Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi istiqamətində görülən işlər muxtar respublika sakinləri tərəfindən insan amilinə, onun layiq olduğu səviyyədə yaşamasına qayğı kimi dəyərləndirilir.
Kəngərli Rayon Məşğulluq Mərkəzinin keçirdiyi növbəti əmək yarmarkasında bu barədə geniş danışıldı. Tədbiri giriş sözü ilə açan Məşğulluq Mərkəzinin direktoru Səxavət Həsənov dedi ki, əhalinin iş yeri tapmasında əmək yarmarkalarının rolu böyükdür və bu sosial tədbirin keçirilməsi daim diqqət mərkəzində saxlanılır. Növbəti əmək yarmarkası ərəfəsində rayon Məşğulluq Mərkəzinin əməkdaşları yenə də idarə, müəssisə və təşkilatlarla əlaqə saxlayıb, bütün təşkilatlarda boş iş yerlərinin mövcudluğunu araşdırıblar.
Kəngərli Rayon İcra Hakimiyyəti başçısının müavini Nazim Canbaxşıyev çıxış edərək qeyd etdi ki, ötən illər ərzində muxtar respublikanın bütün bölgələrində, eləcə də Kəngərli rayonunda təşkil olunan əmək yarmarkalarında işaxtaran vətəndaşlara boş iş yerləri təklif olunmaqla yanaşı, onların mövcud əmək bazarının tələblərinə uyğun peşələr üzrə kurslara və haqqıödənilən ictimai işlərə cəlb olunması da təmin edilib. Rayon əhalisinin məşğulluğunun gücləndirilməsi, işaxtaranlarla işəgötürənlər arasında birbaşa əlaqələrin yaradılması və məşğulluq orqanlarının fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi istiqamətində təşkil edilən əmək yarmarkaları mühüm əhəmiyyətə malikdir. Bu istiqamətdə keçirilmiş tədbirlərin təhlili göstərir ki, belə yarmarkalarda işaxtaran vətəndaşlar yerli məşğulluq orqanlarının xidmətlərindən daha çox bəhrələnir, işəgötürən müəssisələrin məsul nümayəndələri ilə birbaşa ünsiyyət yaratmaq imkanı qazanırlar.
İşaxtaran vətəndaş Türkay Taroyeva çıxışında bildirdi ki, belə tədbirlər əhali tərəfindən rəğbətlə qarşılanır, xüsusilə gənclərin müvafiq işlə təmin olunmaq imkanlarını artırır. O, təşkil olunan növbəti əmək yarmarkasında iştirak edənlər adından minnətdarlığını bildirdi.
17 təşkilatdan 90 boş iş yerinin çıxarıldığı yarmarkada 18 nəfərə işə göndəriş verilib.
Xəbərlər şöbəsi