Sədərək rayonunda növbəti əmək yarmarkası keçirilib. Tədbiri giriş sözü ilə rayon Məşğulluq Mərkəzinin direktoru Həsən Nəsirov açıb.
Bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” muxtar respublikamızda yeni iş yerlərinin açılmasına, regiondakı əmək ehtiyatlarının iqtisadi fəallığının yüksəldilməsinə xidmət edir. Dövlət proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün mərkəzin əməkdaşları rayondakı idarə, müəssisə və təşkilatlarda, sahibkarlıq subyektlərində boş iş yerləri haqqında məlumatlar toplayaraq həmin yerləri əmək yarmarkalarında işaxtaran vətəndaşlara təqdim edirlər. Bugünkü əmək yarmarkası da işaxtaran vətəndaşların, xüsusilə gənclərin sosial müdafiəsinin gücləndirilməsi, onların münasib işlə təmin olunmaları istiqamətində ardıcıl olaraq həyata keçirilən mühüm tədbirlərdən biridir. Yarmarkanın təşkilində əsas məqsəd işaxtaranların öz ixtisaslarına uyğun işlə təmin olunmasıdır.
Sədərək Rayon İcra Hakimiyyətinin əməkdaşı Bəxtiyar Mahmudov çıxışında rayonun sosial-iqtisadi inkişafından söz açıb. Qeyd edib ki, ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi məşğulluq strategiyası bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ardıcıllıqla davam etdirilir. Muxtar respublikamızda da əmək bazarının təkmilləşdirilməsi, iqtisadi fəallığın yüksəldilməsi üçün müvafiq tədbirlər həyata keçirilir, insan amilinə qayğı prioritet vəzifəyə çevrilir. Bu, əhalinin bütün təbəqələrinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdə özünü bir daha göstərir.
İşaxtaran vətəndaş Oruc Abdullayev yarmarkanın təşkilində əməyi olanlara minnətdarlıq edərək bildirib ki, vətəndaşların müvafiq işlə təmin olunmasında əmək yarmarkalarının əhəmiyyəti böyükdür. Hər bir işaxtaran burada öz ixtisasına və bacarığına uyğun iş tapa bilər. Təqdirəlayiq haldır ki, iş yerləri haqqında müfəssəl məlumatları aidiyyəti qurumların burada təmsil olunan nümayəndələrindən almaq mümkündür.
Sonra tədbir iştirakçıları idarə, müəssisə və təşkilatlar tərəfindən əmək yarmarkasına çıxarılmış boş iş yerləri ilə tanış olublar. 6 təşkilatdan 69 boş iş yerinin çıxarıldığı tədbirdə 11 nəfərə göndəriş verilib.
Xəbərlər şöbəsi