İsti yay günlərində insanların istirahətə daha çox ehtiyacı olur. Buna görə də ilin bu fəslində ucqar kəndlərə, təbiətin qoynuna üz tutanların sayı çoxalır. Kimisi dağlar qoynundakı yaylaqlarda, kimisi yamyaşıl təbiət ərazilərində, kimisi də ölkə xaricinə üz tutmaqla dincəlməyi üstün tutur. Bütün bunlarla yanaşı, yay turizminin ən gözəl ünvanlarından biri də çimərliklərdir.
Çimərliklərin digər istirahət məkanlarından fərqi həm də ondadır ki, bu cür su mənbələri qızmar havalarda insanların daha çox üz tutduğu məkanlardan sayılır, eyni zamanda orqanizm Günəş şüalarından yetərincə yararlana bilir. Etiraf etmək lazımdır ki, muxtar respublikamızın zəngin turizm potensialı bu cür imkanlardan istifadəni zəruri və əlçatan edir. Doğrudur, əvvəllər muxtar respublika ərazisindəki müxtəlif su mənbələrindən, çaylardan yay fəslində kortəbii şəkildə çimərlik məqsədilə istifadə olunsa da, bu, kütləvi xarakter daşımayıb və təbii ki, belə məkanlar istirahət meyarlarına uyğun olmayıb. Çünki bu cür mənbələrdən istifadə etmək müxtəlif təhlükəsizlik qaydalarının pozulmasından tutmuş antisanitariya şəraitinə qədər bir çox xoşagəlməz “sürprizlərlə” dolu olub. Çimərlik istirahətinin “ləzzətini” həyatları bahasına qazananlar da az olmayıb. Eyni zamanda hər kəs bundan yararlana da bilməyib. Ancaq ötən il Uzunoba Su Anbarında yaradılmış Naxçıvan şəhər çimərliyi yerli sakinlərin, eləcə də bura yolu düşən qonaqların sevimli məkanına çevrilib. Elə biz də yayın bu qızmar, isti günlərindən birində yolumuzu bu məkandan saldıq.
...Redaksiyadan çıxanda iş gününün sonuna az qalsa da, hava çox isti və bürkülü idi. Çimərliyə gedənlərin, adətən, günün bu vaxtını seçdiyini bildiyimizdən özümüz də bu istirahətdən yararlanmaq qərarına gəlmişdik. Çünki yorğun iş günündən sonra gün ərzində Günəş şüalarından kifayət qədər isinmiş suda dincəlməyin, necə deyərlər, öz yeri var. Fikrimizdə yanılmamışdıq. Çimərliyə çatdıqdan sonra qısa vaxt ərzində bura gələnlərin sayının getdikcə artdığını bir daha müşahidə etdik.
Naxçıvan şəhər çimərliyi ötən il istifadəyə verilib. Çimərliyin ümumi sahəsi 14 min 850 kvadratmetrdir. Burada həm böyüklər, həm də uşaqlar üçün çimərlik sahələri nəzərdə tutulub. Uşaqlar üçün çimərliyin uzunluğu 30 metr, eni 15 metr, dərinliyi isə 70 santimetrdən 120 santimetrədəkdir. Böyüklər üçün zolağın uzunluğu isə 255 metr, eni 20 metrdir. Dərinlik 2-4 metr arasında dəyişir. Suyun üzərində çimərlik sərhədinin qurtardığını bildirən qadağanedici nişanlar qoyulub. Bundan əlavə, çimərliyə gələnlər üçün burada hərtərəfli şərait yaradılıb. Sahilboyu günlüklər, çarpayılar qoyulub, paltardəyişmə yerləri, duş kabinələri fəaliyyət göstərir. Çimərlik istirahət zonasında su və digər idman növləri üzrə məşğul olmaq istəyənlər də yaddan çıxarılmayıb. Su velosipedləri və motosikletləri, futbol və voleybol meydançaları idmansevərlərin asudə vaxtının səmərəli təşkili üçün nəzərdə tutulub. Burada ictimai iaşə xidməti də yaxşı təşkil olunub. Çimərliyə xidmət edən inzibati binada hərtərəfli şərait yaradılıb. Xidmətin səlahiyyətli nümayəndəsi Emin Səfərov bildirdi ki, binada iş otağı, kafe, mətbəx, anbar və mağaza yerləşir. Burada müştərilərə, əsasən, yerli istehsal olan müxtəlif sərinləşdirici içkilər, dondurmalar, çay və kofe təqdim olunur. Eyni zamanda müxtəlif çeşidlərdə hazırlanmış balıq yeməkləri və kabablar da təklif edilir. Müsahibimiz onu da qeyd etdi ki, yaradılmış şərait, göstərilən xidmət insanların bura daha çox axışmasına səbəb olur. Ötən illə müqayisədə müştərilərimizin sayı daha da artıb. Şənbə və bazar günləri çimərliyə daha çox insan gəlir.
Burada olduğumuz müddətdə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin xidmət başında olan əməkdaşları ilə də söhbət etmək imkanımız olur. Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasedici qrupunun rəhbəri, baş leytenant Rüfət Məmmədov bildirdi ki, qrupda 6 nəfər xidmət aparır. Eyni zamanda sahildəki nəzarət qülləsindən daim ətrafa nəzarət olunur, hər hansı qayda pozuntusu qeydə alınarsa, səsgücləndirici qurğu vasitəsilə xəbərdarlıq edilir. Qrup əməkdaşlarının hamısı lazımi geyim və rabitə cihazları ilə təmin olunub. Çimərlik yaradılmamışdan əvvəl burada tez-tez suda boğulanlar olurdu. Təcrübəsizlik, suda dərinliyin müxtəlif yerlərdə fərqli olması, eyni zamanda nəzarətin olmaması xoşagəlməz halların baş verməsinə səbəb olurdu. Ancaq indi vəziyyət tamamilə əksinədir. Əsas vəzifələrimizdən biri də çimərlik üçün qadağan olunmuş digər sahillərə nəzarət etməkdir ki, həmin yerlərdən istifadə olunmasın. Xilasedici qrupun rəhbəri istirahətə gələnlərin təhlükəsizliyinin təmin olunmasını özlərinin əsl peşə borcu olduğunu söyləməklə yanaşı, vətəndaşlarla daim maarifləndirici söhbətlər aparıldığını da vurğuladı.
Fürsətdən istifadə edib istirahətə gələnlərlə də söhbət edirik. Arzuman Qocayev Babək rayonundandır. Lənkəran şəhərində ali təhsil alır. Tətil günlərini Naxçıvanda keçirir: “Artıq ikinci dəfədir ki, buradakı çimərliyə gəlirəm. Keçən il də dostlarımızla bura gəlmişdik. Buradakı şəraitdən çox razıyıq. İstirahət üçün hər şey nəzərə alınıb. Su idmanı mənim ən çox sevdiyim idman növüdür. Buna görə də bura gələrkən bəzən 3-4 saatımız bu idman növləri ilə məşğul olmağa sərf olunur. Su da çox təmizdir. Ən əsası isə təhlükəsizlik qaydalarına cox ciddi nəzarət olunur”.
Elnur Ağayev isə övladları ilə birlikdə bura gəldiyini deyir: “Böyük oğlum yeddinci, balacası isə dördüncü sinifdə oxuyur. Bir müddətdir ki, hər ikisini çimərliyə aparacağıma söz vermişdim. Ancaq vaxtım olmadığından verdiyim sözü bu gün gerçəkləşdirə bilmişəm. Hər ikisi üzgüçülüklə məşgul olduğuna görə üzməyi çox sevir. Buna görə də çimərlik onların sevdikləri istirahət məkanları sırasında ən başda gəlir. Əslində, mən özüm də onlarla birgə istirahət edirəm. Minnətdaram ki, bizim üçün belə bir şərait yaradılıb”.
Əli adlı həmsöhbətimiz isə İran İslam Respublikasından gəlib. Naxçıvana üçüncü dəfədir, gəldiyini söyləyir: “Bu, Naxçıvana üçüncü gəlişimdir. Sonuncu dəfə iki il bundan əvvəl gəlmişdim. Bu dəfə isə ailəmizlə gəlmişik. İndi baxıram ki, Naxçıvan iki ildə çox dəyişib. Yeni binalar tikilib, rahat yollar salınıb. Naxçıvanda çimərliyin olmasını bilmirdim. Bunu yerli taksi sürücülərinin birindən öyrəndim. Elə bizi də o gətirdi bura. Xoşumuza gəldi. Sürücü ilə də danışmışıq ki, bizi axşamayaxın gəlib götürsün. Sağ olsunlar, yaxşı şərait yaradıblar”.
Çimərlikdə olduğumuz müddətdə bir çox insanlarla görüşüb söhbət etdik. Hamısı da yaradılmış şəraitdən razılıqla danışdılar. Söhbətləşdiyimiz insanların minnətdarlıqla dilə gətirdikləri üç əsas amil isə buradakı səliqə-sahman, təhlükəsiz istirahət və ümumi xidmətin yaxşı təşkil olunması haqqında oldu. İstənilən bölgədə turizm məhz bu amillər üzərində inkişaf edir. Naxçıvan şəhər çimərliyi yaradılmış şəraiti və təqdim etdiyi xidmətləri ilə bu isti yay günlərində bura yolu düşənlərin qəlbinə, sözün əsl mənasında, sərinlik səpməyi bacarıb.
Səbuhi Həsənov