22 Dekabr 2024, Bazar

Muxtar respublikamızda bu istiqamətdə əsaslı addımlar atılır, məqsədyönlü işlər görülür

Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş sosial siyasət bu gün özünün müsbət nəticələrini verməkdədir. Təsadüfi deyil ki, bu gün sosial siyasətin Azərbaycan modeli beynəlxalq aləmdə maraqla öyrənilir. Ölkəmizdə, o cümlədən muxtar respublikada sosial siyasətə mühüm önəm verilməsi dövlət büdcəsinin xərclərində də özünü qabarıq büruzə verir. 2015-ci ildə sözügedən ali maliyyə sənədinin strateji hədəfləri sırasında özəl sektorun inkişafı, iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsi, ixrac qabiliyyətinin artırılması, bölgələrin davamlı və tarazlı inkişafının təmin edilməsi ilə yanaşı, sosialyönümlü siyasətin prioritetliyinin qorunub saxlanılması da əsas yer tutur. Son illər muxtar respublikamızda əhalinin etibarlı sosial müdafiəsinin, habelə insanların yüksək rifah halının təmini istiqamətində həyata keçirilən ardıcıl tədbirlər ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi milli inkişaf modelinin sosialyönümlü səciyyəsindən irəli gəlir.

Muxtar respublikada davamlı olaraq həyata keçirilən məşğulluq tədbirləri əhalinin səmərəli məşğulluğunun təmin olunmasına, insanların sosial rifahının daha da yaxşılaşmasına geniş imkanlar yaradır.

Məşğulluq sahəsində son 20 il ərzində muxtar respublikada kompleks tədbirlər həyata keçirilib, yeni müəssisələr yaradılıb, səmərəli məşğulluq üçün mühüm layihələr reallaşdırılıb, özünüməşğulluğun intensivləşməsi dəstəklənib, yüksək əməkhaqqı tutumlu yeni iş yerlərinin açılması təşviq olunub ki, bu da, son nəticədə, əmək bazarında aktivliyi artırıb.
Muxtar respublika iqtisadiyyatında və sosial sahədə qazanılmış uğurların nəticəsi olaraq 1993-cü ildən 2003-cü ilin sonunadək olan dövrdə 21 min 851 yeni iş yeri yaradılıb ki, bunun da 11 min 377-si və ya 52,1 faizi daimi iş yerləridir. 1 yanvar 2004-cü ildən 1 yanvar 2014-cü il tarixədək isə muxtar respublika üzrə, ümumilikdə, 58 min 350 yeni iş yeri yaradılıb. Bu iş yerlərinin 41 min 891-i və ya 71,8 faizi daimi iş yeridir. 2015-ci ilin yanvar-iyun ayları ərzində muxtar respublikada 1830 yeni iş yeri yaradılıb ki, bunun da 1789-u və ya 97,8 faizi daimi iş yerləridir. Görülən işlərin nəticəsidir ki, 1 yanvar 2014-cü il tarixdən 1 avqust 2015-ci il tarixədək məşğulluq orqanları tərəfindən 4385 işaxtaran öz peşə və ixtisasına uyğun münasib işlə təmin olunub.­
Gənclərin və qadınların məşğulluğunun təmin olunması diqqət mərkəzində saxlanılıb, nəticədə, cari ilin 6 ayı ərzində işə düzələnlərin 536 nəfərini gənclər, 295 nəfərini qadınlar təşkil edib. Həmçinin işlə təmin olunanların 49 nəfəri məhdud fiziki imkanlı şəxs, 44 nəfəri hərbi xidmətdən yeni tərxis olunanlardır.
Əmək bazarının tələbinə müvafiq olaraq işaxtaranların peşə hazırlığının təşkili istiqamətində də tədbirlər həyata keçirilib. Qeyd olunan dövr ərzində Naxçıvan Regional Peşə Tədris Mərkəzində Qaz təsərrüfatının istismarı və təmiri üzrə nəzarətçi-çilingər, Elektrik mon­tyoru, Traktorçu-maşınçı, Fotoqraf, Bərbər, Qadın bərbəri, Dərzi, Kompüter istifadəçisi və Xalçaçı peşələri üzrə kurslar təşkil edilib və bu kurslara 195 nəfər, eyni zamanda sağlamlıq imkanları məhdud şəxslərin sosial reabilitasiyası məqsədilə bu kateqoriyadan olan 74 nəfər cəlb edilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 dekabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nda qarşıya qoyulan vəzifələrin uğurla icra olunması muxtar respublikada əmək ehtiyatlarından daha səmərəli istifadə edilməsinə geniş imkanlar açıb. Bu gün Naxçıvanda işsizliyin sıfır səviyyədə olması da belə deməyə əsas verir. Yeri gəlmişkən qeyd edim ki, bəzi inkişaf etmiş ölkələrdə işsizliyin səviyyəsi 25 faizdir, gənclər arasında isə bu rəqəm 50 faizə çatır.
Onu da deyək ki, əhalinin məşğulluğunun təmin edilməsində aktiv məşğulluq tədbiri olan əmək yarmarkalarının xüsusi yeri var. Ona görə də rübdə bir dəfə Naxçıvan şəhərində və muxtar respublikanın bütün rayon mərkəzlərində əmək yarmarkaları keçirilir. Bəhs olunan dövrdə də qrafik üzrə yarmarkaların keçirilməsi diqqətdə saxlanılıb, bu yarmarkalarda 1275 işaxtaran münasib işlərlə təmin edilib. Son illər müxtəlif nazirliklərdə də əmək yarmarkalarının keçirilməsinə başlanılıb.
Qeyri-məşğul əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması məqsədilə haqqıödənilən ictimai işlərin təşkilinə də ciddi önəm verilib. Bu dövrdə 480 nəfər haqqıödənilən ictimai işlərə cəlb edilib.
Bu istiqamətdə həyata keçirilən tədbirlər davam etdirilir. Belə ki, dünəndən başlayaraq növbəti əmək yarmarkalarına start verilib. İlk əmək yarmarkası Sədərək rayonunda təşkil olunub. Kəngərli rayonunda işaxtaranlar əmək yarmarkasına bu gün müraciət edə biləcəklər. Şahbuz rayonunda keçiriləcək əmək yarmarkası isə ondan bir gün sonra – avqustun 20-də təşkil ediləcək. Culfalı işaxtaran vətəndaşlar avqust ayının 21-də əmək yarmarkasında iştirak edəcəklər. Ordubadlılar isə bu tədbirə avqustun 25-də qatılacaqlar. Analoji tədbir Babək rayonunda avqustun 26-da, Şərur rayonunda isə avqustun 27-də baş tutacaq. Naxçıvan şəhərindəki işaxtaranlar isə vakant iş yerləri haqqındakı məlumatlarla avqustun 28-də “Gənclik” Mərkəzində təşkil olunacaq əmək yarmarkasında tanış ola biləcəklər.
Cəmiyyətdə stabil iqtisadi inkişaf tempinin əldə olunmasında əsas göstəricilər kimi məşğulluq və əhali gəlirləri artımının mühüm əhəmiyyəti vardır. Bu baxımdan 2015-ci ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı göstəricilərinə nəzər saldıqda görürük ki, sənaye, kənd təsərrüfatı, tikinti-quruculuq, xarici ticarət və digər mühüm sahələrin inkişaf etdirilməsi əhali gəlirlərinin də səviyyəsində özünü göstərmiş və bu sahədə artım dinamikası qorunub saxlanılmışdır. Belə ki, cari ilin yanvar-iyun ayları ərzində muxtar respublikada əhalinin gəlirləri bir il öncəyə nisbətdə 5,2 faiz artaraq 794 milyon 636 min manata, onun hər bir nəfərə düşən həcmi isə 4,1 faizlik artımla 1803 manata çatmışdır. Bu dövr ərzində orta aylıq əməkhaqqının məbləği 392,6 manat təşkil etmişdir ki, bu da 2014-cü ilin müvafiq dövründəki göstəricidən 2,6 faiz çoxdur.
Vahid bir orqanizmi xatırladan cəmiyyətin istənilən sahəsində çatışmazlıq olarsa, ümumi həyatın müsbət ritmi pozulur, yeni və gözlənilməz problemlər baş qaldırır. Sevindirici haldır ki, bu gün vaxtilə ciddi problem kimi gündəmdə olan bir sıra məsələlər artıq öz həllini tapıb. Məhz buna görədir ki, muxtar respublika cəmiyyətinin qabaqcıl insanları bugünkü fəaliyyətini artıq daha mütərəqqi ideyaların reallaşdırılması istiqamətində qurublar. Bu çərçivədə sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsinə, reabilitasiyasına, cəmiyyətə inteqrasiyasına, təhsilinə diqqət daha da artırılıb.
Cəmiyyətin həssas təbəqəsi hesab olunan bu uşaqların problemləri, onların gələcəyi yalnız dünyanın inkişaf etmiş qabaqcıl ölkələrində diqqət mərkəzində saxlanılır. Çünki bu səviyyəyə çatmaq üçün istər dövlətlər, istərsə də cəmiyyətlər çox mühüm inkişaf mərhələlərini keçməlidirlər. Muxtar respublikamız bu mərhələləri uğurla başa vurub. Bu gün Naxçıvanda fiziki imkanları məhdud uşaqların gələcək taleyi təkcə həmin uşaqların valideynlərini deyil, həm də dövlətimizi, cəmiyyətimizi düşündürür. Naxçıvan Muxtar Respublikası bir sıra məsələlərdə olduğu kimi, bu məsələdə də ölkəmizdə liderliyini qorumaqdadır.
Sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi, cəmiyyətə fəal inteqrasiyası istiqamətində bu gün muxtar respublikada kompleks tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı” bu kateqoriyadan olan uşaqların təhsil hüquqlarının müdafiəsində səmərəli mexanizmin formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il iyunun 20-də imzaladığı Sərəncamın uğurlu icrası nəticəsində ötən il oktyabrın 1-də Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində Distant Tədris Mərkəzinin istifadəyə verilməsi sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üçün əsaslı zəmin yaradıb. Distant Tədris Mərkəzi istifadəyə verildiyi gün məlum oldu ki, audiokitabxanada muxtar respublika üzrə 482 görmə qabiliyyəti məhdud şəxs qeydiyyatdan keçirilib. Müasir informasiya texnologiyalarından istifadə sahəsində biliklərini artırmaq məqsədilə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin məşğələlərinə sağlamlıq imkanları məhdud 80 uşaq cəlb edilib.
İsti yay günlərində sağlamlıq imkanları məhdud məktəbli uşaqların Ağbulaq İstirahət Mərkəzində istirahətləri də təmin edilir. Bu tədbirlərin davamı kimi sağlamlıq imkanları məhdud 50 məktəblinin valideynlərinin müşayiəti ilə Ağbulaq İstirahət Mərkəzində istirahətinin təşkili muxtar respublikada gələcəyimiz olan uşaqlara göstərilən dövlət qayğısının bariz təcəssümü, insan amilinə verilən əhəmiyyətin parlaq nümunəsidir.
Son illər muxtar respublikada iqtisadiyyatın dinamik inkişafı sosialyönümlü tədbirlərin uğurla davam etdirilməsi ilə yanaşı, ailələrin sosial rifahının yaxşılaşmasına xidmət edən çoxsaylı tədbirlərin həyata keçirilməsi ilə əlamətdardır. Bu, hər bir ailənin yaşayış səviyyəsinin yüksəldilməsinə, xüsusən aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir.
Aztəminatlı ailələrə xüsusi diqqət və qayğı göstərmək, onlara maddi və mənəvi dəstək olmaq dövlətin sosial siyasətinin mühüm tərkib hissəsidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən, aztəminatlı ailələrə baş çəkilməsi, onların zəruri ehtiyaclarının ödənilməsi muxtar respublika təcrübəsi kimi təqdirəlayiqdir. 2014-2015-ci illərdə bu qəbildən olan 200-dən artıq ailəyə dəstək göstərilib.
Görülən işləri təhlil etdikcə, əldə edilmiş nəticələrə nəzər yetirdikcə bir daha əmin oluruq ki, ulu öndər Heydər Əliyevin sosial siyasət strategiyasının uğurla həyata keçirildiyi muxtar respublikamız gələcəkdə daha böyük uğurlar əldə edəcəkdir.

 Rauf Əliyev

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR