Turizm sektorunun inkişafı dünyanın qabaqcıl ölkələrində ciddi önəm verilən məsələlərdən biridir. Bu sahənin inkişafı həm də iqtisadi yüksəlişin ən mühüm göstəricisidir. Ona görə də ölkəmizdə, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında turizmin bir çox növlərinin inkişafı üçün təbii imkanlardan istifadəyə ciddi önəm verilir. 2013-cü ilin iyul ayının 24-də Şahbuz rayonunun Ağbulaq kəndində Ağbulaq İstirahət Mərkəzinin istifadəyə verilməsi bunun bariz ifadəsidir.
Məlumat üçün bildirək ki, Ağbulaq kəndi ekoloji təmizliyi, flora və faunasının zənginliyi ilə seçilir. Ərazisi 3,5 hektar olan mərkəz 3 yaşayış korpusundan və 1 yeməkxana binasından ibarətdir. İkimərtəbəli və 56 yerlik korpuslarda, ümumilikdə, 38 otaq mövcuddur. Otaqlarda istirahət üçün hər cür şərait yaradılmış, havalandırma sistemləri quraşdırılmışdır. Yeməkxana binasında 80 nəfərlik yemək zalı, mətbəx, ilkin tibbi yardım və 6 iş otağı yaradılmışdır. Kompleksin ərazisinə 2 kilometr məsafədən içməli su xətti çəkilmiş, həyətdə futbol meydançası yaradılmış, uşaq əyləncə qurğuları quraşdırılmışdır.
Mərkəzin açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı” ölkəmizdə, eləcə də onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında uğurla həyata keçirilir. Dövlət proqramına uyğun olaraq, muxtar respublikada turizmin müxtəlif sahələrinin inkişafı təmin edilir, turizm infrastrukturu yenidən qurulur. Həyata keçirilən tədbirlər çərçivəsində kənd turizminin yaradılması da diqqət mərkəzində saxlanılır. Bu gün istifadəyə verilən Ağbulaq İstirahət Mərkəzi ölkəmizdə kənd turizminin tətbiqi sahəsində həyata keçirilən ilkin tədbirlərdəndir”.
Ağbulaq İstirahət Mərkəzinin yaradılması böyük əhəmiyyət daşıyır. Belə ki, hələ keçmiş Sovetlər Birliyi dövründə muxtar respublikamızın ucqar və füsunkar kənd yaşayış məntəqələrində məktəblilərin yay düşərgələri təşkil olunurdu. Düşərgələrdə dincələn məktəblilərin asudə vaxtlarının səmərəli təşkili, onların yurdsevərlik, kollektivçilik ruhunda tərbiyəsi diqqət mərkəzində saxlanılırdı. Burada məktəblilər müxtəlif idman yarışlarına, viktorinalara cəlb edilir, digər kütləvi yarışlar keçirilirdi. Bütün bunlar onların asudə vaxtlarının səmərəli təşkilini təmin edirdi.
Bir məsələni xüsusi vurğulamağa ehtiyac var ki, sovet dönəmindən fərqli olaraq Ağbulaq İstirahət Mərkəzində iş prinsipi daha geniş formada qurulmuşdur. Əgər o dövrdə belə ünvanlarda ancaq məktəblilər dincəlirdisə, indiki mərkəzdə qrup şəklində olaraq tələbələrin, məktəblilərin, sosial müdafiəyə ehtiyacı olan ailələrin övladlarının, fiziki imkanları məhdud uşaqların asudə vaxtlarının səmərəli keçirilməsinə şərait yaradılıb. Bu günlərdə həmin mərkəzdə olduq. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşı, qrup rəhbəri Pənah İsmayılov bildirdi ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı ilə gənclər və aztəminatlı ailələrin uşaqları “Yay məktəbi” çərçivəsində Ağbulaq İstirahət Mərkəzində yay tətili günlərini səmərəli keçirirlər. Bu yay tətili günlərində Naxçıvan və Şərur rayonlarının hər birindən, Babək və Şahbuz rayonlarından isə birlikdə 45 məktəbli, Naxçıvan Dövlət Universitetinin və “Naxçıvan” Universitetinin bir qrup tələbəsi “Yay məktəbi”ndə iştirak ediblər. Ümumilikdə, bu yay tətili günlərində 135-i tələbə, 225-i şagird, 35-i sağlamlıq imkanları məhdud uşaqlar olmaqla, 395 nəfərin Ağbulaq İstirahət Mərkəzində dincəlməsi nəzərdə tutulub. Qarşıdakı günlərdə Sədərək və Kəngərli rayonlarının 45 məktəblisi buraya gələcək.
Öyrəndik ki, burada Ordubad və Culfa rayonlarının tam orta məktəblərindən gəlmiş 45 məktəbli 5 müəllimin rəhbərliyi ilə dincəlir. Pənah müəllim bildirdi ki, tərtib olunmuş tədbirlər planına əsasən, şagirdlər arasında futbol yarışı, şeir və rəsm müsabiqələri, “Xəmsə” intellektual oyunları, poeziya gecəsi keçirilib. Məktəblilər Şahbuz şəhərindəki Tarix-Diyarşünaslıq Muzeyinə, Batabat yaylağına, rayonun gəzməli, görməli yerlərinə ekskursiyalara aparılıblar. Bu ünvanlarda onlara Şahbuz rayonunun yeraltı və yerüstü sərvətləri, təbii abidələri, tarixi barədə ətraflı məlumatlar verilib.
Fürsətdən istifadə edərək Ordubad rayonundan gəlmiş qrup rəhbəri Gündüz Babayevin fikirlərini öyrəndik. O bildirdi ki, son illər muxtar respublikada məktəblilərin hərtərəfli inkişafını təmin etmək məqsədilə bir sıra tədbirlər reallaşdırılıb. Bu tədbirlər onların dünyagörüşünün formalaşmasında, yurdumuzun hərtərəfli öyrənilməsində mühüm rol oynayır. Bu baxımdan Ağbulaq İstirahət Mərkəzinin fəaliyyəti yüksək dəyərləndirilməlidir. Mərkəzə gələnədək bu obyekt haqqında bir qədər məlumatımız var idi. Biz burda olduğumuz müddətdə bir daha yaradılmış şəraitlə yaxından tanış olduq. Burada hər şey tam ürəyimizcədir. Ağbulağın çox gözəl, təmiz havası ilə həmahəng olan füsunkar təbiətinin fonunda burada qurulan müasir infrastruktur valehedicidir. Xidmətin yüksək səviyyədə təşkil edilməsi və hər bir məsələyə diqqətlə yanaşılması istirahətimizin daha mənalı keçməsinə imkan verdi. Buna göstərilən yüksək xidməti də əlavə etsək, onda Ağbulaq İstirahət Mərkəzinin bura gələnlər üçün necə böyük əhəmiyyət daşıdığını görmək olar. Buna görə təşkilatçılara öz minnətdarlığımızı bildiririk.
Məktəblilərlə də görüşdük. Azadkənd tam orta məktəbinin şagirdi Aysu Məmmədova: – Beşgünlük istirahətin necə başa çatdığını hiss etmədim. Çünki burada rəngarəng tədbirlərdə iştirak etdim, özümə yeni dostlar qazandım. Arzu edirəm ki, mənim kimi bütün məktəblilər belə mərkəzlərdə öz vaxtlarını yaxşı keçirsinlər.
Vaxt çatıb. Geri qayıtmalıyıq. Müəllim və məktəblilərlə vidalaşırıq. Onların çöhrələrindəki təbəssümü sezmək çətin deyil. Bu təbəssümdə dövlətimizə onlar üçün yaradılmış şəraitə görə minnətdarlıq hisləri var. Bu da təbiidir. Çünki bu gün muxtar respublikamızda gəncliyin sağlam böyüməsi üçün həyata keçirilən tədbirlər günün reallığıdır.
Muxtar MƏMMƏDOV