindimdik, çığırqan cüllüt, adi ilanyeyən, Xəzər uları, bağrıqara və sairi misal göstərmək olar. Ötən əsrin 90-cı illərinin əvvəllərində burada məskunlaşan heyvan və quş növlərinin sayı xeyli azalmışdı. Ancaq qeyd etdiyimiz kimi, çayboyu yasaqlığın yaradılması həm ərazinin ekoloji təmizliyinə, həm də buradakı heyvan növlərinin artımına imkan verib. Hazırda yasaqlığa güclü nəzarət olunur. Burada mühafizə xidmətini 1 sahə müfəttişi və 6 mühafizə yegeri (ərazidə xidmət aparan nəzarətçi) həyata keçirir. Ərazidə xidmət aparan nəzarətçi Məhərrəm Mirzəyevlə söhbətləşirik. Bildirir ki, hər gün xüsusi geyimdə ona təhkim olunmuş ərazidə xidmət aparır: “İndi yasaqlıq ərazisində qayda pozuntularına, demək olar ki, rast gəlinmir. Gün ərzində sahilboyu əraziləri gəzirik, ətrafa nəzarət edirik. Çalışırıq ki, bu təbii gözəllikdən sui-istifadə olunmasın”.

 Yuxarıda da qeyd etdiyimiz kimi, muxtar respublika ərazilərinin      27 faizi xüsusi mühafizə altında olan ərazilərdir ki, bu da ekoloji tarazlığın qorunmasına ciddi yanaşan ölkələrdəki vəziyyəti qat-qat üstələyir. Bir zamanlar baxımsız qalmış Arazboyu ərazilər indi yerli fauna və flora növlərinin zənginləşdiyi gözəl bir təbiət ərazisinə çevrilib. Ətrafı seyr edirik. Həqiqətən, yasaqlıq göz oxşayır. Sakit axan Araz, müxtəlif növ quşların və əraziyə xas küləyin səsi ərazidə təbii bir atmosfer yaradır. Sanki təbiət də bütün bu ahəngdarlığı ilə insanlara “sağ olun” deyir...

Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR