22 Dekabr 2024, Bazar

Muxtar respublikada son dövrlər ərzində iqtisadi və sosial sahələrdə aparılmış məqsədyönlü tədbirlər ümumi inkişafa təkan vermiş, yeni istehsal və xidmət sahələri yaradılmış, səmərəli məşğulluq təmin edilmişdir.
Əhalinin həyat və məişət şəraitinin yaxşılaşması, cəmiyyətin əsas özəyi kimi ailənin dövlətin xüsusi himayəsində olması demoqrafik proseslərə müsbət təsir göstərmiş, əhali artımının dinamikliyi təmin edilmişdir.
Muxtar respublikada 1 iyul 2015-ci il tarixə əhalinin sayı bir il öncəyə nisbətdə 4 min 193 nəfər artaraq 441 min 731 nəfər təşkil etmişdir. Hazırda muxtar respublika əhalisinin 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Əhalinin 29,1 faizi şəhər, 70,9 faizi isə kənd yerlərində yaşayır. Muxtar respublikada bir kvadratkilometrə düşən əhalinin sayı 80 nəfər olmuşdur ki, bu da 1 yanvar 1996-cı illə müqayisədə 19 nəfər çoxdur.

1995-ci ilin sonu ilə müqayisədə əhalinin sayı 103,9 min nəfər artmışdır. Son 20 il ərzində muxtar respublikada 61 min 45 nikah bağlanmış, 149,9 min nəfər uşaq doğulmuşdur.
Əhali sağlamlığının və rifahının davamlı yüksəlişi, tibbi xidmətlərin keyfiyyətinin və əhatəliliyinin artırılması ölüm, o cümlədən 1 yaşa qədər ölən uşaqların sayı göstəricisini aşağı salmışdır. Əgər 1995-ci ildə ölüm göstəricisi əhalinin hər min nəfəri hesabı ilə 6 nəfər olmuşdursa, hazırda bu göstərici 4,5 nəfər təşkil edir. Hər min nəfər doğulana hesabı ilə 1 yaşa qədər ölən uşaqların sayı 1995-ci ildə 20,6 nəfər qeydə alındığı halda, 1 iyul 2015-ci il tarixə bu göstərici 1,3 nəfər təşkil etmişdir.
Doğumun dinamik artımı muxtar respublika əhalisinin sayında gənclərin ümumi sayının artmasına müsbət şərait yaratmışdır. Əgər 1995-ci ildə gənclərin sayı ümumi əhalinin 22 faizini təşkil edirdisə, 1 iyul 2015-ci il tarixə bu göstərici 30,8 faizə çatmışdır. 1995-ci illə müqayisədə gənclərin sayı 61,7 min nəfər artaraq 136 min nəfəri ötmüşdür.
Reallaşdırılan səmərəli demoqrafik və sosial-iqtisadi siyasətin uğurlu nəticəsidir ki, 2014-cü ildə doğulan körpələrdə gözlənilən ömür uzunluğu 1995-ci ildəki müvafiq göstəricidən 7 yaş artaraq 76 yaşa çatmışdır.
Muxtar respublikada əhalinin, xüsusilə ana və uşaqların, əmək qabiliyyətli yaşda olanların ölüm səviyyəsinin ardıcıl surətdə azaldılması yolu ilə cinslər və yaşlar üzrə ömür müddətinin uzadılmasına, əhalinin bütün qrupları üçün sağlam həyat tərzinin təmin edilməsinə, ana və uşaqların sosial müdafiәsinin gücləndirilməsinə nail olunmuşdur.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR